Əsas Səhifə > Ölkə, Manşet > Heydər Əsədov bağlanan yarmarkaların güdazına gedə bilər...
Heydər Əsədov bağlanan yarmarkaların güdazına gedə bilər...4-06-2015, 11:37 |
Məlumat verdiyimiz kimi, paytaxtda fəaliyyət göstərən kənd təsərrüfatı yarmarkaları bağlanıb. Ekspertlər bu addımı Avropa Oyunlarının başlaması ilə əlaqələndirsələr də, Kənd Təsərrüfatı naziri Heydər Əsədov bunu təkzib edərək, digər səbəblərin olduğunu deyib. Nazir “Yarmarkaların yenidən təşkil olunması üçün hazırda Bakı Şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparılır. Bu danışıqlardan sonra yarmarkalar yenidən fəaliyyətə başlayacaq” deyərək, bu məsələnin gündəmdə olduğunu söyləyib. Editor.az-a nazirlikdə mənbələrdən daxil olan informasiyada isə kənd təsərrüfatı yarmarkalarının bağlanmasının digər səbəbləri olduğu deyilir. Mənbəmiz qeyd edir ki, yarmarkalar təyinatı üzrə fəaliyyət göstərmirmiş deyə, onların fəaliyyətinə xitam verilib: “Bilirsiniz ki, kənd təsərrüfatı yarmarkaları həm paytaxt alıcılarının ucuz məhsullar almasını, həm də əyalətlərdə əkinçiliklə məşğul olan kiçik sahibkarların məhsulunu yerli bazara çıxarmasını təmin etmək məqsədilə yaradılmışdı. Özü də bu yarmarkalarda satış edən şəxslərdən buna görə, yer pulu da alınmamalı idi. Amma yarmarkalar fəaliyyət göstərdiyi müddətdə bu qaydalar tamamilə pozulub. Yarmarkalarda əyalətlərdən gələn şəxslər deyil, “Meyvəli”, “8-ci kilometr” bazarının alverçiləri satış edirdi. Özü də məhsulları çox baha qiymətə satırdılar. Buna görə, onlardan hər gün üçün 50 manat yer pulu alınırmış. Bundan xəbər tutan ölkə rəhbərliyi Kənd Təsərrüfatı naziri Heydər Əsədova xəbərdarlıq edərək, ondan yarmarkaları ya təyinatı üzrə işlətməyi, ya da bağlamağı tələb edib”. Xatırladaq ki, paytaxtın Xətai, Nəsimi, Yasamal, Nərimanov, Səbayel və Binəqədi rayonlarında kənd təsərrüfatı yarmarkaları fəaliyyət göstərirdi. Xətai rayonu ərazisində yerləşən yarmarka isə “Ukrayna” dairəsindən Həzi Aslanov metrostansiyasına gedən yolu bağlayırdı və bu ərazidə böyük tıxac yaranırdı. Buna görə, hətta bir neçə dəfə aksiya keçirilmişdi. Geri qayıt |