Konqres ilk dəfə olaraq Obamanın vetosunu blokladı
Tarix: 29-09-2016, 08:42 |
Çap et
ABŞ Konqresi Barack Obamanın prezidentliyi dövründə ilk dəfə olaraq onun vetosunu ləğv edib.
Obama 11 sentyabr qurbanları ailələrinin Səudiyyə Ərəbistanını məhkəməyə verməsinə imkan yaradan qanun layihəsinə veto qoymuşdu.
Administrasiya hesab edir ki, belə bir qanunun qəbul edilməsi Vaşinqtonla onun Yaxın Şərqdəki ən böyük müttəfiqlərindən biri arasında münasibətləri poza bilər.
Buna baxmayaraq Senat 97-1, Nümayəndələr Palatası isə 348-77 səs nisbəti ilə prezidentin vetosunu bloklayıb. Bu o deməkdir ki, qanun layihəsi avtomatik olaraq qanun qüvvəsinə minib.
Prezident Obama CNN telekanalına bildirib ki, konqresmenlər “böyük səhvə” yol veriblər.
Prezident deyib ki, qanunun qəbul edilməsi xaricdəki ABŞ şirkətlərini, hərbçi və rəsmilərini hüquqi baxımdan müdafiəsiz qoya bilər.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru John Brennan da bildirib ki, bu səsvermənin milli təhlükəsizlik üçün “xoşagəlməz nəticələri” ola bilər.
Beləliklə Obama administrasiyasının lobbiçilik müqavimətinə baxmayaraq Terror Sponsorlaruna Qarşı Ədalət adlı qanun Nümayəndələr Palatasında və Senatda böyük səs çoxluğu ilə qəbul edilib.
Qanun 11 senyabr qurbanlarının ailə və yaxınlarına istənilən Səudiyyə rəsmisini məhkəməyə vermək imkanı yaradır.
Cənab Obama isə bu qənaətdədir ki, belə məhkəmə iddiaları ABŞ hərbçilərinə qarşı Əfqanıstan və İraq kimi yerlərdə əks-iddialarla nəticələnə bilər.
Lakin qanun təşəbbüsçüləri deyirlər ki, bu sənəddə söhbət yalnız ABŞ vətəndaşlarına qarşı ABŞ torpağında terror aktları törədənlərdən gedir.