Əsas Səhifə > Ölkə, Manşet > Bütün üzvləri əlil olan ailənin mənzil şəraiti acınacaqlı vəziyyətdədir
Bütün üzvləri əlil olan ailənin mənzil şəraiti acınacaqlı vəziyyətdədir11-11-2014, 10:46 |
DİA.AZ: - Saatlı rayonunun Qıraqlı kəndində Zeynalovlar ailəsi ağır vəziyyətdə, uçuq-sökük evdə dözülməz şəraitdə yaşayır. Bu ailənin sosial durumu hamının ürəyini ağrıdır, yalnız Saatlı Rayon İcra Hakimiyyətinin rəhbərliyindən başqa. Ailənin bütün üzvləri əlil olduğundan, maddi imkanları çox aşağı səviyyədədir. Ailə üzvlərinin gəlirlərinin və əmək qabiliyyələrinin olmaması onların ömürlərinin sonuna qədər ağır və dözülməz şəraitdə yaşamasnı qaçılmaz edib. Ümid isə yalnız xeyirxah insanlara, getdikcə qüdrətlənən dövlətimizə, ölkə başçısının humanistliyindən bəhrələnən yerli icra hakimiyyəti orqanlarına qalıb. Saatlı da isə belə ailələrin ümidi artıq yerli icra hakimiyyətinə yox, yalnız Allaha qalıb. DİA.AZ xəbər verir ki, Saatlı rayonunun Qıraqlı kəndində yaşayan, ailə üzlərinin hamısının əlil olduğu Zeynalovlar ailəsinin başçısı Zeynalov Afiq Sabir oğlu I qrup əlildir. Onun böyük qızı 6 yaşlı Səlimə və 5 yaşlı oğlu Asim də I qrup əlildirlər. Uşaqların anası Zeynalova Ağabacı İsrayıl qızı isə III qrup əlildir. Əlillik dərəcəsini təsdiqləyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının müvafiq qərarı da var. Ailə üzvlərinin sağlamlıq vəziyyəti təsdiqləyir ki, Zeynalovlar ailəsi özlərinə heç vaxt təzə ev tikə bilməyəcəklər. Çünki bu ailə yalnız əlilliyə görə aldıqları pensiya ilə dolanır. Hazırda yaşadıqları ev isə çox pis vəziyyətdədir. Güclü külək əssə, onların yaşadıqları ev yerlə-yeksan olacaq. Ümid qalır yalnız belə ailələrə həmişə arxa-dayaq olan dövlətimizə. Bizdə olan məlumata görə Saatlı Rayon İcra Hakimiyyətinin rəhbərliyi də bütün üzvləri əlil olan bu ailənin uçuq-sökük evdə yaşamasından xəbərdardır. Ancaq nədənsə Zeynalovlar ailəsi üçün münasib bir ev tikdirmək hələ də naməlum səbəblərə görə uzadılır. Bu ailənin dözülməz və ağır şəraitdə yaşamasını görən hər bir azərbaycanlının ürəyi ağrıyar. Ancaq ürəyin ağrıması əsas deyil. Əsas odur ki, bu ailəyə təcili kömək lazımdır. Yəqin ki, Saatlı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi hamılıqla əlil olan Zeynalovlar ailəsinə 2 otaqlı evin tikintisi ilə maraqlanacaq, ağır və dözülməz şəraitdə yaşayan ailə təhlükəli vəziyyətdən və acınacaqlı durumdan azad olunacaq. Saatlı rayonunda küçələrin kənarına ağac əkmək dövlət başçısının tapşırıqlarına tam əməl etmək demək deyi. Azərbaycan Prezident İlham Əliyev bütün çıxışlarında deyir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, təhlükəsizliyi, qayğıları, rifahı dayanır”. Görəsən Saatlı Rayon İcra Hakimiyyətinin rəhbərliyi ölkə Prezidentinuin bu tapşırıqlarına niyə əməl etmir? Bütün üzvləri əlil olan bir ailənin göz görə-görə məhv olması yəqin ki, rayon rəhbərliyini dinə-imana, insafa, rəhmə gətirəcək. Unutmamalıyıq ki, qarşıdan qarlı, şaxtalı qış gəlir. Elxan Kərimov, Saatlı Geri qayıt |