Əsas Səhifə > Ölkə, Manşet > Ziya Məmmədovdan yarım milyardın hesabı sorula bilər

Ziya Məmmədovdan yarım milyardın hesabı sorula bilər


1-07-2015, 10:47
Ziya Məmmədovdan yarım milyardın hesabı sorula bilər
Bildiyiniz kimi, az qala hər il dövlət büdcəsindən yeni yolların çəkilməsinə və təmirinə milyonlarla manat vəsait ayrılır. Lakin buna baxmayaraq, həm paytaxtda, həm də ölkənin digər şəhər və rayonlarında, əsasən də magistral yollardakı problemlər hələ də tam şəkildə həll olunmayıb. Bunun məsuliyyəti isə birbaşa Nəqliyyat Nazirliyinin və "Azeryolservis" ASC-nin üzərinə düşür.

Çünki yeni istifadəyə verilən yolların bir çoxu standartlara cavab vermədiyindən qısa müddət sonra bərbad hala düşür. Misal kimi, ölkənin ən bahalı layihələrindən biri olan Bakı-Quba-Rusiya avtomobil yolunu göstərmək olar.

Belə ki, tikintisinə 2008-ci ildən başlanılan və ümumilikdə 545 milyon 287 min 800 manat xərclənən Bakı-Quba-Rusiya avtomobil yolunun beton üzlükləri sökülür. Halbuki hələ o zaman nəqliyyat naziri Ziya Məmmədov bu yolun 30 il davam gətirəcəyini bildirmişdi. Görünən odur ki, nəqliyyat naziri əbəs yerə şişirtməyə yol verib. Onu da nəzərinizə çatdıraq ki, "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli mövzu ilə əlaqədar qeyd edib ki, Nəqliyyat Nazirliyi və "Azəryolservis" ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə kompleks tədbirlər davam etdirilir: "Bu çərçivədə Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun Şabran rayonunun Gəndob kəndi ərazisindən Bakı şəhəri istiqamətinə doğru olan hissəsində təmir-bərpa işlərinə başlanılıb. Təmir-bərpa işlərinə magistral yolun 74-cü kilometrliyindən start verilib. Aparılan işlər şəxsən nəqliyyat naziri Ziya Məmmədovun və "Azəryolservis" ASC-nin rəhbərliyinin nəzarəti altındadır". Maraqlı məqam isə ondadır ki, ASC yetkilisi Quba-Bakı beton yolunun dağılma səbəbini iritonnajlı yük avtomobilləri ilə əlaqələndirib: "Təmir işləri yolun normadan artıq yüklənmiş və deformasiyaya uğramış 10 kilometrlik hissəsində aparılır. Normadan artıq yüklənən ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində deformasiyaya uğrayan yolun hərəkət hissəsinin, daha doğrusu, yolun sağ hərəkət zolağı bərpa olunur. Bu üzdən həmin hissədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. İşlər tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub".

Qeyd edək ki, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə böyük vəsait xərclənərək tikilən yolun belə tez sıradan çıxmasını həyata keçirilən keyfiyyətsiz işlə əlaqələndirib: "Reallıq budur ki, həmin yol artıq dağılıb, həqiqətən də müəyyən hissələrində hərəkət etmək çox təhlükəlidir. Bu baxımdan təmir-bərpa işləri mütləqdir". Onun fikrincə, yolun tikintisinə başlamazdan öncə hər şey planlaşdırılmalıdır: "Tikinti bu gün yox, gələcək nəzərə alınmaqla tikilməli idi. Bundan başqa, Bakı-Rusiya sərhəd yolunun strateji əhəmiyyəti düşünülməli idi. Bu, beynəlxalq əhəmiyyətli yoldur, Avropa avtomagistralları siyahısına salınıb. Ona görə də yüksək keyfiyyətlə tikilməli idi". Mütəxəssisin sözlərinə görə, "Ağır tonnajlı avtomobillər yolu sıradan çıxarıb" iddiası bəhanədən başqa bir şey deyil: "Görünən odur ki, yol başdansovdu tikilib. Bunun üçün xüsusi araşdırmalara da ehtiyac yoxdur. Amma araşdırma aparılsa, biabırçılıq meydana çıxar. Bunu sözlə ifadə etmək çətindir. Bir neçə il əvvəl həmin yolun tikintisinə külli miqdarda vəsait xərcləndi. Hesab edirəm ki, məsələdə cavabdeh şəxsləri, vəsaitlərin xərcləndiyi yerləri müəyyənləşdirmək, mühakimə etmək lazımdır ki, digərlərinə də dərs olsun".

Bu arada, yeni tikilən avtomobil yollarının keyfiyyətinə gəlincə, iqtisadçılar da bu sahədə ciddi problemlərin olduğunu bəyan edirlər. Onlar hesab edirlər ki, iqtisadiyyatda bütün layihələr "fayda-xərc prinsipi"nə əsaslanmalıdır. Yəni əgər avtomobil yolları yaşayış məntəqələrindən kənarda çəkilirsə, bu layihələrin xərci də azalır. Bundan başqa, ekspertlərin sözlərinə görə, dünyanın ən inkişaf etmiş ölkələrindən olan ABŞ-da yol tikmək istəyən şirkət yolun keyfiyyəti ilə bağlı konkret öhdəliklər götürür. Bizdə isə yolun 1 kilometrini 15 milyon manata tikirlər və onun keyfiyyəti, davamlılığı barədə heç bir öhdəlik götürən yoxdur. Məsələn, Bakı-Quba-Rusiya avtomobil yolunun tikintisinə başlanıldığı vaxt nəqliyyat naziri Ziya Məmmədov bu yolun 30 il davam gətirəcəyini bildirsə də, ortada bunu təsdiqləyən rəsmi sənəd-filan yoxdur. Yəni nazirin bu barədə dedikləri mətbuatda işıqlandırılsa da, telekanallar vasitəsi ilə nümayiş olunsa da, nə o, nə də bir başqası həmin yolun 30 il davam gətirəcəyinə dair hər hansı sənədə qol çəkib. Niyə? Çünki Ziya Məmmədov özü də çox gözəl bilir ki, onun tabeliyi altında fəaliyyət göstərən "Azəryolservis" ASC-nin tikdiyi yola 30 il zəmanət vermək sadəlövhlükdən başqa bir şey deyil…

Şübhəsiz, hazırda ölkədə həyata keçirilən yol-nəqliyyat layihələrinin keyfiyyətsiz olmasında cəzasızlıq mühitinin mövcudluğu ciddi rol oynayır. Yəni bəzi səbəblər üzündən məmurların bir qismi qanun qarşısında heç bir məsuliyyət hiss etmirlər. Normalda qanunvericiliyin tələblərinə görə, yol çəkiləndə podrat və tender müqavilələri bağlanır. Həmin müqavilələrdə tərəflərin öhdəlikləri əksini tapmalıdır. Azərbaycanda icra edilən bəzi layihələr isə bu baxımdan istisnadır. Belə ki, şübhəli tenderlər vasitəsi ilə layihələr konkret şirkətlərin sərəncamına verilir. Bu da azmış kimi, layihələrə heç bir ictimai nəzarət mexanizmləri yoxdur, bütün müqavilələr, şərtlər qapalı saxlanılır. Bu cür şəraitdə təbii, belə keyfiyyətsiz yollar meydana çıxmalıdır. Lakin onu da qeyd etmək lazımdır ki, əgər aidiyyəti qurumlar tərəfindən ciddi və obyektiv araşdırma aparılsa, o zaman həm Nəqliyyat Nazirliyinin, həm də "Azəryolservis" ASC-nin fəaliyyətində şokedici nöqsanlar aşkarlana bilər. Hətta həmin nöqsanlar Ziya Məmmədovun nəqliyyat naziri postu ilə vidalaşmasına belə səbəb ola bilər… \\ gundelik-baku.com \\

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt