Əsas Səhifə > Ölkə, Manşet > Körpələrimizin canını kimlərə və niyə əmanət edirik?

Körpələrimizin canını kimlərə və niyə əmanət edirik?


23-05-2015, 15:56
Körpələrimizin canını kimlərə və niyə əmanət edirik?
Son bir neçə ildir ki, səhiyyəmizdə baş verənlərə, edilən qanunsuzluqlara və vətəndaşların incidilməsi xəbərlərini alarkən, heç də təəccüblənmirik desək, yəqin ki, yanılmarıq. Əslində, son bir neçə il ərzində səhiyyəmiz irəliləməli, yeni nailiyyətlər qazanmalı idi. Çünki bu son bir neçə il ərzində səhiyyə sahəsinə ayrılan vəsaitlər, yeni xəstəxanaların tikilməsi, köhnə binaların yenisilə əvəzlənməsi, ən son avadanlıqların səhiyyə ocaqlarında istifadəyə verilməsi buna əyani sübutdur.

Lakin bütün bunlara rəğmən, səhiyyəmiz irəliləmək əvəzinə, daha da geriləyir. Səbəbini isə bir neçə cür izah edirlər. Bəzi ekspertlər hesab edir ki, səhiyyəmizdə irəliləyişin olmaması, bu sahədə çalışan həkimlərin əksəriyyətinin savadsız olması ilə bağlıdır. Məsələn, elə həkim var ki, ixtisasca uroloqdur, lakin digər xəstələrə də məsləhətlər verir, onlara hansısa dərmanları yazır. Bəzi ekspertlər isə, düşünürlər ki, səhiyyəmizdəki əskiklərin olması, əksər xəstəxanalara təyin edilən baş həkimlərin səhlənkarlığı ucbatındandır. Bildiyimiz kimi, bu gün paytaxtda dövlət xəstəxanaları ilə müqayisədə özəl tibb ocaqları daha üstünlük təşkil edir. Burada vətəndaşlar arasında ad-san, inam qazanmışları da var və əksinə cəmiyyət arasında inamsızlıq yaradanları da. Əslində bu gün, özəl xəstəxanalarda xərc daha az çıxır, nəinki, dövlət xəstəxanasında. Bunu əminliklə qeyd etməyimiz də, əsassız deyil. Çünki səhiyyə ilə bağlı daxil olan şikayətlər, həmin şikayətlərdə dövlət xəstəxanalarının əksəriyyətindəki durum, vətəndaşların incidilməsi, xəstə müraciət edərkən, dərmanların xəstə yaxınlarına aldırılması, hətta qapıda dayanan gözətçinin belə, nəsə umaraq vətəndaşların xəstəxanaya daxil olmasına icazə verməsi daxil olan şikayətlər sırasındadır. Və durumlar belə davam etsə, görünən odur ki, vəziyyət daha da pisləşəcək.

Körpələrimizin canını kimlərə və niyə əmanət edirik?

Təxminən bir il öncə və elə bu yaxınlarda paytaxtın bir sıra tibb müəsissisələrində yoxlamalar həyata keçirildi və bir neçə xəstəxanada ciddi nöqsanların olduğu aşkarlandı. Həmin tibb müəssisələrinin məsul şəxsləri barədə qanunda nəzərdə tutulmuş qaydada ölçülər götürüldü, bir sıra məsul şəxslər məsuliyyətə cəlb olundular. Lakin bu yaşananlardan sonra da, vəziyyət dəyişmədi. Hətta deyərdik ki, həmin ərəfədə səhiyyə ocaqlarında vəziyyət azacıq da olsa, normal olur. Lakin bir müddət sonra həmin hadisələr unudulur və əksər dövlət xəstəxanaları əvvəlki prinsipləri ilə işləməyə davam edirlər. Səhiyyə naziri Oqtay Şirəliyev hər zaman müsahibələri zamanı dövlət xəstəxanalarında müayinə və müalicə prosedurlarının pulsuz olduğunu deyir. Lakin görünür bir çox səhiyyə ocaqlarının rəhbərləri nazirin bu fikri ilə razı deyillər. Bu gün yenidən səhiyyə mövzusunda danışmaqda məqsəd, redaksiyamıza daxil olan şikayətlə bağlıdır. Qeyd edək ki, daxil olan şikayət Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 6 ünvanında yerləşən 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasındandır. Onu da diqqətinizə çatdıraq ki, 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının baş həkimi Qurbanova Rəna Əziz qızıdır. Qısa xatırlatma verək ki, təxminən iki ay öncə 5 saylı poliklinikada yaşananlar barədə redaksiyamıza şikayət daxil olmuşdu ki, bizlər də həmin şikayəti işıqlandırmışdıq. Lakin görünən odur ki, edilən şikayətlər, vətəndaşların səhiyyə ocağından narazı olması Rəna Qurbanovanı heç də narahat etmir. Çox güman ki, narahat etsə idi, iki ay sonra yenidən həmin tibb müəssisəsindən şikayət daxil olmazdı. Pasiyentlərin sözlərinə görə, 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında bəzi həkimlər öz şəxsi maraqlarını güdürlər. Əgər həkimi "görə" bilmirsənsə, o zaman hər hansısa bir müayinə də olmayacaq. Dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin pulsuz olmasına dair xüsusi qanun maddəsi olduğu halda, bu gün istisnasız olaraq bütün xəstələr 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının baş həkimindən tutmuş, tibb bacılarına qədər, hamısını görməli olurlar. Belə olan halda isə, təbii ki, həmin tibb ocağında həkimlərə olan hansısa inamdan, xəstələrin düzgün müayinə və müalicəsindən söhbət belə gedə bilməz. Digər tərəfdən isə, poliklinikada yaranmış vəziyyətdən şikayətlənən xəstələr, həmin tibb müəssisəsinin rəhbərliyini həm də saxta arayışların verilməsində ittiham edirlər. Belə ki, baş həkim daxil olmaqla, digər həkimlər də poliklinikadan öz mülkləri kimi istifadə edir. Xəstələrə qarşı soyuq münasibət nümayiş etdirirlər. Sanki xəstələr onlar üçün gəlir mənbəyidir. Bu azmış kimi, poliklinikada həkim belə tapmaq, müşkül məsələyə çevrilib. Səhər saat 9 radələrində poliklinikaya getsən, həkim tapmaq olmur. Eşidəcəyimiz isə iki cavab var. Həkim ya məzuniyyətdədir, ya da, hələ gəlməyib. O zaman belə çıxır ki, təcili olaraq poliklinikaya yollanmış xəstə həkim gələnə kimi ən yaxşı halda gözləməli və yaxud da, ölməlidir. Hələ səhiyyə ocağındakı tibbi avadanlıqları demirik. Sözügedən ünvanda tibbi avadanlıqları ya işləmir, ya da ümumiyyətlə yoxdur. Sadəcə olaraq, həkimlər günlərini keçirmək üçün evdən çıxıb, 5 saylı poliklinikaya yollanırlar. Bir sözlə, daxil olan şikayətlər Rəna Qurbanovanın icra etməli olduğu işləri unutduğunu və dövlət xəstəxanasını, əməlli başlı özəl səhiyyə ocağına çevirdiyini göstərir. Bu isə ilk növbədə qanunlara qarşı çıxmaq və vəzifədən sui istifadə etmək deməkdir.

Geri qayıt