Əsas Səhifə > Ölkə, Manşet > Qazax rayonunda haqq-ədalət mizanı təhlükədə...

Qazax rayonunda haqq-ədalət mizanı təhlükədə...


10-08-2015, 16:51
Qazax rayonunda haqq-ədalət mizanı təhlükədə...
Redaksiyamıza müraciət etmiş növbəti şikayətçi yenə də məhkəmə qərarının icra olunmaması səbəbindən hüquqlarının pozulduğunu bildirir. Lakin təqdim olunan açıqlamalardan belə qənaətə gəlmək olur ki, məhkəmə qərarının icrasını təmin etməli olan məmurun özü də öz vəzifə borcunu icra etməkdə acizdir. Başqa sözlə desək, məhkəmə qərarlarının icra şöbəsinin məmuru subyektiv səbəblər üzündən oz funksiyasını həyata keçirə bilmir. Bütün bu qanun pozuntularının kökündə isə Qazax Rayon Polis Şöbəsi rəisinin köməkçisi Renat Qədimovun yol verdiyi vəzifəsindən sui-istifadə əməli durur. Bu xüsusda şikayətçinin təqdim etdiyi məlumatda bildirilir ki, o, bir müddət bundan əvvəl Qazax rayon sakini Vəliyeva Nabat Qələndər qızının törətdiyi cinayət əməli nəticəsində həm də maddi ziyan çəkmişdir. Bundan sonra Qazax Rayon Məhkəməsi tərəfindən maddi təzminat qismində Nabat Vəliyevadan müəyyən məbləğin tutularaq zərərçəkmiş şəxsə ödənilməsinə dair qərar verilmişdir. Lakin aradan bir müddət keçsə də məhkəmə qərarının icrası hələ də təmin olunmamışdır.Belə ki, məlum olub ki, icraçıya məhz Qazax RPŞ rəisinin köməkçisi Renat Qədimov tərəfindən göstərilir. Aldığımız məlumatda bildirilir ki, Renat Qədimov bir müddət əvvəl qanuni nigahda olduğu həyat yoldaşından boşanmışdır və hal-hazırda Nabat Vəliyeva ilə vətəndaş nigahı əsasında birgə yaşayır. Eyni zamanda Renat Qədimovla Nabat Vəliyevanın ortaq biznes maraqları da vardır. Belə ki, Nabat Vəliyeva hazırda polis əməkdaşına məxsus olan gözəllik salonunu işlədir. Məhz bu iki amil də Renat Qədimovu vəzifəsindən sui-istifadə edərək, icra məmuruna təzyiqlər göstərməyə təhrik etmişdir. Lakin açıqlamalardan belə məlum olur ki, icraçının bu xüsusda qarşılaşdığı təzyiqlər təkcə Renat Qədimov tərəfindən göstərilmir. Bildirilir ki, Nabat Vəliyevanın qardaşı, Arzu adlı şəxs də bu məsələdə, yəni icraçı məmur tərəfindən öz vəzifələrinin yerinə yetirilməsi xüsusunda müəyyən əngəllərin yaradılmasında xüsusi rol oynayır. Aldığımız məlumata görə Arzu Qazaxın qolu zorlu, vurub-tutan oğlanlarından biridir. Amma təəssüflər olsun ki, bu keyfiyyətlər bəzən müəyyən qeyri-qanuni hərəkətlərin, hətta cinayət tərkibli əməllərin də törədilməsinə yönəldilir. Belə ki, bəzi mənbələr Arzunun rayonda “reket”lik etdiyini belə iddia edirlər. İcraçı isə zərərçəkmiş şəxslə söhbətində öz vəzifə borcunun icrası xüsusunda məhz Arzu tərəfindən də təhdid olunduğunu bildirib. Zərərçəkmişin sözlərinə görə, məmur icra hərəkətlərini həyata keçirəcəyi təqdirdə Arzu tərəfindən ona qarşı fiziki güc tətbiq olunacağından ehtiyat edir.Göründüyü kimi redaksiyamıza müraciət etmiş şikayətçinin düşdüyü vəziyyət öz mürəkkəbliyi ilə diqqəti cəlb edir. Bir tərəfdən icra məmuru öz vəzivə borcunun yerinə yetirilməsindən imtina etməyən kimi görünür. Digər tərəfdən isə cavabdehlə yaxın qohumluq əlaqəsində olan başqa bir vətəndaş icra məmurunu təhdid edir. Yaranmış vəziyyətdə təbii ki, hüquq-mühafizə orqanlarının məsələyə müdaxiləsi gözləniləndir. Lakin belə məlum olur ki, rayonun polis şöbəsində rəhbər vəzifələrdən birini tutan daha bir nəfər də cavabdeh tərəfin maraqlarını müdafiə edir. Həm də bu “müdafiə” ciddi qanun pozuntuları əsasında təşkil olunub. Nəticədə isə zərərçəkmiş şəxs müvafiq məhkəmə qərarının mövcudluğuna baxmayaraq, hələ də öz təzminatını ala bilmir.

Geri qayıt