Əsas Səhifə > Ölkə, Manşet > Neftçalada vəziyyət nəzarətdən çıxıb? - İcra başçısının adamlarına söz deyən yoxdur

Neftçalada vəziyyət nəzarətdən çıxıb? - İcra başçısının adamlarına söz deyən yoxdur


14-02-2015, 10:36
Neftçalada vəziyyət nəzarətdən çıxıb? - İcra başçısının adamlarına söz deyən yoxdur
Yeni sədr bələdiyyə torpağında yerləşən obyektlərin sahibləri ilə bağlanmış müqavilənin şərtlərinə özbaşına şəkildə dəyişiklik edib

Ölkənin cənub-şərqində yerləşən Neftçala rayonunda məmur özbaşınalıqları səngimək bilmir. Son günlər rayonda fəaliyyət göstərən yerli idarə, müəssisə və təşkilat rəhbərlərinin qanuna sığmayan hərəkətləri ilə bağlı yuxarılara ünvanlanan şikayət məktublarının sayı kəskin şəkildə artıb. Buna baxmayaraq, vətəndaşları incidən, onların haqqını tapdalayan vəzifəli şəxslərin barəsində heç bir ölçü götürülmür.

Qəzetimizin keçən saylarından birində "Qarabağ müharibəsi veteranları, əlil və şəhid ailələri" İctimai Birliyinin Neftçala rayon təşkilatının sədri Aydın Aslanovun icra başçısı İsmayıl Vəliyevə arxayın olaraq törətdiyi özbaşınalıqlar haqqında yazı dərc etmişdik. Redaksiyamıza müraciət edən rayon sakinləri Aydın Aslanovun bu ictimai təşkilata rəhbərlik etməsinin Qarabağ qazilərinə, əlil və səhid ailələrinə qarsı hörmətsizlik olduğunu bildirmişdilər: "Çünki Aydın Aslanovun Qarabağda nə vaxt, harada olması, hansı istiqamətdə gedən döyüşlərdə istirak etməsini rayonda heç kim bilmir. Bilinən odur ki, Aydın Aslanov məhz Qarabağ müharibəsindən yayınmaq üçün polisdən çıxıb. 2012-ci ildə isə birdən-birə necə oldusa Aydın Aslanov "Qarabag müharibəsi veteranları, əlil və şəhid ailələri" İctimai Birliyinin Neftçala rayon təşkilatının sədri oldu?! Təskilata sədrliyə keçəndən sonra isə icra başçısı İsmayıl Vəliyevdən müxtəlif instansiyalara şikayət ərizələri yazmağa başladı. Daha sonra bu şikayətlərin nə məqsədlə edildiyi aydınlaşdı. Sən demə, bütün bunlar sadəcə, şahmat termini ilə desək, "Atla gediş" imiş?! Bunu deməyə Aydın Aslanovun icra başçısı ilə sonrakı yaxınlığı əsas verir. Bir müddət sikayətləri ilə icra başçısını şantaj edən Aydın Aslanov indi artıq icra başçısının obrazlı desək, vuran əli, eşidən qulağı, lazım gələndə danışan dilidir! Rayon rəhbərinin yanında belə hörmət qazanan Aydın Aslanovun ilk işi o oldu ki, rayonun avtovağzalını bu məqsədlər üçün tam yararlı olan bir binadan, rayon mərkəzində-yaşayış binaları, həyət evləri və 3 saylı orta məktəblə əhatə olunmuş bir ərazidə tikilən bazarda, avtovağzal üçün heç bir şəraiti olmayan bir otağa köçürülməsinə nail oldu.

Bu işdə icra başçısının da xüsusi marağı oldu. Çünki yeni tikilmiş bazarın el dililə desək, gurlaşması icra başçısının da marağında idi. Əks halda bu bazarı da Qobustan rayonunda inşa edilmiş bazarın aqibəti gözləyirdi. Bütün bunlara qanuni don geyindirmək üçün isə rayonun 1 saylı orta məktəbinin direktoru Alim Abdullayevin rəhbərlik etdiyi "Avtoservis"MMC-yə Aydın Aslanov icraçı direktor təyin edildi. Bu da az oldu! Aydın Aslanov Nəqliyyat Nazirliyinin Cəlilabad rayon 13 saylı Regional Nəqliyyat Departamentinin rəisi Namiq Kərimovla əlbir olub yeni avtovağzalda marşrut alveri etməyə başladı. Aydın Aslanov və Namiq Kərimov cütlüyü Neftçala bazarı-"Sədərək" ticarət mərkəzi marşrutu üzrə işləyən mikroavtobusları şəxsi əmlakları kimi istifadə edib, qaz vurub, qazan doldururlar! Kassası olmayan, vətəndaşlara bilet satılmayan "avtovağzaldan" çıxan mikroavtobusların sürücüləri hər oturacağa görə Aydın Aslanova reysdə bir manat ödəyirlər. Əvəzində isə Aydın Aslanov onlara "yolunuz aydın olsun" deyib yola salır. Yox əgər kimsə Aydın Aslanovun icra başçısı üçün tələb etdiyi 1300 manat pulu verməsə, onda Aydın Aslanov həmin sürücüyə hücum edib, onun kimliyindən, ailə vəziyyətindən asılı olmayaraq onu reysdən çıxarıb ailəsini çörəksiz qoyur! Namiq Kərimov da Aydın Aslanova dəstək verib, şikayət edənlərin qarşısında dağ olub, dim-dik dayanır". Şikayətdən göründüyü kimi, rayonun qeyri-qanuni fəaliyyət göstərən avtovağzalını nəzarətdə saxlayan Aydın Aslanov bəzi insanların burda işləməsinə imkan vermir. Rayondakı qaynaqlardan redaksiyamıza daxil olan məlumatlara görə, Aydın Aslanov icra başçısı İsmayıl Vəliyevin xeyir-duası ilə Neftçala şəhər bələdiyyəsinin sədri seçilib: "Onun bələdiyyə sədri vəzifəsində oturması rayonun mərkəzi hissələrinin bundan da bərbad hala düşəcəyindən xəbər verir. Çünki bu adamı Neftçalanın inkişafı yox, tamamilə başqa məsələlər maraqlandırır. O icra hakimi ilə şərikli şəkildə bəzi biznes layihələri həyata keçirməyə hazırlaşır. Hazırda Neftçala rayonunda İsmayıl Vəliyevlə yanaşı, Aydın Aslanovun hegemonluğu hökm sürür. O bələdiyyə sədri kimi artıq ilk özbaşınalıqlara qol qoyub. Belə ki, bələdiyyənin mülkiyyətində olan torpaq sahələrində yerləşən bütün ticarət obyektlərinin sahibləri ilə yeni müqavilələr bağlanıb. Köhnə bələdiyyə sədrinin dövründə həmin müqavilələrə görə 6 manat tələb edilirdi. Aydın Aslanov isə müqaviləyə görə hər sahibkardan 10 manat yığdırır. Onun gördüyü iş tam qanunsuzdur. Çünki bələdiyyənin ilk iclası keçirilməyib və müqavilələrin bağlanması haqda qərar qəbul edilməyib. Sədr nə bilirsə onu da edir. Özbaşına şəkildə müqavilə şərtlərinə dəyişiklik edir".

Mənbəmiz bildirir ki, Aydın Aslanov indiyə kimi səbəb olduğu qeyri-qanuni əməllərinə görə çoxdan həbs olunmalı idi: "Belə ki, bir müddət əvvəl rayon sakini Elmir Hüseynov Aydın Aslanovdan Vergilər Nazirliyinə şikayət edib. Vergilər nazirinin müşaviri, baş vergi xidməti müşaviri İlqar Əhmədovun imzası ilə Elmir Hüseynova cavab məktubu gəlib. Məktubda yazılıb ki, Neftçala şəhər sakini Aslanov Aydın Balağa oğlunun vergidən yayınması və digər məsələlər barədə Vergilər Nazirliyinə daxil olmuş 15.01.2015-ci il tarixli teleqramınıza dövlət vergi orqanlarının səlahiyyətləri daxilində baxılmışdır. Müraciətinizdə göstərilənlərlə əlaqədar aparılmış araşdırma zamanı Aslanov Aydın Balağa oğlunun Neftçala şəhəri, H.Əlyev prospektində yerləşən "Avtoservis" Məhdud Məsuliyyətli Cəmiyyətində 15.01.2015-ci il tarixədək icraçı direktor vəzifəsində çalışdığı müəyyən edilmişdir. Vergi orqanının müvafiq qərarına əsasən həmin cəmiyyətdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək vergi ödəyicisi barəsində Vergi Məcəlləsinə müvafiq qaydada 29.01.2015-ci il tarixdə akt tərtib edilmişdir. Eyni zamanda, araşdırma zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktları aşkarlanmışdır. Məlumat üçün bildiririk ki, "Avtoservis" Məhdud Məsuliyyətli Cəmiyyətində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama başa çatdıqdan sonra nəticəsindən asılı olaraq Vergi Məcəlləsində nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. Amma bələdiyyə sədri zəmin yaratdığı vergi cinayətinə görə hələ də cəzalandırılmayıb". Növbəti saylarımızda Aydın Aslanovun İsmayıl Vəliyevin haqqında yuxarılara yazdığı şikayətlərdən sonra ələ keçirdiyi obyektlər və digər qanunsuzluqları barədə məlumat verməyə çalışacağıq. Bizi izləyin.
\\ GünBakı \\
Geri qayıt