Əsas Səhifə > Ölkə, Manşet > Qərib Məmmədovdan milyonların hesabı sorula bilər...
Qərib Məmmədovdan milyonların hesabı sorula bilər...25-06-2015, 11:58 |
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bütün səlahiyyətli şəxslərinin fəaliyyəti ciddi şəkildə təftiş olunur Bildiyiniz kimi, bu ilin fevral ayının 5-də dövlət başçısının imzaladığı müvafiq fərmanla ölkədə mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədi ilə Qərib Məmmədovun 20 ilə yaxın müddət ərzində rəhbərlik etdiyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) ləğv edilib. Adıçəkilən komitənin səlahiyyətləri isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə verilib. Bununla da Qərib Məmmədovun karyerasına son qoyulmuş oldu. Lakin görünən odur ki, sabiq komitə sədri DTXK-nin ləğvi ilə canını qurtara bilməyəcək. Belə ki, əldə etdiyimiz bilgilərə görə, onu həbs təhlükəsi gözləyir. Redaksiyamızı məlumatlandıran mənbə iddia edir ki, təxminən, 2 aydan artıqdır ki, Qərib Məmmədov başda olmaqla, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bütün səlahiyyətli şəxslərinin, eləcə də komitənin yerli şöbələrinin fəaliyyəti ciddi şəkildə təftiş olunur: "Deyilənlərə görə, həm Qərib Məmmədovun, həm də onun tabeliyində çalışan şəxslərin işi Heysablama Palatası, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, Maliyyə və Vergilər nazirlikləri, həmçinin digər müvafiq qurumlar tərəfindən köklü şəkildə araşdırılır. Qeyd edim ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvindən bir müddət sonra adıçəkilən komitəyə və onun tabeliyində olan qurumlara dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi, büdcədənkənar vəsaitlərin formalaşması və istifadəsi ilə bağlı auditin nəticələri ürəkaçan olmayıb. Belə ki, Hesablama Palatasının 2014-cü il üzrə hesabatında Qərib Məmmədovun komitəsində ötən il ərzində bir çox maliyyə pozuntularına yol verildiyi bildirilib. Məlum olub ki, komitənin aparat üzrə büdcə proqnozları tərtib edilərkən müvafiq qanunvericilik aktlarının tələblərinə əməl edilməyərək bir sıra hallarda xərc maddələri üzrə əhatəli iqtisadi əsaslandırma və hesablamalar aparılmayıb, bəzi xərclər üzrə real tələbat və ötən illərin icra faizi nəzərə alınmayıb, tələbatdan artıq vəsaitlər nəzərdə tutulub. Nəticədə bəzi xərc paraqrafları üzrə kassa xərcləri aşağı olub, bəzi xərclər üzrə ilkin təyinat tam icra edilməyib. Bundan başqa, dövlət qulluğunun tənzimlənməyən qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi nəticəsində əməkhaqqı, ezamiyyə müddətinin düzgün hesablanmaması səbəbindən ezamiyyə xərcləri artıq ödənilib, xidməti minik avtomobillərinin sayı həddinə əməl edilməyib, nəqliyyat vasitələrinin təmiri bəzi hallarda qüsur aktları tərtib edilmədən həyata keçirilib, normalara riayət edilməməsi nəticəsində artıq yanacaq silinib". Məlumatlı şəxsin sözlərinə görə, Hesablama Palatası tərəfindən aparılmış audit zamanı o da bəlli olub ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə 2013-2014-cü illərdə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına vəsait üzrə yerinə yetiriləcək təmir-tikinti işləri ilə bağlı mövcud qanunvericilik aktlarının tələblərinə riayət edilməyib, ödənişlər icraçının təqdim etməli olduğu sənədlər tələb olunmadan aparılıb, başa çatmayan təmir-tikinti işlərinin dəyəri müəssisənin balansında müvafiq hesabda əks edilməyib: "Bağlanmış müqavilələrdə və mal alışı sənədlərində isə malların adları, texniki tələbləri, ölçüləri, mənşəyi və parametrləri öz əksini tapmayıb, 2 halda müqavilə öhdəlikləri 23,5 faiz və 12,3 faiz icra edilərək heç bir səbəb göstərilmədən ləğv olunub və müvafiq icra hakimiyyəti orqanının razılığı alınmadan digər müəssisə ilə birbaşa müqavilə bağlanaraq icra edilib. Qeyd edim ki, uzun müddət Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində çalışan şəxslər də artıq etiraf edirlər ki, Qərib Məmmədovun nöqsanlı fəaliyyəti ucbatından 100 milyonlarla dövət vəsaiti havaya sovrulub. Mənbə həmçinin, onu da iddia edir ki, ötən 20 ildə Qərib Məmmədov ətrafına kifayət qədər səriştəsiz, savadsız, qeyri-peşəkar "kadr"ları toplayıb və bununla da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyətini iflic vəziyyətə salıb: "Deyilənlərə görə, Qərib Məmmədovun sağ əllərindən olan Cavid Abdullayev Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin məlum videolarının rejissorluğunu edib və Elşad Abdullayevdən sonra Qərib Məmmədovun sevimlisinə çevrilib. Bundan başqa, ölkə başçısının informasiya texnologiyalarının inkişafına önəm verdiyi dövrdə savadsız mütəxəssisləri komitəyə yığmaqda Qərib Məmmədovun torpaq islahatına nə qədər "səmimi" olması daha aydın görünür. Onun "kadr"larının böyük əksəriyyəti adi üçbucağın sahəsini hesablaya bilmir, 1 hektar torpağın neçə kvadratmetr olduğundan xəbərsiz idilər. Odur ki, bu cür komitənin ləğv olunması təbii hal kimi qarşılanmalıdır. Çünki Qərib Məmmədov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini özünün biznes obyektinə çevirmişdi…" \\gundelik-baku.com \\ Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |