Əsas Səhifə > Ölkə, Manşet > Ramiz Zeynalovun kadrı sürücülərə qənim kəsilib...

Ramiz Zeynalovun kadrı sürücülərə qənim kəsilib...


6-06-2015, 10:53
Ramiz Zeynalovun kadrı sürücülərə qənim kəsilib...
Müvafiq qanuna görə, çoxavazlı səs siqnalları yalnız yollarda üstünlüyə malik olan nəqliyyat vasitələrinə, təcili yardım, polis maşınları, yanğınsöndürənlərə və s. aiddir. Avtomobillərə sonradan quraşdırılan yüksəktonlu siqnallara görə adi adamlar 80-100 manat məbləğində cərimə edilirlər. Amma İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdən sonra səsgücləndirici siqnallara görə cərimələr artırılıb.

Belə ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnallarından istifadəyə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə 500 manatdan 800 manatadək cərimə tətbiq edilir. Əfsus ki, bəzi hallarda yol patrul xidmətinin əməkdaşları qanunun tələblərini kobud şəkildə pozur və sürücülərdən cərimədə nəzərdə tutulmuş məbləğdən əlavə "rüsum" tələb edirlər. Və yaxud qayda pozuntusu olduğu halda, problemi yerindəcə yoluna qoyub qanunsuz işə imza atırlar. Son vaxtlar Dövlət Yol Polisi İdarəsinin (DYPİ) bəzi şöbələrində bir sıra qanun pozuntuları müşahidə edilməkdədir. Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsində (DYPŞ) cərəyan edən qanunsuzluqlar daha dözülməz həddə çatıb. Məlumatlı mənbələrin redaksiyamıza ötürdüyü informasiyada deyilir ki, şöbənin rəisi Tofiq Quliyev və işçiləri səlahiyyətlərindən kənara çıxaraq sürücülərə əlavə problemlər yaradırlar: "Şöbənin əməkdaşları sürücülərlə normal rəftar etmir, müxtəlif bəhanələrlə onları incidirlər. Nərimanov DYPŞ-nin işçiləri əksər hallarda sürücüləri heç bir səbəb olmadan saxlayır və onlara yaxınlaşarkən özlərini təqdim etmirlər. Bununla da qanunda göstərilən halları heçə sayırlar. Ciddi qanun pozuntusu olmadan, saxlanma əmrinə tabe olan sürücülərin belə, avtomobillərindən çıxmalarını tələb edirlər. Əslində, polis əməkdaşı sürücüyə yaxınlaşarkən ilk öncə özünü təqdim etməli və bu zaman sürücü avtomobildən düşməyə borclu deyil. Tofiq Quliyevin göstərişi ilə şöbənin əməkdaşları sürücüləri tez-tez saxlayaraq heç bir ciddi əsas olmadan cərimələyirlər. Bundan başqa, yol polisləri sürücüləri saxlayanda nəysə almamış buraxmırlar. Sürücülər sürücülük vəsiqələrinə bal, yaxud cərimə yazılmaması üçün yerində "rüsum" ödəyib yollarına davam edirlər. Xidmətə çıxan hər bir işçinin qarşısında konkret "tapşırıqlar" qoyulur. Xidmət başa çatanda rəis şəxsən özü hesabat aparır. Əgər hansı yol polisi "tələb"ləri yerinə yetirə bilmirsə, rəis onu danlayır. Əksinə, şöbə rəhbərinin dediklərini artıqlaması ilə icra edən yol polisləri mükafatlandırılır". Etibarlı mənbənin sözlərinə görə, şöbə rəisi tabeliyində olan əməkdaşları vəzifə borclarının icrası barədə təlimatlandırarkən onlara daha çox başqa məsələlər haqqında informasiya verir: "Rəis işçilərini düzgün, şəffaf işləməyə istiqamətləndirmək əvəzinə, onları qanunları pozmağa məcbur edir. Belə olan təqdirdə Nərimanov Dövlət Yol Polisi Şöbəsinin işçiləri məcburiyyət qarşısında qaydanı pozmayan sürücüləri də saxlayıb cərimə protokolu yazırlar. Buna görə də sözügedən şöbədən şikayətlər durmadan artır. Rəis üçün bunun heç bir önəmi yoxdur. Çünki onu vəzifə səlahiyyətlərinin icrası yox, tamamilə başqa mətləblər maraqlandırır. Yeni "Qai" maşınları veriləndən sonra şöbə rəhbərliyi sürücülərə qarşı daha da aqressivləşib. Amma bu məsələdə bəzi istisnalar var. Nərimanov Dövlət Yol Polisi Şöbəsinin rəisi, o cümlədən işçiləri yol hərəkəti qaydalarının tələblərini kobud formada pozan bahalı və "zerkalnı" nömrəli maşınların sürücülərinə qarşı sərt ola bilmirlər. Həmin sürücülər yol polislərinin gözü qarşısında qaydaları pozur, ürəkləri istəyəni edirlər. Buna baxmayaraq, onların barəsində tədbir görülmür. Şöbə rəisinin gücü ancaq kasıb sürücülərə çatır. Yol polisi əməkdaşlarının iş prinsipi sürücülərin haqlı etirazlarına səbəb olur. Son zamanlar Nərimanov rayonunda gecə saatlarında avtoxuliqanlıq edənlərin sayı artmağa başlayıb. Lakin nədənsə bütün bunlar yol polisinin nəzərindən yayınır".

Qeyd edək ki, mətbuatda dəfələrlə yol polisi əməkdaşlarının vətəndaşlardan rüşvət tələb etməsi və alması haqda məlumatlar gedib. Hətta buna görə daxili işlər naziri Ramil Usubov bir neçə vəzifəli şəxsi tutduğu vəzifədən uzaqlaşdırıb. Təəssüf ki, həyata keçirilən tədbirlər bir çoxlarına, o cümlədən Nərimanov DYPŞ-nin rəisi Tofiq Quliyevlə Şamxal adlı işçisinə dərs olmayıb. Əldə etdiyimiz məlumatlara əsasən şöbənin Şamxal adlı əməkdaşı bu günlərdə 10-PS-055 nömrə nişanlı "Mercedes"in sürücüsü Sənan adlı sürücünü saxlayıb. Buna səbəb vətəndaşın avtomobilindəki qadağan olunmuş səs siqnalı olub. Şöbəyə aparılan sürücü ilə yol polisi arasında maraqlı dialoq baş verib. Belə ki, sürücü problemin çözülməsinin ayrı yollarının olduğunu soruşanda yol polisi bunun yalnız 1500 manat müqabilində mümkün olacağını bildirib. Məbləğin çox olduğunu görən sürücü qiymətdə endirim olunmasını xahiş etsə də, Şamxal adlı yol polisi "pul məsələsinə Tofiq müəllim özü baxır, gedin onunla razılaşın, əgər razı olsa 1000 manat verərsiniz", deyə vurğulayıb. Bir neçə dəqiqəlik söhbətdən sonra sürücü rəislə razılığa gəlib və 1000 manat ödəyərək maşını cərimə meydançasından çıxarıb. Bizə maraqlıdır görəsən, alınan 1000 manat dövlət büdcəsinə keçiriləcək, yoxsa rəisin cibinə? Bu sualın cavabına, eləcə də Tofiq Quliyevin 60 minlik əziyyəti barədə növbəti saylarımızda ətraflı məlumat verəcəyik. İnanmaq istərdik ki, DİN rəhbərliyi vəzifəsinə yaraşmayan işlərə qol qoyan şöbə rəisi ilə bağlı tezliklə ciddi ölçü götürəcək.
\\ gundelik-baku.com \\
Geri qayıt