Əsas Səhifə > Ölkə, Manşet > «İrşad Telekom»dan vətəndaşlara «qarantiya» fırıldağı - Müştəriləri necə aldadırlar

«İrşad Telekom»dan vətəndaşlara «qarantiya» fırıldağı - Müştəriləri necə aldadırlar


16-02-2015, 10:21
«İrşad Telekom»dan vətəndaşlara «qarantiya» fırıldağı - Müştəriləri necə aldadırlar
DİA.AZ: - Mobil telefon bazarındakı nəzarətsizliyə bu yaxınlarda dövlət müdaxilə etmə təşəbbüsləri göstərsə də, bu problem hələ də ciddi şəkildə qalmaqdadır. Xatırladaq ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi tərəfindən də müəyyən qadağalar tətbiq olunmuşdu. Amma sonradan aydın oldu ki, DGK-nın hörmətli sədri Aydın Əliyevin bu şifahi təlimatı daha çox mobil telefon inhisarçılarının maraqlarına xidmət edirmiş. Daha mobil telefon satıcılarından zara gələn vətəndaşları deyil…

Qeyd edək ki, hazırda Azərbaycanda mobil telefonların satışı ilə məşğul olan onlarla şirkət var və həmin şirkətlər sırasında ciddiliyi ilə fərqlənən «İraşd Telekom» kifayət qədər populyar hesab olunur. Amma DİA.AZ-a daxil olan şikayət məktubundan belə anlaşılır ki, bu şirkətin «ciddiliyi» yalnız apardığı reklam kampaniyaları ilə formalaşan bir təəssüratdır. Realda isə vəziyyət tamam fərqlidir.

Dia.az-a yazan Bakı şəhər, Səbail rayon, Bayıl qəsəbəsi sakini İlahə Həsənova bildirir ki, o, keçən ilin iyun ayında «İrşad Telekom»dan «iPhone» telefonu alıb:

«Təbii ki, reklamlarına aldanaraq bu şirkətə müraciət etdim. Aldığım telefona bir il təmir qarantiyası versələr də, sonradan bunun bir oyun olduğunu gördüm».

Aldığı telefonun keçən ildən bu yana 3 dəfə xarab olduğunu bildirən Bakı sakini dia.az-a bildirir ki, həmin zaman şirkətə müraciət edib: «Hər 3 dəfədə bir aydan artıq telefonum onlarda qaldı və özümə yenidən işlək vəziyyətdə qaytardılar. Mən də inanırdım ki, onlar mənim telefonumu təmir edirlər.

Amma sonradan aydın oldu ki, bu belə deyilmiş. Telefonumu 10 gün əvvəl satdım ki, daha təminat müddəti də bitmək üzərədir. Çünki bu telefonu aldıqdan sonra yalnız 2-3 ay işlədə bilmişdim. Çox ucuz qiymətə telefonu satmalı oldum və bu zaman teleofnumu alan dükanda mənə dedilər ki, ümumiyyətlə, telefonum heç bir zaman təmir olunmayıb, onun arxası belə açılmayıb.

Yəni aydın oldu ki, «İrşad Telekom» bu yolla mənim başımı aldadıb. Hər dəfə təmir adı altında mənim telefonumu özlərində uzun müddətə saxlayıblar ki, təminat müddəti bitsin. Və telefonumda yaranan nasazlığı ötəri yolla həll edərək, mənim başıma corab hörüblər».

Artıq bununla bağlı Sənaye və İqtisadiyyat Nazirliyinin Antiinhisar Xidmətinə şikayətə hazırlaşdığını və eyni zamanda məhkəməyə müraciət edəcəyini bildirən Bakı sakini dia.az-a onu da bildirdi ki, şirkətin digər müştəriləri də bu yolla aldatmaması üçün ən sərt cəzaların tətbiq olunmasını tələb edəcək.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt