Əsas Səhifə > Ölkə, Manşet > Yediyarov Gədəbəyi cəngəllik qanunları ilə idarə edir?
Yediyarov Gədəbəyi cəngəllik qanunları ilə idarə edir?17-09-2015, 11:03 |
Uzun müddətdir ki, dövrü mətbuatda Gədəbəy rayon sakini Əliyev Oqtay Qara oğlunun üzləşdiyi problemlərdən bəhs olunur. İşıq üzü görən məqalələrdə açıq-aydın şəkildə qeyd olunur ki, o, 1991-ci ildən Gədəbəy şəhəri, M.Quliyev küçəsi 2 ünvanında, özünəməxsus 0,06 ha torpaq sahəsində 38,5kvm-lik sahəsi olan birmərtəbəli qeyri yaşayış binasını, şəxsi vəsaiti hesabına tikdirir və ticarətlə də məşğul olmağa başlayır. Qeyd olunan mülk 08 iyul 2008-ci il tarixdə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilib. Bütün bunlara baxmayaraq, 12 fevral 2015-ci il tarixdə həmin mülk Oqtay Əliyevin razılığı olmadan, ona heç bir xəbərdarlıq edilmədən, Gədəbəy rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş tapşırıq əsasında, mağazanın içərisindəki daşınan əmlakla birlikdə yerlə yeksan edilir. Elə ki, o, üzləşdiyi problemlə bağlı, dəfələrlə rayon icra hakimiyyəti aparatına yazılı və şifahi müraciətlərini ünvanlayır, bu zaman təəssüf doğuran hal o olur ki, edilən müraciətlərin heç birinə məhəl qoyulmur. Sadəcə olaraq Əliyev Oqtay Qara oğluna vurulmuş ziyanın müqabilində, rayonda yeni inşa olunan ticarət mərkəzindən heç bir sənəd-sübutu olmayan obyekt təklif olunsa da, o, həmin təklifi qəbul etmir. Buna səbəb, Oqtay Əliyevin vaxtilə sahib olduğu obyektə dair lazımi sənədlərinin qaydasında olması olur ki, bu da ona edilmiş təklifdən imtina etməyə tam əsas verir. Bəli, bu gün üzləşdiyi problemin həllinə çalışan Oqtay Əliyev, bir çox KİV nümayəndələrinə, o cümlədən “Gündəm Xəbər” qəzetinin də redaksiyasına müraciət etmək məcburiyyətində qalıb. Başlıca məqsədi üzləşdiyi probleminin ictimailəşməsinə çalışmaq və rayon rəhbərliyinin haqsızlığa rəvac verməsini hər kəsin diqqətinə də çatdırmaqdır. Hal-hazırda 5 nəfərlik ailə üzvləri ilə birlikdə Bakı şəhərində kirayədə yaşayan Oqtay Əliyev, dolanışıq vəziyyətinin acınacaqlı olmasından gileylənir. Çünki o, bildirir ki, “ailəmizin dolanışıq yeri vaxtilə işlətdiyim mağazadan idi. Elə ki, rayon rəhbərliyi həmin mağazanı yerlə-yeksan etdirdi, həmin gündən də, çörəyimizi kəsdi”. Bir müddət bundan əvvəl Bakı şəhərinə pənah gətirən O.Əliyev bizimlə söhbətində onu da bildirdi ki, “elə ki, mən qanuni haqqımı, yəni vurulmuş ziyanın ödənilməsini qarşı tərəfdən tələb etdim, bu zaman əndazəni aşan icra rəsmiləri, ortaya minbir bəhanələr də gətirdilər. Və hətta icra başçısının müavinlərindən biri bildirdi ki, “get hara, kimə istəyirsən şikayətini et” də dedi. Həmin an üzləşdiyim problemin həllinin, Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən həll olunmayacağını gördükdə, PA müraciət edəcəyəmi bildirdim. Sağ olsun rayonun bəzi vəzifə sahiblərini, elə ki, yol boyunca gedirdim, şanlı polis əməkdaşlarımıza tapşırıq verməklə, məni 15 sutkalıq həbs etdirib, istəklərinə də nail ola bildilər”. Artıq üzləşdiyi problemin birdəfəlik həll olunmayacağını dərk edən Oqtay Əliyev, KİV nümayəndələrinə etdiyi müraciətlə bərabər, PA-nın qəbul şöbəsinə də müraciət etmək məcburiyyətində qalır. İlk dəfə, yəni 21 avqust 2015-ci il tarixdə qəbul şöbəsində olan Oqtay Əliyevə bildirilir ki, “get 24 avqust 2015-ci il tarixdə lazımi sənədlərlə birlikdə təkrar gələrsən”. Əslində bu belə də olur və o, həmin gün lazımi sənədləri qəbul şöbəsinə təqdim edir. 27 avqust 2015-ci il tarixdə isə, telefon zəngi vaxtı bildirirlər ki, “çalış ailənlə birlikdə gəl, sizi qəbul edəcəklər” deyirlər. Həmin gün Əliyevlər ailəsi qəbul şöbəsində olurlar və PA-nın səlahiyyətlisi Əlibala adlı vəzifə sahibi onlara bildirir ki, “biz Gədəbəy rayon İcra Hakimiyyətinə lazımi tapşırığımızı vermişik, get səni bu dəfə icra başçısı qəbul edəcək”. Elə ki, 28 avqust günü icra hakimiyyətinin qəbuluna yazıldım, qəbul şöbəsində Ramiz Yediyarov məni görüb tapşırdı ki, onu qəbula buraxmayın. Səbəb də onu bildirdilər ki, rəhbərlik kimisə təkrar qəbul etmir. Həmin gün icra hakimiyyətinin hüquqşünası vəzifəsini daşıyan Zülfüqar İsgəndərov mən yaxınlaşıb vurğuladı ki, get saat 16-da gəl, səni özüm qəbul edəcəyəm. Onunla görüşüm də bir nəticə vermədi. Çünki, hüquqşünas da vaxtilə edilmiş təklifi təkrar təklif etdi”. Gədəbəydən əliboş qayıdan Oqtay Əliyev, 02 sentyabr 2015-ci il tarixdə təkrar PA-nın qəbul şöbəsində olur və başına gətirilənləri təfsilatı ilə danışır. Ümumi söz-söhbət zamanı ona bildirirlər ki, “ümidini üzmə, haqq sənin tərəfindədir, üzləşdiyin problem lazımınca araşdırılacaq”. Onu da qeyd edək ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalma qiymətinin hesablanması Qaydasında o da bildirilir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklilər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 07 dekabr tarixli 506-111QD nömrəli Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 689 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən hazırlanmışdır və dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalma qiymətinin hesablanması qaydasını müəyyən edir. Geri qayıt |