Əsas Səhifə > Ölkə, Manşet > Göygöl YAP-çısı prezident İlham Əliyevdən kömək istədi

Göygöl YAP-çısı prezident İlham Əliyevdən kömək istədi


13-12-2014, 17:18
Göygöl YAP-çısı prezident İlham Əliyevdən kömək istədi
DİA.AZ: - YAP üzvü, GDU-nu fərqlənmə diplomu ilə bitirən, SDU-nun magistaturasını bitirmiş, ön xətdə zabit kimi qulluq etmiş, ehtiyyatda olan leytenant, DQMK-nın təşkil etdiyi imtahanla Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi işləmiş, Məmmədov Şahin Şakir oğlu prezident İlham Əliyevə kömək üçün müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli cənab Prezident!

Sizin "korrupsiya bir xəstəlikdir və biz ölkəmizi bu xəstəlikdən xilas etməliyik" sözlərinizə görə bir dövlət qulluqçusu işlədiyim Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində olan korrupsiya hallarına qarşı çıxdım.
Ölkəmizdə korrupsiyaya qarşı aparılan mübarizəyə dəstək olduğum üçün dövlət qulluğuma xitam verildi. Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın büdcə vəsaitlərini özü üçün gəlir əldə etmək məqsədilə israf etməsi ilə bağlı aidiyyatı qurumlara etdiyim müraciətlər, göstərdiyim faktlar baxılması üçün sonda Göygöl rayon İcra Hakimiyyətinə göndərilir. Göygöl rayon İcra Hakimiyyəti isə bu qanun pozuntularına heç bir reaksiya vermir. Göz yumur. Sanki, Şərqiyyə Hümbətovanın fəaliyyətini yoxlamaq mümkünsüzdür. Göygöl rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidovun qəbulunda dəfələrlə olmuşam. Ş.Hümbətovanın korrupsiya əməlləri barədə faktlar ortaya qoymuşam. Ancaq cənab Arif Seyidov hər dəfə Ş.Hümbətovanın korrupsiya əməllərinə heç bir reaksiya verməyib. Bu hallar məndə belə bir təəssürat yaranır ki, cənab Arif Seyidov , bütün bu qanunsuz fəaliyyəti həyata keçirmək Ş.Hümbətovaya icazə verir.

Hörmətli cənab Prezident!
Mən bu ölkənin vətəndaşıyam, ali təhsilliyəm, YAP-ın üzvüyəm, ehtiyyatda olan zabitəm dövlətimin mənə kömək etməsini istəyirəm. Doğru yol tutduğum üçün, dövlət mənafeyini müdafiə etdiyim üçün, Sizin korrupsiyaya qarşı apardığınız mübarizəyə dəstək olduğum üçün işdən azad edilməyim azmış kimi, indi də cinayət məsuliyyətinə cəlb edilmək üzrəyəm. Səbəb çox sadədir. Korrupsionerə korrupsioner demək. Ş.Hümbətova korrupsiya əməllərinin araşdırılmadığını görüb cəsarətlənir və məni birdəfəlik susdurmaq üçün həbs edilməyimi istəyir. Ş.Hümbətovanın barəsində çoxsaylı şikayətlərlə bağlı Göygöl rayon İcra Hakimiyyətinin heç bir tədbir görməməsi, vətəndaşların korrupsiyaya qarşı mübarizə aparmaq istəyinə zərbə vurur. İnamsızlıq yaradır.

Hörmətli cənab Prezident!
Korrupsiyaya qarşı apardığınız məqsədyönlü və qətiyyətli mübarizənin uğurla yekunlaşacağına sonsuz inamım olduğu üçün bir dövlət qulluqçusu kimi korrupsiyaya qarşı çıxdım. Ancaq məndən asılı olmayan səbəblərə görə sizin mübarizənizə dəstək verə bilmədim. Haqqı dediyim üçün susduruldum. Ş.Hümbətovanın qanunsuz əməllərini araşdırmırlar. Korrupsiyaya qarşı apardığım mübarizədə, korrupsiyanın qalmasını istəyənlərə məğlub olmaq üzrəyəm. Mənə kömək edin.

Belə bir müraciəti Sizə işdən azad edilməmişdən öncə etmişdim. Və Sizdən xahiş etmişdim ki, mən dövlət qulluğundan azad edilsəm belə göstərdiyim məsələlərlə bağlı tədbir görülməsi üçün göstərişlər verəsiniz.

İndi isə yenidən Sizə müraciət edərək xahiş edirəm ki, MƏN HƏBS EDİLSƏM belə Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ş.Hümbətovanın korrupsiya əməlləri araşdırılsın. Heç olmasa mənim həbs edilməyimin ölkəmizdə korrupsiyaya qarşı aparılan mübarizəyə bir xeyri olsun".

Geri qayıt