Əsas Səhifə > Ölkə, Manşet > Dövlət Neft Akademiyasında "həmkar maxinasiyası"...

Dövlət Neft Akademiyasında "həmkar maxinasiyası"...


16-06-2015, 11:30
Dövlət Neft Akademiyasında "həmkar maxinasiyası"...
Bu günlərdə redaksiyamıza Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Həmkarlar İttifaqı Komitəsində bir sıra neqativ halların yaşandığını özündə əks etdirən bilgilər daxil olub. Belə ki, sözügedən komitənin sədri Məzahir Babayevin fəaliyyətində ciddi nöqsanlara yol verdiyini qeyd edən məlumatlı şəxsin sözlərinə görə, o, ADNA-nın işçilərinin hüquqlarının qorunması ilə əlaqədar demək olar ki, heç nə etməyib.

Adıçəkilən universitetdə çalışan şəxslərin əməkhaqlarından hər ay Həmkarlar İttifaqı Komitəsinə köçürmələrin edildiyini vurğulayan mənbə iddia edir ki, toplanan vəsaitlər təyinatı üzrə xərclənmir: «Məzahir Babayevin rəhbərlik etdiyi komitəyə qoşulmaq üçün üzvlük haqqı olaraq Azərbaycan Dövlət Neft Akademiyasının əməkdaşları əməkhaqlarının 2 faizindən keçmək məcburiyyətindədirlər. Qeyd edim ki, ADNA-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən ay ərzində külli miqdarda vəsait toplanır. Bir vaxtlar bu pulla ittifaqa üzv olan işçilər müxtəlif yerlərə istirahətə göndərilirdi. İndi isə Məzahir Babayevin rəhbərlik etdiyi komitəyə yığılan vəsaitlər elə universitetin əməkdaşlarının «bülleten» pullarının ödənməsinə sərf olunur. Bu isə onu deməyə əsas verir ki, vətəndaşların hüquqlarının müdafiəsi məqsədi ilə yaradılmış ictimai qurumun özünün fəaliyyətində ciddi neqativ hallar müşahidə olunur».

Azərbaycan Dövlət Neft Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri Məzahir Babayevin fəaliyyətini ciddi şəkildə tənqid edən mənbənin bildirdiyinə görə, həmkarlar ittifaqları istehsal və qeyri istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır. Bu səbəbdən də həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə etməlidirlər: «Lakin Məzahir Babayevin rəhbərlik etdiyi komitə Həmkarlar İttifaqlarının Nizamnaməsinin tələblərinə əməl etməməklə yanaşı, lazımı səviyyədə fəaliyyət göstərmir. Bu səbəbdən də Azərbaycan Dövlət Neft Akademiyasının Həmkarlar İttifaqı Komitəsi bu və digər səbəbdən işdən uzaqlaşdırılmış işçinin haqqını müdafiə etməyib, imkansız insanlara, sosial yardıma ehtiyacı olanlara qayğı göstərməyib. Adamda elə təəsürat yaranır ki, sanki Azərbaycan Dövlət Neft Akademiyasında həmkarlar ittifaqı komitəsi yoxdur. Buna görə də universitetdə hansısa bir hüququ Məzahir Babayevin rəhbərlik etdiyi komitə tərəfindən müdafiə və ya bərpa olunmuş müəllim tapmaq çətin məsələdir. Yəni elə vətəndaşlara ADNA-da çalışanlar arasında rast gəlmək ümumiyyətlə mümkün deyil».

Bu arada, Məzahir Babayevin 1992-1994-cü illərdə Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) komandiri, 1994-95-ci illərdə isə daxili işlər nazirinin müavini olmuş mərhum Rövşən Cavadovla yaxın münasibətdə olduğunu iddia edən məlumatlı şəxsin sözlərinə görə, Azərbaycan Dövlət Neft Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri Rövşən və Mahir Cavadovlar tərəfindən 1987-ci ildə yaradılmış Təkamül Partiyasında təmsil olunub: «Görünür, Məzahir Babayev elə bilir ki, hələ də 1992-93-cü illərdir və o, ürəyi istədiyini edə bilər. Bu mümkün deyil. Çünki bu gün nə Rövşən Cavadov var, nə onun partiyası. Bütün bunlar keçmişdə qaldı. Məzahir Babayev yalnız o vaxtlar OMON-un hesabına şəxsi maraqlarını reallaşdıra bilərdi. İndi bu cür yollarla nəyəsə nail olmaq mümkün olan iş deyil. Yaxşı olar ki, Azərbaycan Dövlət Neft Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri keçmişlə yaşamaqdansa, fəaliyyətində dönüş etsin və üzərinə düşən vəzifələrin icrasını lazımınca təmin etsin».

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
«Gündəlik Bakı»

Geri qayıt