Əsas Səhifə > Ölkə, Manşet > Ziyad Səmədzadə necə Baş nazir olmaq istəyirmiş?
Ziyad Səmədzadə necə Baş nazir olmaq istəyirmiş?26-01-2016, 11:20 |
Tanınmış iqtisadçı-alm Şahbaz Muradov 50 illik dostu Ziyad Səmədzadənin hansı əməllərindən akademik Ramiz Mehdiyevə niyə şikayət etdi? Cəlilabadın keçmiş birinci katibi, mərhum Əbdüləli Mürsəlovun mərhum oğlu Mürsəl Mürsəlovla bağlı şok faktlar üzə çıxır… 2-CI YAZI (Əvvəli ötən sayımızda) …Ötən sayımızda bir vaxtlar Maliyyə Nazirliyi sistemində məsul sahədə çalışan, YAP üzvü K.Mirzəyevin redaksiyamıza göndərdiyi və Prezident İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, Baş nazir Artur Rasizadəyə, Baş Prokuror Zakir Qaralova ünvanlı müraciətini təqdim etmişdik. Qeyd etmişdik ki, həmin müraciətə əlavə olunmuş sənədlər sırasında millət vəkili, akademik Ziyad Səmədzadə ilə bağlı olduqca ciddi faktlar və məqamlar yer alır. Oxucumuz, həmçinin müraciətinə uzun illər MEA-nın İqtisadiyyat İnstitutunun direktoru olmuş Şahbaz Muradovun vaxtilə Ziyad Səmədzadəyə şəxsən ünvanlı «Açıq məktub»unu, həmçinin onun Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə Ziyad Səmədzadə ilə bağlı yazdığı müraciətini («Azadlıq» qəzetində təxminən 8-10 il əvvəl müəyyən hissələri dərc olunub) əlavə edib…Müəllif yazır: «Hörmətli «Təzadlar»! Sizə təqdim etdiyim sənədləri diqqətlə izləsəniz çox mətləblərdən ağah olacaq, Azərbaycanın indiki çətin durumda özünü bir nömrəli iqtisadçı-nəzəriyyəçi hesab edən akademik Ziyad Səmədzadənin səsini çıxmamağının qismən də olsa səbəbini biləcəksiniz… Bunun isə əsil səbəbini bəlkə də çoxları bilmir. «Ziyad Səmədzadə həmin vaxtlar ürəyindən Baş nazir olmaq, Artur Rasizadəni əvəz etmək keçirdi» Məsələ ondadır ki, 2003-cü ildə görkəmli dövlət xadimi, Prezident Heydər Əliyev dünyasını dəyişəndən sonra yeni prezident seçkiləri oldu. Prezident İlham Əliyevin andiçmə mərasimindən sonra Nazirlər Kabineti Konstitusiyamıza görə tam tərkibdə istefa verdi. Ziyad Səmədzadə həmin vaxtlar Baş nazir olmaq, Artur Rasizadəni əvəz etmək arzusunda idi. Mən bunu öz çevrəmizdən məlumatlıyam. Lakin onun bu arzusu baş tutmadı. Ziyad Səmədzadə bundan sonra arzusunu 2005-ci ilə saxladı, bu da baş tutmadı… Ona görə də onun Azərbaycanın iqtisadi vəziyyətinə dair bir dənə də olsun iqtisadi proqnozunun olmaması düşündürücüdür… Sual olunur: niyə gənc iqtisadçı ekspertlər az qala hər gün vəziyyətdən çıxış yolu barədə təkliflər verirlər, proqnozlar söyləyirlər, amma Azərbaycanın bir nömrəli iqtisadçı alimi sayılan Ziyad Səmədzadədən samballı təkliflər paketi ortaya qoyulmur? Bəlkə nəsə belə bir təklifi olub, amma olubsa hanı nəticə? Ola biləsin özünün qalın-qalın kitablarını fakt kimi göstərsin. Amma şəxsən bir maliyyəçi kimi mənim həmin kitabların birini də hövsələm çatmayıb ki, onca vərəqini belə oxuyum. Çünki həmin kitablar statistik rəqəmlərin Sovet iqtisadi nəzəriyyəsi fonunda təhlilidir. Bunu adi bir tələbə də edə bilər. Amma hökumətdə böyük söz sahibi edilmiş, ürəyindən Baş Nazir olmaq keçən bir akademik-alim konkret səmərə verən təkliflər paketini hökumətə təqdim etməlidir. Dünya iqtisadi böhrandan danışır, çıxış yolu axtarır, bizim akademik isə intriqalarla məşğuldur… Bildiyimə görə bir müddət əvvəl Azərbaycan Dövlət İqtisad Universitetində bir mötəbər tədbirdə Ziyad Səmədzadənin Azərbaycanın bir nömrəli iqtisadçı alimi olduğunu elan etdilər. Özü də səhv etmirəmsə, rektor Ədalət Muradovun dilindən. Siz onu da biləsiniz ki, Ədalət Muradov vaxtilə Milli Bankın sədri Elman Rüstəmovla, Rabitə Nazirliyinin həbsdə olan aparat rəhbəri Vidadi Zeynalovla, həmçinin digərləri ilə təxminən 90-cı illərin sonlarında böyük maliyyə dağıntılarında iştirakçı olublar. Bu barədə sizə rəsmi maliyyə sənədlərini təqdim edə bilərəm… Biləsiniz ki, Vidadi Zeynalov 1995-ci ildə Bakı şəhər Maliyyə İdarəsinin xalq təsərrüfatının maliyyələşdirilməsi şöbəsinin rəisi vəzifəsində çalışırdı və büdcə vəsaitləri bu şöbədən maliyyələşmə adı ilə silinirdi… Sonradan isə 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati – təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Onun qardaşı Vahid Zeynalov MTN-in Tədris Mərkəzinin rəisi vəzifəsində çalışır və Ziyad Səmədzadənin kürəkəni Əziz Əzizovun Dövlət İqtisad Universitetinin MTN-nin kurasiyası ilə bu təhsil ocağına nəzarəti həyata keçirmək üçün ümumi işlər üzrə prorektor təyinatında böyük rolu olub. Onu da deyim ki, Cəlilabadın keçmiş birinci katibi Əbdüləli Mürsəlov Xırdalanda yaşayırdı və evi indi də buradadır. O, şəhərdə akademik Əziz Mirəhmədovla, nazir Zakir Bağırovla, Nəbi Xəzri ilə qonşu idi. Əbdüləli müəllimin həyat yoldaşı Raziyə xanım Nəbi Xəzri ilə xalaqızı-xalaoğlu idi... Məndə «91-lər»dən olan bir tanınmış YAP-çının dəqiq xatirə-yazısı var ki, Ulu Öndər Heydər Əliyev Əbdüləli Mürsəlovun xətrini çox istəyirdi. Hətta bir dəfə Əbdüləli müəllimdən soruşur ki, oğlun necədir? Deyir ki, dünyasını dəyişib. Onda H.Əliyev çox təsirlənib… Bu ölümün isə başqa tarixi, ibrətamiz səbəbi var… Yəqin akademik Ziyad Səmədzadə bunu yaxşı xatırlayır. Çünki Əbdüləli Mürsəlovun oğlu Mürsəl Mürsəlov Ziyad Səmədzadənin aspirantı idi… Onu da deyim ki, 1991-ci ildə Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etmək istəyəndə …. Və digərləri parlament sədrinin müavini kimi Ziyad Səmədzadəyə deyirlər ki, hökumət telefonunu götür, danış, sonrasını özümüz bilirik neyləyərik… Ziyad Səmədzadə yalandan deyib ki, zəng edirəm, telefonu götürmür... Sonradan məlum oldu ki, düz demirmiş… Ziyad Səmədzadəni “Trasta Komercbanka”nın Azərbaycan nümayəndəliyinin rəhbərinin qanunsuz əməllərini müdafiə etməyə nə sövq etmişdi???-Şok sirlər …Ola bilsin bir çoxlarımız 2014-cü ilin 16 may tarixində Azərbaycanda fəaliyyət göstərən Latviya şirkətində görünməmiş korrupsiya faktlarının aşkar edilməsi barədə rəsmi məlumatından xəbərsizik... Baş Prokurorluğun mətbuat xidmətindən həmin dövrdə "Təzadlar"a verilən rəsmi məlumatda bildirilirdi ki, "Latviya Respublikasında qeydiyyatdan keçən “Trasta Komercbanka” Səhmdar Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbərinin qanunsuzluqlara yol verməsi barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalarla nümayəndəliyin rəhbəri Bəyəli Mürsəlovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhər sakininin həmin bankda hesabında olan 600 min avro məbləğində pulunu istixana üçün avadanlıq alınması adı ilə xaricdə fəaliyyət göstərən şirkətlərin bank hesablarına köçürməklə sonradan özgəyə məxsus külli miqdarda əmlakı ələ keçirib dələduzluq etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb...". Ziyad Səmədzadə köməyə gəlir... Məktub müəllifinin təqdim etdiyi sənədlər və rəsmi məlumatlardan bəlli olur ki, elə bir çoxlarımız da həmin cinayət işinin nə ilə bitdiyindən də məlumatsızıq... Amma artıq bir sıra qaranlıq məqamlara aydınlıq gətirilməkdədir. Məlum olur ki, yuxarıda adı dələduzluqda çəkilən Bəyəli Mürsəlovu həmin cinayətə görə həbsdən xilas edən məhz Millət vəkili, akademik Ziyad Səmədzadə olmuşdur. Məktub-müraciətdən hələlik qısa məlumatlar: "Hörmətli "Təzadlar"! Bugünkü saytınızda Milli Məclisin deputatı Ziyad Səmədzadə barədə yazdığınız yazını Azərbaycan MEA-da oxuduq. İlk oncə qeyd edim ki, çox doğru məqamlara toxunmusunuz. Maraqlı olacağını düşünüb bəzi məlumatları diqqətinizə çatdırmaq istərdik. Siz sonda qeyd etmisiniz ki, Mürsəlov Mürsəli intihara kim sövq edib? Bu barədə həmin illərdə Azərbaycan Prokurorluğunda başlanmış cinayət işinin materiallarını sizə göndəririk... Siz biləsiniz ki, mərhum Mürsəl Mürsəlovun həyat yoldaşı olmuş Qəribova Firuzə Hacıbaba qızı hal-hazırda Ziyad Səmədzadənin baş köməkçisidir.... Və Firuzə xanımın oğlu Mürsəlov Bəyəli Mürsəl oğlu (Cəlilabadın keçmiş 1-ci katibi Əbdüləli Mürsəlovun nakam dünyasını dəyişmiş oğlu Mürsəl Mürsəlovun oğlu) Ziyad müəllimin havadarlıq elədiyi adamlardan biridir. Daha doğrusu, dələduzluq əməli törətmiş şəxslərdən biri olub... Bəyəli Mürsəlovun iş adamlarını aldatmasından tutmuş, qara pulların yuyulmasına qədər barəsində dəfələrlə yazılan yazılara mətbuatda rast gəlməmiş olmazsınız. Bu yazıya əlavə etdiyim faylda Bəyəli Mürsəlovun iş adamını necə aldatdığını görəcəksiz. Bu cəmi bir faktdır. Bu kimi onlarla fakt var. Bu insan Latviyanın "TKB LİZİNGS" şirkətinin Azərbaycandakı nümayəndəliyinin direktoru olub. Qeyd edim ki, onu işə də Ziyad Səmədzadə düzəldibdir... Ziyad müəllim bildiyiniz kimi Azərbaycan-Latviya parlamentlərarası qrupun rəhbəridir. Öz əlaqələrindən istifadə edərək Bəyəli Mürsəlovu ora işə düzəldən Ziyad Səmədzadə daha sonra işlədiyi dövrdə ona havadarlıq etmiş və dələduzluqlarını ört-basdır edərək Bəyəlinin insanları tələyə salaraq milyonlarla pulunu mənimsəməsinə dolayısı ilə şərait yaratmışdır.... Əlavə etdiyim fayldakı faktda da Zİyad Səmədzadə açılmış cinayət işində Bəyəli Mürsəlovun cinayətini öz əlaqələrindən istifadə edərək ört-basdır etmiş və onun həbs olumasının qarşısını almışdır. Belə faktlar dəfələrlə baş vermişdir və hər dəfə Ziyad Səmədzadə Firuzə xanımın təkidiylə Bəyəlini qorumuş, onun yaxasını cinayətdən qurtarmışdır. Bəyəli Mürsəlov daha sonra «TKB Lizinqs» şirkətinin rəhbərliyi tərəfindən korrupsiya faktlarına və saysız hesabsız şikayətlərə görə işdən qovulmuşdur. Lakin qeyd etdiyim kimi Ziyad muəllimin köməkliyi ilə həbsdən canını qurtarmışdır... Eyni zamanda nəzərinizə çatdırım ki, Bəyəli Mürsəlov "TKB Lizings"dən öncə islədiyi yerdə də dələduzluğa görə işdən qovulmuş və yenə də Ziyad Səmədzadə onun işini korrupsiya ilə mübarizə idarəsindən yayındırmışdır... Bu sənədləri də sizə göndərirəm...». Tanınmış iqtisadçı-alm Şahbaz Muradov 50 illik dostu Ziyad Səmədzadənin hansı əməllərindən akademik Ramiz Mehdiyevə şikayət etdi? Beləliklə, “Təzadlar”a təqdim olunmuş sənədlər içərisində akademik Ziyad Səmədzadənin çoxillik ictimai-siyasi fəaliyyətini əhatələyən sənədlər də var. Onlardan ikisi tanınmış iqtisadçı alim, uzun illər AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru olmuş Şahbaz Muradova məxsusdur. Ötən sayımızda qeyd etdiyimiz kimi, onun Z.Səmədzadə barədə olduqca sərt açıqlamaları var və bunların az bir hissəsi KİV-lərin birində dərc olunub. Lakin dəhşət saçan açıqlamalar «Təzadlar»a təqdim olunub… Tanınmış iqtisadçı alim Ş.Muradovun Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə 50 illik dostu Ziyad Səmədzadənin əməllərindən yazdığı müraciətindən məlum olur ki, Ş.Muradov 1999-cu ildən Azərbaycan MEA-nın İqtisadiyyat İnstitutuna rəhbərlik etmişdir, amma… AMEA-nın müxbir üzvü, professor Ş.Muradovun akademik Ramiz Mehdiyevə müraciətində uzun illər direktoru olduğu institutdan işdən çıxarılmasının səbəblərindən yazır: «...Hörmətli Ramiz müəllim, mənim institutun direktoru vəzifəsindən işdən çıxmağımın səbəb buradakı fəaliyyətimlə bağlı deyil, başqa səbəblərlə bağlıdır. Bunun əsil təşkilatçısı və başçısı uzun illər boyu özümə dost və qardaş bildiyim, ailəvi dostluq etdiyim, 1956-cı ildən tanıdığım, 5 il ali məktəbdə bir qrupda təhsil aldığım, nə az, nə çox, düz 24 il birlikdə çalışdığım, hər şeyə öz şəxsi mənafeyindən yanaşan tələbə dostum Ziyad Səmədzadədir…». Müraciətdən məlum olur ki, Ziyad Səmədzadə 1993-cü ildə əvvəlki vəzifələrini itirdikdən sonra Prezident H.Əliyevin 18 yanvar 1994-cü il tarixli sərəncamı ilə Avropa Birliyi Texniki Yardım Proqramlarının (TASİS) hazırlanması və realizə edilməsi üzrə Azərbaycan Respublikasının koordinatoru vəzifəsindən də azad edilir. Sonra AMEA-nın İqtisadiyyat İnstitutunun keçmiş direktoru A.Ələsgərovun 28 yanvar 1993-cü il tarixli əmri ilə əvvəlcə Ş.Muradovun şöbəsində yarımştat əvəzçiliklə işə götürülür, 20 aprel 1994-cü ildən tam ştatla işə qəbul olunur. Ən maraqlısı, 1996-2000-ci illərdə «Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin edilməsi» problemlərinin tədqiqi ilə məşğul olmaq qərarına gələn Ziyad Səmədzadə hətta bu tədqiqat işini o vaxt dövlət əhəmiyyətli olması nəzərə alınaraq Dövlət Planına salınmışdır. Amma hələ də məlum olmayan səbəblərdən Ziyad Səmədzadə ötən illər ərzində də bu elmi tədqiqat işinin nəticəsi barədə instituta heç bir nəticəvi iş təqdim etməmişdir. Hətta institutun rəhbərliyi dəfələrlə Dövlət Planına salınmış bu mühüm tədqiqat işinin nəticəsinini təhvil verməyi ondan təldəb etsə də, Z.Səmədzadə bəhanələrlə bundan boyun qaçırmışdır. Neçə gün əvvəl redaksiyamıza məztub yazmış iqtisadçı alim P.Ramazanov ürək ağrısı ilə yazır ki, «…Bu gün Azərbaycanın iqtisadi problemlərinin həllində yeri görünməyən, lakin bütün çıxışlarda, rəsmi dairələrdə… ölkənin bir nömrəli iqtisadçı alimi kimi təqdim edilən Ziyad Səmədzadənin elmi tədqiqat fəaliyyəti şübhə doğurmurmu? Hamı bu çətin, problemli günlərdə ondan hökumətə çətin iqtisadi durumdan xilas olmağımızın konkret yolunu göstərəcək konsepsiyasını təqdim etməsini gözləyirdi. Amma gənc iqtisadçılardan səs çıxdı, görkəmli iqtisadçı alimimiz isə susdu. Niyə? Bildiyimə görə, Ziyad səmədzadə bir vaxtlar Baş nazir olmaq istəyirdi. Görünür, bu arzusu baş tutmadığı üçün o, hökumətin işlək mexanizminin olmamasında, Nazirlər Kabinetinin işinin axsamasında daha çox maraqlıdır. Başqa cür düşünməyə də yer qalmır…». Ziyad Səmədzadənin işdən qovulmasını direktordan kimlər tələb edirmiş? Professor Ş.Muradovun akademik Ramiz Mehdiyevə müraciətindən o da məlum olur ki, sən demə, Z.Səmədzadə Dövlət Planına salınmış tədqiqat işinin nəticələrini (buna görə külli miqdarda pul da ayırılıb xərclənib) təqdim etmədiyini görəndə yuxarı dairələrdən institutun direktoru Ş.Muradovdan xahiş ediblər ki, Ziyad səmədzadıni işdən qovsun. Lakin Ş.Muradov tələbəlik illərinin dostu olan Z.Səmədzadəni işdən saxlamalı olmuşdur: «…Lakin bütün bunlara baxmayaraq Z.Səmədzadə indiyədək də fəaliyyəti bizə məlum olmayan, özünün sədri olduğu Azərbaycan İqtisadçılar İttifaqının xətti ilə, institutut rəhbərliyinin xəbəri olmadan, gizli surətdə xarici ölkələrə səfərlərə getmiş, düz 11 ay 12 gün üzürsüz səbəbdən işə gəlməmişdir. Lakin mən yenə də ona şans verdim… Və 2 aprel 2001-ci il tarixli əmrlə onu «Strateji siyasi-iqtisadi tədqiqatlar» sektoruna müdir təyin etdim. Lakin o, yenə də ipə-sapa yatmadı… Hətta sonradan məlum oldu ki, o, 1994-cü ildə əvəzçiliklə işlədiyi vəzifəsindən tam ştatla baş elmi işçi vəzifəsinə işə götürülərkən «Əmək kitabçası»nı əsas iş yerinə verməmişdir. Ondan «Əmək kitabçası»nı təqdim etməsini istəyəndə isə bildirdi ki, guya itirib… Lakin araşdırarkən məlum oldu ki, Ziyad Səmədzadə bizim institutda tam ştatda olduğu halda, həm də 1997-ci ildən Təfəkkür Universitetində kafedra müdiri işləyir…». Ziyad Səmədzadə işdən çıxarılır, amma… Nəhayət, əmək qanunvericiliyinə hörmətlə yanaşan Ş.Muradov Z.Səmədzadəni 2002-ci ilin mayın 1-də işdən azad edir. Bundan sonra tərəflər arasında münaqişə pik həddə çatır: «İşdən çıxarılmasına görə onun mənə qarşı açıq şəkildə düşmənçilik etməsinə nə ad vermək olar? Ancaq mənə məlum olmayan səbəbdən o, əvvəllər də mənim paxıllığımı çəkmiş, daim mənim irəliləməyimə mane olmuşdur. Z.Səmədzadə Ə.Vəzirovla işlədiyi vaxt akademiyaya müxbir üzv seçilməyimə, Ayaz Mütəllibovla işlədiyi vaxt Xalq Təsərrüfatı iNstitutuna rektor təyin olunmağıma maneçilik törətmişdir. Bunu çoxları bilir. 2008-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutuna yenidən direktor seçilməməyimin də əsil təşkilatçısı Ziyad səmədzadə idi. Direktor seçkilərindən hələ bir il əvvəl Rəyasət Heyət üzvlərindən biri Z.Səmədzadənin mənim əleyhimə iş apardığını mənə bildirmişdi. Mən də o vaxt bu barədə AMEA-nın prezidenti M.Kərimova məlumat vermişdim…». Ziyad Səmədzadə həm də Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunda necə baş elmi işçi vəzifəsində çalışıb? Ş.Muradovun akademik Ramiz Mehdiyevə «Açıq məktub»undan o da məlum olur ki, sən demə, AMEA-nın İqtisadiyyat İnstitutuna seçkilərdə Z.Səmədzadənin təkidi ilə sonradan keçmiş millət vəkili Əli Əlirzayev və Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun kafedra müdiri Sadıx Salahov direktorluğa namizədliklərini verirlər… «…Sadıx Salahov Politexnik İnstitutunun mühəndislik ixtisasını bitirmiş, vaxtilə pambıq təmizləmə sənayesi sahəsində çalışmış və sonradan k.t.naziri İrşad Əliyevin köməkliyi ilə qeyd edilən institutua direktor qoyulmuş, sonradan 62 yaşında doktorluq dissertasiyasını müdafiə etmişdir. Rəhbərlik etdiyi institutda heç bir ciddi elmi-tədqiqat işləri apara bilməyən Sadıx salahov Akademiyanın İqtisadiyyat İnstitutunda necə direktor işləyə bilərdi? Ziyad səmədzadə onu aldadaraq gələcəkdə AMEA-nın müxbir üzvü seçdirəcəyinə inandırmış, namizədliyini irəli sürməsini təkid etmişdir. Sonradan məlum olurdu ki, Ziyad Səmədzadə həm də Sadıx Salahovun rəhbərlik etdiyi institutda əvəzçiliklə baş elmi işçi vəzifəsində çalışır, orada nə özünün, nə də həmin institutun profilinə və kadr potensialına uyğun olmayan ixtisasdan «Mühasibat, statistika» Dissertasiya Şurası yaradaraq ona rəhbərlik edir. Bu isə mövcud qanunvericiliyə, «Dissertasiya Şuraları haqqında» Əsasnamənin tələblərinə ziddir, qanun pozuntusudur… Nə üçün bu dissertasiya şurası Dövlət İqtisad Universitetində deyil, kənd təsərrüfatı üzrə ixtisaslaşmış bir institutda yaradılmışdır???». Ş.Muradov daha sonra yazır: «Hörmətli Ramiz müəllim! Ziyad Səmədzadəni məndən yaxşı tanıyan çox az adam ola bilər. Mən onunla 50 ildən çoxdur tanışam. O, şəxsi mənafeyini hər şeydən üstün tutan və Ulu Öndər Heydər Əliyevin dediyi kimi, «Konyunkturaya xidmət edən adamdır!». Bunu onun son vaxtlar elmi rəhbərlik və opponentlik etdiyi dissertasiya işlərinin müəlliflərinin və onun rəhbərlik etdiyi Dissertasiya Şurasında müdafiə edənlərin kimliyindən də aydın görmək olar. O, çox vaxtlarda imkanlı adamlara və onların övladlarına, vəzifəli şəxslərin və məmurların işinə yarayır. Belə adamların isə mənim rəhbərlik etdiyim institutda və sədrlik etdiyim Dissertasiya Şurasında müdafiə etməsi çətin idi. Buna görə də ak. Ziyad Səmədzadə MEA-nın İqtisadiyyat İnstitutuna elə adamın rəhbərlik etməsini istəyirdi ki, onu öz təsirinə sala bilsin…» (Davamı var) Geri qayıt |