Əsas Səhifə > Ölkə, Manşet > "Unibank"dan gənc yazara küçə söyüşləri...
"Unibank"dan gənc yazara küçə söyüşləri...16-09-2015, 09:59 |
dia-az.life moderator.az-a istinadən gənc yazar Orxan Bahadursoyun elektron poçtumuza göndərdiyi məktubu təqdim edir. Əslində belə bir mövzu ilə mediaya müraciət etdiyim üçün biraz utanıram. Mən həmişə sırf yaradıcılıq nümunələrimlə - şeirlərim, məqalələrim, hekayələrim və s. ilə mediada çıxış etmişəm. Amma elə bir hadisə baş verdi ki, bu hadisəni ictimaiyyətlə bölüşməsəm, ürəyim partlayar. Bütün Azərbaycan xalqı bilməlidir ki, belə bank işçiləri və belə banklar var... Unibankda anamın adına kredit var. Bununla bağlı mənə Unibankdan zəng gəldi. Aramızdakı dioloqu olduğu kimi təqdim edirəm. -Alo. -Salam. Sizi Unibankdan narahat edirəm. -Buyurun. – dedim. Daha sonra həmin şəxs anamın adını və soyadını deyib onun nəyi olduğumu soruşdu. -Oğluyam. – dedim. -Ananızın kredit ödəməsində gecikməsi var. Əlaqə saxlaya bilmirik. -Bu nömrəni artıq mən işlədirəm. Əlaqə saxlamaq üçün ev ünvanını və atamın nömrəsini verirəm. – dedim və ünvanı da, nömrəni də verdim. -Siz ananızın banka olan borcunu ödəyə bilməzsiz? – deyə soruşdu. -Mənim atam götürüb krediti, sadəcə anamın adına götürülüb. Mən evliyəm və atamdan, anamdan ayrı yaşayıram, özləri ilə əlaqə saxlayın. – dedim. -Sənin kimi oğulun boyunu yerə soxum! – dedi. Təəccübləndim. Bir anlıq nə deyəcəyimi, nə edəcəyimi bilmədim. Fikirləşdim ki, bəlkə dostlarımdan kimsə mənimlə zarafat edir. -Bu necə danışıqdır? – soruşdum. -Mənə danışıq öyrədəcəksən, ə, demaqoq!? Sən necə oğulsan ki, ananın borcunu ödəmirsən? Öl, utan, yerə gir. – deyib ardıyca burda yazmağa belə xəcalət çəkdiyim ən ağır küçə söyüşlərini söydü. Heç bir cavab vermədən danışığı dayandırdım. Çox keçmədi ki, başqa bir nömrədən təkrar zəng gəldi. Yanımda dostum da vardı. Zəngi qəbul etməzdən əvvəl danışığı qeydə almaq üçün onun telefonu ilə kameranı açdıq. Sonra zəngi qəbul etdim və elə danışığın əvvəlindən sonuna qədər bu bank işçisi həmin küçə söyüşlərini dayanmadan söyürdü. Daha sonra isə özü danışığı dayandırdı. Söyüşlərin arasında fürsət tapıb bircə adını soruşa bildim. Adını Seyid dedi. Daha sonra yalan ya doğru soyadını və ata adını Qulamov Seyid Ələmşah oğlu deyə qeyd etdi. Amma bunu doğru dediyinə əmin deyiləm. Növbəti dəfə mən zəng elədim. Kamera da hər anı qeydə alırdı. Telefonu başqa bir adam açdı və baş verənləri ona danışdım. Guya mənə Unibankın qaynar xətti ilə əlaqə nömrəsi verdi, həmin nömrəyə zəng etdim, amma telefondan gələn səs “yığdığınız nömrə düzgün deyil” deyə pıçıldadı qulağıma. Həmin şəxsin ikinci dəfə zəng elədiyi nömrəni yığdım. Zəng qəbul edildi: - Alo! – bu həmin səs idi. - Bayaq mənlə danışan siz idiz? – deyə soruşdum. - Bəli, mən idim. - O söyüşləri siz söydünüz? - Vətəndaş, nə söyüş? Nə danışırsız? Səsyazmanı da yığışdırın! – deyə əmr etdi. - Axı siz zəng edib mənə ən ağır söyüşləri söydünüz. Mənim sizin banka borcum yoxdur. Anamın adına kredit var deyə siz zəng edib məndən ödəniş tələb edə bilərsiz? Ya da ödəmirəm deyə məni təhqir edə bilərsiz? -Vətəndaş, səsyazmanı yığışdırın! Probleminiz varsa, banka gəlin, üzbəüz danışaq, həll edək. – dedi. Elə bu əsnada başqa bir adam telefonu alıb danışdı: - Buyurun, mən Seyidin qrup rəhbəriyəm. Nə baş verib? Hadisəni olduğu kimi bu adama da danışdım. O isə: - Yaxınlaşın Unibankın baş ofisinə, danışaq. – dedi və danışığı dayandırdı. İki gündür ki, bu hadisənin şokundayam. Mən hələ o əsəbdən xilas ola bilməmişəm. Bu nədir? Nə deməkdir? Necə davranışdır? Anlaya bilmirəm. Yəni bir bank işçisi o banka heç bir qəpik də borcu olmayan birinə zəng edib pul tələb edə bilir. Üstəlik, ödəmədiyi üçün təhqir edə bilir. Hələ sonra da “banka gəlin, üzbəüz danışaq, həll edək” kimi mülayim təkliflər də edir. Yəni yolazmışlıq, qudurğanlıq, həyasızlıq, yekəxanalıq, hökmranlıq bu həddəmi çatıb? Görəsən, Unibank işçi götürəndə onların danışıq qabiliyyətinə, mədəniyyətinə heç bir əhəmiyyət vermir? Bu azmış kimi bankın səlahiyyətli işçiləri bu adamı müdafiə edir. Bankın müdiri bu işçini hardan tapıb? Küçə tinindən? Mən bütün media orqanlarından artıq dərəcədə xahiş edirəm ki, bu məsələ ilə ciddi şəkildə maraqlansınlar. Çox güman ki, bu hadisəni yaşayan tək insan mən deyiləm. Sadəcə başqalarının media ilə əlaqəsi yoxdur deyə belə hadisələr mediada işıqlanmayıb. Xalq bilməlidir ki, kimlərə xeyir verir, kimlərlə əməkdaşlıq edir. Devalvasiyadan sonra dollarla olan kreditləri yeni məzənnə ilə alan, millətin pulunu talayan, cibini soyan bu adamlar, hələ milləti təhqir etməyi də, alçaltmağı da özlərinə borc bilirlər. Həmin videoları və öz şikayət ərizəmi həm Unibankın müdiriyyətinə, həm də məhkəməyə göndərəcəyəm. Lakin, baş verən hər hadisə, hətta keçirilən məhkəmələr də mediaya açıq olacaq ki, millət hər şeyi görsün, bilsin və anlasın! Xüsusilə medianın bu işlə ciddi məşğul olacağına inanıram! Geri qayıt |