Əsas Səhifə > Ölkə, Manşet > "Aysberq" pivə zavodunda maaş böhranı

"Aysberq" pivə zavodunda maaş böhranı


16-12-2014, 12:05
"Aysberq" pivə zavodunda maaş böhranı
Xaçmaz şəhərində fəaliyyət göstərən "Aysberq" Pivə İstehsalat Müəssisəsinin təsisçisi Qasım Muradovla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Bu barədə bir qədər sonra. Xatırlatma üçün bildirək ki, bir müddət əvvəl Paşa Əliyev aidiyyəti dövlət orqanlarına müraciət edərək "Aysberq" Pivə İstehsalat Müəssisəsinin təsisçisi Qasım Muradovun iş müqabilində ona çatacaq pulu mənimsəyərək bu günə qədər vermədiyini demişdi.

Onun sözlərinə görə, Qasım Muradov Xaçmaz şəhərində şəxsi evinin tikintisini ona həvalə edib. Evin inşasının smetası isə 98 min manat məbləğində dəyərləndirilib və razılaşma da bu şəkildə olub: "Mən 6 işçi ilə Xaçmazda Qasım Muradovun evini inşa etdim. Dediyim məbləğə uyğun da tikinti materialları, usta və fəhlə xərci ödənildi. Qasım Muradov isə həmin 98 min manatı mənə hissə-hissə verdi. Ötən ilin noyabrınadək bu məbləğin 90 min manatı ödənilsə də, qalan 8 min manatı ödəməkdən imtina edir. Bunun üçün Xaçmaza dəfələrlə getsəm də, bizə çatacaq 8 min manatı ala bilmirik. Məsələyə Nərimanov rayon Polis İdarəsi baxmadı. Onlar dedilər ki, hadisə ilə əlaqədar Xaçmaz rayonu Polis Şöbəsinə müraciət edilə bilər. Çünki hadisə həmin rayonda baş verib. Bundan başqa Qasım Muradov polisə getməkdən boyun da qaçırıb. Pulumuz verilməsə yaxın günlərdə Xaçmaz rayon Polis Şöbəsinə şikayət etmək fikrindəyik". Qeyd edək ki, məsələ böyüyəndən sonra Paşa Əliyev mətbuata şikayətin həllini tapması barədə açıqlama verdi. O bildirdi ki, arada olan borc qalmaqalı təkrarən araşdırılıb və məsələ həllini tapıb. Deyilənə görə isə Qasım Muradov ondan şikayət edən Paşa Əliyevə təzyiq göstərək şikayətini geri götürtdürüb. Etibarlı mənbələrdən əldə etdiyimiz son məlumatlara görə, bu kimi xoşagəlməz işlərlə mətbuatın gündəminə gələn Qasım Muradovun rəhbəri olduğu "Aysberq" Pivə İstehsalat Müəssisəsində qanunsuzluq baş alıb gedir. İşçilərin iki aya yaxındır maaşlarını ala bilmədiyini deyən mənbənin sözlərinə görə, pivə zavodunun rəhbəri satışın aşağı olduğunu bəhanə gətirərək işçilərin hüquqlarını pozur: "Aysberq"də çalışan insanların başqa dolanışıq yeri yoxdur. Onlar burdan aldıqları maaşla ailələrini saxlayır. Son iki aydır ki, zavodun işçiləri maaş üzünə həsrət qalıb. Zavod rəhbərliyi maaşların gecikməsini satışın aşağı olması ilə əlaqələndirir. Halbuki, zavodun istehsal gücü aşağı salınmayıb. Məntiqlə fikirləşsək, əgər satış aşağıdırsa, istehsal dərhal azaldılmalıdır. Bir halda ki, zavodun istehsal gücü əvvəlki qaydadır, hansı problemdən danışmaq olar. Deməli, müəssisə rəhbərliyi satışın aşağı olması bahanəsi ilə işçilərin haqqını tapdalayır. Qasım Muradov və onun tapşırıqlarını yerinə yetirən şəxslər qəsdən əməkhaqlarını gecikdirirlər. Hələ bu azmış kimi, müəssisə rəhbəri işçiləri gündəlik iş saatından artıq işlədir. Bu isə həmin insanların əmək hüquqlarının pozulmasına gətirib çıxarır. "Aysberq" özəl müəssisə olsa da, əmək qanunvericiliyinin tələblərinə mütləq riayət etməlidir. İnsanların səhər saat 9-dan gecə saatlarına kimi işlədilməsi onların əməyinin istismar olunması deməkdir. Müəssisənin rəhbərliyində yer alan şəxslər işçilərə ayda bir dəfə istirahət verirlər. Zavodun rəhbəri maaşların bu gün, sabah veriləcəyini deyə-deyə günü günə satır. Qasım müəllim ayın bir neçə gününü xarici ölkələrdə olur, istirahət edir. Zavodda narazılıq baş qaldıran kimi isə Qasım müəllim rayonun icra başçısı Şəmsəddin Xanbabayevin adından istifadə etməyə başlayır. Əgər zavodun maliyyə məsələləri ilə bağlı problemləri varsa, bəs Qasım Muradov xaricə hansı pullarla gedib-gəlir? O və yaxın qohumları bahalı maşınlarda gəzir. Zavodun işçiləri isə maddi sıxıntı içərisində yaşayır". Məsələ ilə bağlı Qasım Muradovun mövqeyini öyrənmək üçün cəhd göstərsək də, bir nəticə vermədi. Buna baxmayaraq, zavod rəhbərinin də münasibərini öyrənməyə hazırıq. Ümidvarıq ki, bu yazıdan sonra müəssisə rəhbərliyi işçilərin maaş problemini yoluna qoyacaq.
\\ gundelik-baku.com \\
Geri qayıt