Əsas Səhifə > Ölkə, Manşet > Saatlıda müəllimləri kimlər və niyə üsyan həddinə çatdırır?

Saatlıda müəllimləri kimlər və niyə üsyan həddinə çatdırır?


6-08-2015, 11:39
Saatlıda müəllimləri kimlər və niyə üsyan həddinə çatdırır?
Yay tətili başa çatmaq üzrə olsa da, Saatlı peşə liseyinin müəllimləri iyun ayının maaşını və məzuniyyət pullarını ala bilməyiblər. Bu haqda redaksiyamıza sözügedən liseyin müəllimi Mirqasım Abbaslı məlumat verib.

"Tezadlar.az"-a müəllimlərin vəziyyətinin kritik olduğunu deyən M.Abbaslı məsələnin ictimailəşdirilməsini istəyib. Şikayətçinin açıqlamasından məlum olub ki, pedaqoji kollektivdə doğrudan da “maliyyə krizi” yaşanır: «Bütün müəllimlərin banklara kredit borcu var. Bəs biz bu kredit borclarını, onun gecikmə faizlərini necə ödəyəcəyik? Hər gün müəllimlər liseyə toplaşıb göz yaşı tökürlər. Belə də zülm olar? Niyə biz öz halal məvacibimizi ala bilmirik? Artıq dilənçi gününə düşmüşük…
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov da müəllimlərin acınacaqlı durumundan xəbərdar olsa da, çox təəssüf ki, hələlik heç bir müsbət nəticə yoxdur. İcra başçısı məzuniyyətdən yeni qayıdıb, ümid edirik ki, onun məsələyə müdaxiləsi problemi tezliklə aradan qaldıracaq…
Məsələ ondadır ki, Təhsil Nazirliyi 80-ə yaxın müəllimin taleyinə olduqca laqeyd yanışır, lakin səbəbini də açıqlamırlar. Saatlı peşə liseyi sanki hərraca qoyulub...
Xahiş edirik, bizim səsimizi, harayımızı aidiyyəti qurumların diqqətinə çatdırasınız. Bəlkə onlar bizim dərdimizə bir çarə tapalar».
Saatlı peşə liseyində yaranmış analoji vəziyyətlə bağlı rayon İcra Hakimiyyətinin və Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Əlimizdə olan telefon nömrələrinə dəfələrlə zəng etsək də, cavab verən olmadı. Odur ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mövzu ətrafında M.Abbaslı ilə geniş söhbət çapa hazırlanır. Bizi izləyin.

Geri qayıt