Əsas Səhifə > Ölkə, Manşet > Şəkililər onun getməsini istəyirlər...
Şəkililər onun getməsini istəyirlər...25-01-2016, 10:22 |
DİA.AZ: - Redaksiyamıza bur qrup Şəki ziyalısı adından müraciət daxil olub. Həmin müraciəti DİA.AZ olaraq diqqətinizə təqdim edirik: "Başçı vaxtının çox hissəsini biznes işlərinə ayırır. Camaatın problemləri, sıxıntıları icra başçısını zərrə qədər də olsun maraqlandırmır. Elxan müəllim əmək fəaliyyəti dövründə uzun müddət bizneslə məşğul olub. O icra başçısı postuna təyin olunandan sonra da biznes işlərini davam etdirib. 2011-ci ildən rayona rəhbərlik edən məmur bir sıra qanunsuz yollara əl ataraq şəxsi sərvətini artırmağa müvəffəq olub. Şəkinin yalnız mərkəzi hissələrində, tarixi abidələrin mövcud olduğu ərazilərdə göz oxşayan mənzərələr mövcuddur. Ucqarlarda isə vəziyyət tamamilə fərqlidir. Kəndlərdə yaşayan insanların sosial durumu olduqca ağırdır. Camaat dolana bilmir. Şəkidə işsizlik böyük problemə çevrilib. İnsanlar öz ixtisaslarına uyğun iş tapa bilmirlər. Vaxtilə fəaliyyət göstərən fabrik və zavodlar hazırda çalışmır. Yeni açılan iş yerlərində isə iş yoxdur. Çünki həmin müəssisələrdə ya icra başçısına, ya da digər yerli məmurlara yaxın olan şəxslər işləyir. Buna görə də əhalinin bir hissəsi qazanc üçün ətraf rayonlara, həmçinin paytaxta üz tutmaq məcburiyyətində qalır. Nəzərinizə çatdırım ki, rayonun yol infrastrukturu da bərbad gündədir. Yolların təmiri və yenidən tikintisi məqsədilə dövlət büdcəsindən, digər maliyyə qaynaqlarından ayrılan vəsaitlər məqsədyönlü şəkildə xərclənmir. Yol tikintisi üçün ayrılan külli miqdarda vəsait bir qrup məmur tərəfindən mənimsənilir. Elə bu səbəbdən Şəkinin yollarında vəziyyət qənaətbəxş deyil. Rayon mərkəzini ətraf kəndlərlə birləşdirən yollar istifadəyə yararsız hala düşüb. Sakinlər bu yollardan istifadə edə bilmirlər. Hətta o kəndlərə avtobuslar da işləmir". Müraciət müəlliflərinin dediyinə görə, Elxan Usubov İcra Hakimiyyətinə başçı keçəndən sonra Şəkidə kommunal xidmət sahəsində problemlər xeyli artıb. Onlar bildirir ki, rayonun bir çox kəndlərində əhalinin mavi yanacaq, elektrik enerjisi və içməli su ilə təminatı normal səviyyədə deyil: "Bildiyiniz kimi, qış fəsli Şəkidə çox sərt keçir. Buna baxmayaraq, rayonda qışa hazırlıqla bağlı müvafiq tədbirlər görülmür. Mavi yanacaq yalnız mərkəzi hissələrdə var. Ətraf kəndlərdə isə qaz yoxdur. Şəkinin elə kəndləri var ki, orda yaşayan insanlar ümumiyyətlə mavi yanacağın nə olduğunu bilmir. Dövlət büdcəsindən rayonun sakinlərinin tam şəkildə qazlaşdırılması üçün kifayət qədər vəsait ayrılıb. Amma ortada real iş yoxdur. Elektrik enerjisinin verilməsində də problemlər mövcuddur. Elektrik xətlərində açılmalar tez-tez baş verir. Bunun səbəbi ətraf kəndlərin qazlaşdırılmaması ilə bağlıdır. Belə ki, elektrik enerjisindən çox istifadə edilməsi nəticəsində xətlərə güc düşür. Buna görə də rayonu işıqla təmin edən şəbəkə ziyana çox düşməsin, transformatorlar yanmasın deyə işığı fasilələrlə verirlər. Əhalinin su problemi də uzun müddətdir həllini tapmır. Vətəndaşlar hələ də palçıqlı su içir. Təhsil və səhiyyə sistemində də vəziyyət kritikdir. Müəllimlər və həkimlər maaşlarını vaxtında ala bilmir. Aidiyyəti qurumların rəsmiləri isə əməkhaqlarının gecikdirilməsini özlərinə xas şəkildə izah edirlər. Onlar müxtəlif bəhanələr gətirib səhiyyə və təhsil işçilərinin haqqını pozurlar". Elxan Usubovun dövlət büdcəsindən rayonun inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılması üçün ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət edə bilmədiyini vurğulayan narazılar onu da qeyd edirlər ki, bu səbəbdən ayrı-ayrı vaxtlarda dövlət tərəfindən ayrılmış külli miqdarda vəsait müxtəlif yollarla mənimsənilib: "İcra başçısı vətəndaşlarla tez-tez görüşlər keçirib, onların problemlərilə maraqlanmaq əvəzinə Şəki camaatına qarşı böyük haqsızlıqlar edir. Elxan müəllim rayonun icra başçısı vəzifəsinə keçəndən sonra maliyyə imkanlarını xeyli genişləndirib. Əgər belə olmasaydı, o Bakıda bahalı evlər və ticarət obyektləri ala bilməzdi. Niyə soruşan yoxdur ki, ay məmur sən Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzlərini, M.F.Axundov prospektindəki yerləşən "Şəki" hotelini, Kiş kəndindəki "Narınqala", "Şam bağı", "Cənnət bağı", Dağüstü park deyilən yerdəki "Panaroma" hotelini hansı pullarla əldə etmisən. Və ya niyə soruşan yoxdur ki, sənin gənc övladın "AA" seriyalı bahalı maşını hansı pullarla alıb? Elxan Usubov vəzifədə qaldığı müddətdə Şəki bundan da pis günə düşəcək. Bir şey ki, Şəki İcra Hakimiyyətində vaxtilə dövlət çevrilişinə cəhddə iştirak etmiş şəxs vəzifə tutur, bundan nə gözləmək olar? Həmin şəxs Nizami İsmayılovdur. İcra başçısı onu Ağstafadan özü ilə Şəkiyə gətirib. Nizami İsmayılov hazırda Şəki İcra Hakimiyyətində şəhər təsərrüfatı şöbəsində baş məsləhətçi işləyir. İcra başçısı dövlət çevrilişinə cəhddə iştirak edən, hətta buna görə həbs edilən şəxsə vəzifə verməklə rayonun uçuruma aparılmasının təməlini qoyub. Odur ki, Şəki Şəhər İcra Hakimiyyətində təcili olaraq kadr islahatları aparılmalı, ilk olaraq isə Elxan Usubovla Nizami İsmayılov vəzifədən kənarlaşdırılmalıdır". Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |