Əsas Səhifə > Ölkə, Manşet > Təhsil Nazirliyi kollec problemini bir türlü həll edə bilmir...
Təhsil Nazirliyi kollec problemini bir türlü həll edə bilmir...23-09-2015, 10:43 |
Ötən saylarımızdan birində dərc olunmuş tənqidi materialda biz Azərbaycan Dövlət Pedaqoji Kollecinin fəaliyyətində müşahidə olunan neqativ hallara dair aldığımız açıqlamalardan bəhs etmişdik. Materialda qeyd olunmuşdu ki, Nurlana Əliyevanın rəhbərlik etdiyi bu təhsil müəssisəsinin fəaliyyəti son vaxtlar ümumiyyətlə ölkə mətbuatında tez-tez ictimai müzakirələrə çıxarılır. Bunun əsas səbəbi isə, kollecin rəhbərliyi tərəfindən burada bir çox özbaşınalıqlara rəvac verilməsi olmuşdur. Qeyd etmək lazımdır ki, ölkənin ən qocaman təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Pedaqoji Kolleci mövcud olduğu illər ərzində xalqın maariflənməsi işinə öz gözəl tövhələrini vermişdir. Kollec fəaliyyət göstərdiyi müdətdə on minlərlə müəllim yetişdirmişdir. Hazırda Azərbaycan Dövlət Pedaqoji Kollecində “İbtidai sinif müəllimliyi”, “Texnologiya müəllimliyi” , “Xarici dil” , “Ailə və ev təhsili”, “Təsviri incəsənət müəllimliyi”, “Fiziki tərbiyə müəllimliyi”, “İnformatika müəllimliyi”, “Qeyri Azərbaycan məktəblərində Azərbaycan dili müəllimi” ixtisasları üzrə mütəxəssislər hazırlanır. Bu gün kollecdə 227 nəfər müəllim fəaliyyət göstərir. Onlardan 1 nəfər elmlər doktoru, professor, 17 nəfər elmlər namizədi, 16 nəfər baş müəllim, 30 nəfəri isə dissertantdır. Lakin təəssüflər olsun ki, keçmiş uğur və nailiyyətlər bu gün Azərbaycan Dövlət Pedaqoji Kollecində qətiyyən təkrarlana bilmir. Bir çox mütəxəssislərin fikrinə görə, kollec bu gün öz əsas funksiyasını layiqincə yerinə yetirərək, ölkənin ümumtəhsil məktəbləri üçün müasir təhsil texnologiyalarına yiyələnmiş müəllimlər hazırlaya bilmir. Buna səbəb kimi isə yenə də kollecin direktoru Nurlana Əliyevanın öz işində yol verdiyi bir sıra nöqsanlar göstərilir. İlk növbədə aldığımız məlumatlarda bildirilir ki, bu gün Pedaqoji Kollecdə təhsilin səviyyəsi indiyədək görünməmiş qədər aşağı düşüb. Sessiya imtahanları isə, son bir neçə ildə aşkar şəkildə alver predmetinə çevrilib. Mənbələrin iddialarına görə, bu kollecdə imtahanların qiyməti fənlərə və müəllimlərə görə dəyişir. Belə ki, hər bir fənnin və həmin fənn üzrə dərs deyən müəllimin “özünün” qiyməti var ki, tələbələr də artıq bunları çox gözəl bilirlər. Bundan başqa isə, kollecdə tələbələrdən qayiblərə görə də pul tələb olunur. Bir çox tələbələrin adı jurnalda getsə də, özlərinin dərslərdə iştirak etməməsi buna əyani sübutdur. Məlumatlarda qeyd olunur ki, dərslərdə iştirak etməməyin aylıq “xərci” 100 manatdır. Orta hesabla bir tələbə semestri 350-500 manat xərclə başa vurur. Tələbələr bildirirlər ki, Azərbaycan Dövlət Pedaqoji Kollecində dərslərinə hazırlaşan və hazırlaşmayan tələbə arasında elə də böyük fərq qoyulmur. İstənilən halda pul hamıdan yığılır. Yaxşı oxuyanlar üçün məbləğ 200-250 manat, oxumayanlar üçün 300-400 manatdır. Həmçinin təqdim olunan açıqlamalarda qeyd olunur ki, bir müddət bundan əvvəl Təhsil Nazirliyində Nurlana Əliyevanın təqaüdə çıxarılması ilə bağlı məsələyə baxılmışdır. Ən azından, son 25 ili bu təhsil müəssisəsinə rəhbərlik edən kollec direktorunun yaşı buna tam əsas verir. Lakin bu məsələnin TN-də hətta bir deyil, iki dəfə müzakirə olunmasına baxmayaraq, hər dəfə müəyyən şəxslər müvafiq qərarın qəbul olunmasına müdaxilə edərək, bunun qarşısını almış və Nurlana Əliyevanın vəzifədə qalmasını təmin edə bilmişlər. Ola bilsin ki, YAP-ın Qadınlar Şurasının sədri vəzifəsini daşıyan Nurlana Əliyevanın hörməti və nüfuzu da TN rəhbərliyini bu xüsusda edilən xahişlərə həssaslıqla yanaşmağa sövq edir. Lakin unutmaq lazım deyil ki, bu yönümdə qəbul olunan qərarlar Azərbaycan gəncliyinin təhsilinə və deməli, birbaşa xalqımızın gələcəyinə təsir edir. Buna görə də, yaxşı olardı ki, təhsil müəssisələrinə rəhbər kadrların təyin olunması zamanı həmin şəxslərin sadəcə hansı çevrəyə aid olmaları deyil, həm də onların iş bacarıqları və peşəkar qabiliyyətləri obyektiv qiymətləndirilsin. Təbii ki, bu zaman müəyyənləşdirilmiş yaş senzinin də tələbləri nəzərə alınarsa, bu da yəqin ki, ümumi işin xeyrinə olar.\\bizimdovr.az\\ Qarşı tərəfin də mövqeyini öyrənə bilərik. Geri qayıt |