Əsas Səhifə > Ölkə, Manşet > Etibar Pirverdiyevin işçisinin şəxsi "elektrik şəbəkəsi"...
Etibar Pirverdiyevin işçisinin şəxsi "elektrik şəbəkəsi"...27-11-2014, 10:11 |
Bu gün əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin getdikcə yüksəlməsi və dünya standartlarına yaxınlaşması tendensiyası ölkə rəhbərliyinin əhalinin sosial-məişət problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərin bir nəticəsi kimi özünü göstərməkdədir. Digər tərəfdən isə artıq dəfələrlə qeyd olunduğu kimi, bəzi müəssisə və təşkilatlarda hələ də hökm sürən məmur özbaşınalıqları bir çox hallarda dövlət tədbirlərinin tam həyata keçməsini əngəlləyir, gözlənilən nəticələrin keyfiyyətini aşağı salır. Təsadüfi deyildir ki, müəyyən ərazilərdə yaşayan sakinlərin su, təbii qaz, elektrik enerjisi ilə təchizatdan narazılıqlarını ifadə edən şikayət məktublarında daha çox adları hallanan məmurlar da məhz müvafiq idarələrin qəsəbə və ya rayon strukturlarına rəhbərlik edirlər. Redaksiyamıza daxil olan məlumatlarda fəaliyyəti yerli sakinlərin narazılığına səbəb olan müəssisələrdən birinin də Sumqayıt Regional Elektrik Şəbəkəsinin Xırdalan Elektrik Şəbəkəsi olduğu göstərilir. Həmin məlumatlarda bildirilir ki, müəssisənin fəaliyyəti mütəmadi olaraq müxtəlif qanun pozuntuları ilə müşayiət olunur. İlk növbədə sakinlərin narazılıqlarına səbəb olan amil kimi sərf olunan elektrik enerjisinin pulunun sakinlərdən şəbəkənin əməkdaşları tərəfindən nəqd şəkildə yığılması göstərilir. Məlumdur ki, “Azərenerji”nin təlimatlarına uyğun olaraq bu ödənişlər artıq neçə müddətdir ki, müvafiq bank şöbələri və ya ödəmə terminalları vasitəsilə həyata keçirilməlidir. Lakin bir müddət əvvəl şəhər statusu almış Xırdalanın bəzi ərazilərində bu proses hələ də köhnə qaydalarla davam edir. Təbii ki, məsələnin belə qoyuluşu ciddi mənimsəmələrə yol açır. Həm də əksər hallarda problemli vəziyyət yaranan zaman zərər çəkən tərəf yenə də enerji istehlakçısı olur. Yerli mənbələr bildirirlər ki, Xırdalan Elektrik Şəbəkə müəssisəsində bu sahədə xüsusi fəallığı ilə seçilən şəxslərdən biri müəssisənin mühəndisi kimi təqdim olunan Ramin adlı bir nəfərdir. Mənbələr bildirirlər ki, Raminin əsas “funksiyası” qeyri-qanuni çəkilmiş (“levıy”) elektrik xətləri ilə nəql olunan enerjinin sərfiyyatına görə sakinlərlə haqq-hesab çəkməkdən ibarətdir. Bu haqq-hesabın da mahiyyəti ayda 20-30 manata bağlanır. Bunun müqabilində isə razılaşmaya gələn abonentlər ayda (xüsusən qış aylarında) 50-60 manat dəyərində sərfiyyat qarşılığında dövlətə cəmi 5-6 manat ödəyirlər. İnsafən bunu da qeyd edək ki, məlumatlarda bu maxinasiyalardan Xırdalan Elektrik Şəbəkə müəssisəsinin rəhbərliyinin xəbərdar olmadığı qeyd edilir. Çoxsaylı şikayətlərə əsas verən daha bir məqam da elektrik enerjisinin nəql olunduğu xətlərə nəzarət olunmaması ilə bağlıdır. Şikayət məktublarında bildirilir ki, şəbəkənin bəzi əməkdaşları yalnız “razılaşmalarda” iştirak edən qurumları enerji ilə təchiz edən xətlərin saz vəziyyətdə saxlanılmasına nəzarət edirlər. Təbii ki, bu da digər istehlakçıların hüquqlarının kobud şəkildə pozulması deməkdir. Təəssüflər olsun ki, bu kimi qanun pozuntuları Xırdalan Elektrik Şəbəkəsinin fəaliyyətində artıqm çoxdan təcrübə olunmaqdadır. Xatırlayırsınızsa hələ bir neçə müddət bundan əvvəl Abşeron rayon sakinlərindən biri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "Qaynar xətt" əlaqə mərkəzinə müraciət edərək, işlədiyi ticarət obyektinə elektrik sayğacının quraşdırılması və həmin obyektin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar texniki şərtin verilməsi müqabilində Xırdalan Elektrik Şəbəkəsinin mühəndisinin ondan 500 manat pul tələb etməsi barədə məlumat vermişdi. Həmin məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində sabiq mühəndis vətəndaşdan 500 manat miqdarında rüşvət alarkən cinayət başında yaxalanmışdı. Görünür sələfinin acı aqibəti Xırdalan Elektrik Şəbəkəsinin Ramin kimi əməkdaşları üçün yetərli dərs olmayıb. bizimdovr.az \\ Geri qayıt |