Əsas Səhifə > Ölkə, Manşet > Heydər Əsədovun yeni kadrı özünə komanda qurmağa başlayıb...
Heydər Əsədovun yeni kadrı özünə komanda qurmağa başlayıb...9-10-2015, 09:56 |
Bildiyiniz kimi, kənd təsərrüfatı naziri Heydər Əsədovun imzaladığı əmrlə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Siyalə Rüstəmova bir neçə gün əvvəl tutduğu vəzifədən xaric edildi. Qeyd edək ki, Siyalə Rüstəmova Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin vəzifəsinin icrası müvəqqəti olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin müavini Azər İdris oğlu Süleymanova həvalə edilib. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda deyilir ki, rəis vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov özünü Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi kimi aparır: "Nazir Heydər Əsədov bu vəzifəni müvəqqəti olaraq adıçəkilən şəxsə tapşırıb. O isə nazirin etimadından sui-istifadə edərək bəzi özbaşına işlər həyata keçirməyə başlayıb. Belə ki, Azər Süleymanov Siyalə Rüstəmovanın kadrlarını bir-bir xidmətdən kənarlaşdırmaq barədə fikirləşir. Onun ilk hədəfi isə Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanovdur. Azər Süleymanov Siyalə Rüstəmovanın müavini işləyəndə idarə rəisi ilə yola getmirdi. Hətta o bu posta öz namizədini gətirmək istəmiş, lakin arzusu gerçəkləşməmişdi. İndi onun əlinə yaxşı fürsət düşüb. Müvəqqəti rəislikdən istifadə edən Süleymanov Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsinə İlqar adlı adamını gətirmək niyyətindədir. Bu barədə idarənin hazırkı rəisi Aslan Aslanova da məlumat çatıb. Aslan müəllim isə "mən Bakı Baytarlıq İdarəsində heç bir iş görə bilmədim. Yaxşısı budur, dəmir yolunda baytarlıq sistemində işimi davam etdirim" deyə reaksiya verib. Bu isə o deməkdir ki, Aslan Aslanov artıq mövcud vəziyyətlə barışıb". Məlumata görə, xidmətin müvəqqəti rəisi digər kadrların da bir neçəsini işdən çıxarmağa hazırlaşır. Maraqlıdır, görəsən rəis vəzifəsini müvəqqəti icra edən Azər Süleymanovda bu qədər arxayınlıq hardandır? Bəlkə, o xidmət rəisi vəzifəsinə təsdiqlənəcəyinə əmindir? Hər halda, hələ ki, o bu vəzifəni müvəqqəti olaraq icra edir və köklü kadr islahatları aparmağa geniş səlahiyyətləri yoxdur. Yəqin ki, nazir Heydər Əsədov tezliklə xidmətə rəis təyin edib bütün söz-söhbətlərə son qoyacaq. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq Geri qayıt |