Əsas Səhifə > Ölkə, Manşet > Ağdamda dövlətin sosial müdafiə siyasəti nədən iflasa uğrayır...
Ağdamda dövlətin sosial müdafiə siyasəti nədən iflasa uğrayır...30-06-2015, 11:01 |
Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda da biz qeyd etmişik ki, bu gün Azərbaycanda əhalinin sosial problemlərinin həlli, maddi rifahın yüksəldilməsi istiqamətində əsaslı dövlət tədbirləri həyata keçirilməkdədir. Və bu islahatlar əlbəttə ki, mütərəqqi xarakter daşımaqla Azərbaycan vətəndaşının sosial müdafiəsini daha etibarlı və yüksək səviyyədə təmin etmək məqsədinə xidmət edir. Bununla belə etiraf olunmalıdır ki, bu istiqamətdə həyata keçirilən islahatlar heç də bütün mərhələlərdə gözlənilən nəticələri vermir. Xüsusən əhalinin aztəminatlı təbəqəsini təmsil edən vətəndaşların həyat səviyyəsinin qaldırılması məsələsinin daima dövlətin diqqət mərkəzində saxlanılmasına rəğmən, bəzi məmurların yerlərdə yol verdikləri özbaşınalıqlar hələ də, məhz bu təbəqənin maraqlarına ciddi zərbələr vura bilmək qabiliyyətindədir. Belə vəziyyətin yaranmasına əsas səbəblərdən biri isə DSMF strukturlarına, xüsusən qurumun rayonlarda fəaliyyət göstərən şöbələrinə rəhbərlik edən bəzi məmurların dövlətimizin bu sahədə həyata keçirdiyi siyasəti nə düzgün qiymətləndirməyə, nə də bu baxımdan üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə hazır olmamalarıdır. Bir çox bölgələrdə, DSMF şöbələrinə rəhbərlik edən şəxslərin özbaşınalıqları, aztəminatlı vətəndaşların problemlərinə biganəlikləri yerlərdə əhalinin kəskin etrazlarına səbəb olur. Bir neçə rüşvətxor məmurun varlanması əhalini dövlət strukturlarından narazı salmaq hesabına başa gəlir. Əslində, bu kimi hərəkətlər dövlət əleyhinə provokasiya kimi qiymətləndirilməlidir. Çünki bu vəziyyət bir tərəfdən dövlətin sosial siyasətinin reallaşmasına əngəl törədir, digər tərəfdən isə konkret vətəndaşların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, bu kimi halların xüsusilə çox baş verdiyi rayonlardan biri də məhz Ağdam rayonudur. Artıq ötən saylarımızda dərc etdiyimiz materiallarda biz qeyd etmişdik ki, Mənbələrin iddialarına görə DSMF-nin Ağdam rayon şöbəsinin iş prinsipi tamamilə korrupsiya və rüşvətxorluq üzərində qurulub. Heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan ödənişlərin tətbiq edilməsi, əhaliyə zəhmli məktubların göndərilməsi, cərimə sanksiyalarının tətbiq olunması burada adi haldır. Şöbənin müdiri Novruz Hacıyev isə təqaüdlərin saxta yollarla artırılması kimi maxinasiyaların mahir ustası kimi ad çıxarıb. Digər tərəfdən isə Ağdam sakinləri bildirirlər ki, Novruz Hacıyevin əlindən qanuni pensiyalarını ala bilmirlər. Pensiya alınması ilə yanaşı, ona nail olmaq üçün də DSMF-nin Ağdam şöbəsində bir xeyli pul tələb edilir. Vəziyyətdən istifadə edən şöbə müdiri isə “qiymətləri” getdikcə daha çox qaldırır. Bununla yanaşı, aldığımız məlumatlarda Novruz Hacıyevin birbaşa büdcə vəsaitlərini mənimsəmək məqsədilə törətdiyi maxinasiyalardan da söz açılır. Bu xüsusda yeni təqdim olunan açıqlamalarda, mənbələr DSMF-nin yerli şöbəsinin müdiri Novruz Hacıyevi müxtəlif müəssisə rəhbərləri ilə əlbir olaraq bir sıra qanun pozuntularına yol verməkdə ittiham edirlər. Bildirilir ki, Novruz Hacıyevin bəzi müəssisə rəhbərləri ilə aralarında əldə olunan razılığa əsasən, rəsmi sənədlərdə həmin müəssisədə işləyən fəhlələrin sayı real saydan xeyli az göstərilir. Bu azaltma müəssisə rəhbərliyini bir çox büdcə ödənişləri, o cümlədən sosial müdafiə fonduna olan ödənişlər üzrə xərclərin böyük bir hissəsindən azad edir. Eyni zamanda məhz Sosial Müdafiə Fondu üçün nəzərdə tutulan ödənişlərdən qənaət olunan məbləğin yarısı, nəğd şəkildə Novruz Hacıyevə təqdim edilir. Beləliklə də, yerli müəssisələr tərəfindən ayrılan ödənişlər faktiki olaraq iki fondun – həm DSMF-nin, həm də Novruz Hacıyevin şəxsi “fondu”nun maliyyələşməsinə sərf olunur. Geri qayıt |