Əsas Səhifə > Ölkə, Manşet > İcra başçıları ilə deputatlar bir-birilərini qırır - Arada camaat ziyan çəkir

İcra başçıları ilə deputatlar bir-birilərini qırır - Arada camaat ziyan çəkir


28-10-2014, 11:56
İcra başçıları ilə deputatlar bir-birilərini qırır - Arada camaat ziyan çəkir
Milli Məclisin bəzi deputatları ilə rayon icra başçıları arasında konfliktlərin olması barədə mətbuatda vaxtaşırı məlumatlar yayılır. Bəzi deputatlar isə icra başçılarından narazılıqlarını dəfələrlə aşkar şəkildə bəyan ediblər. Növbəti parlament seçkilərinə təxminən bir illik zaman kəsiminin qaldığı bir məqamda isə icra başçısı-deputat münasibətləri daha da aktuallaşıb. Çünki, bu gün bir sıra millət vəkillərinin seçildikləri bölgələrin icra başçıları ilə ciddi qarşıdurmada olduğu və bu üzdən günahsız seçicilərinin də ziyan çəkdiyi kimsəyə sirr deyil.

Editor.az mövzu ətrafında araşdırma apararaq icra başçıları ilə deputatların “yola getmədiyi” bölgələri müəyyənləşdirməyə çalışıb.

Hazırda icra başçısı-millət vəkili münasibətlərinin kəskin olduğu bölgələr arasında ilk yerlərdə Sabunçu rayonu gəlir. Rayonun icra başçısı Adil Vəliyevlə rayonun deputatı Qalib Salahzadənin yola getmədiyi demək olar ki, hamıya bəllidir. Millət vəkili hətta bir neçə ay öncə mətbuatda icra nümayəndələrinin təyin olunması, rayonun idarəçiliyi ilə bağlı icra başçısının ünvanına bir sıra ağır ittihamlar səsləndirmişdi. İcra başçısı isə cavabında deputatı rayon idarəçiliyinə qanunsuz olaraq müdaxilə etməkdə suçlamışdı. Görünən odur ki, Sabunçuda sərt qərarları ilə diqqət çəkən yeni icra başçısı Adil Vəliyevlə məlum bölgədə ciddi nüfuz sahibi olan Şeyxin deputat qudası Qalib Salahzadəni üz-üzə gətirən də rayonda vəzifə bölgüsü ilə bağlı yaranmış nüfuz savaşıdır.

Başçı-deputat münasibətlərinin qaydasında olmadığı bölgələrdən biri də Sumqayıt şəhəridir. Mətbuatda və siyasi kluarlarda dolaşan informasiyalar göstərir ki, şəhərin icra başçısı Eldar Əzizovun bu şəhərdən seçilən deputatların dördü ilə də münasibətləri bir o qədər yaxşı deyil. Hətta başçının şəhərdən seçilən millət vəkillərindən birinə şəhərdaxili tədbirlərdə iştirak qadağası qoyduğu iddia olunur. Mənbə yaranmış bu vəziyyətin səbəbi kimi, Sumqayıtdan seçilən deputatların şəhər seçicilərindən daxil olan çoxsaylı şikayət xarakterli müraciətlərlə bağlı olduqca tez-tez icra başçısına müraciətlər etməsini göstərir. Onun sözlərinə görə, bu vəziyyət Eldar Əzizov tərəfindən deputatların onun idarəçilik metoduna müdaxiləsi kimi dəyərləndirilib və o bu səbəbdən Sumqayıtdan seçilən millət vəkilləri ilə münasibətlərinə yenidən baxıb.

Kürdəmir rayonu da başçı-deputat münasibətləri sarıdan yaramayıb. Rayonun millət vəkili Fərhad Qəribovun yeni icra başçısı Ceyhun Cəfərovla münasibətlərinin soyuq olduğu və deputatla icra başçısının tez-tez söz savaşına çıxdığı mətbuatı izləyən hər kəsə məlumdur. Təsadüfi deyil ki, bir müddət əvvəl deputatın Kürdəmirdə gənclər arasında narkomaniyanın geniş yayılması və polisin bununla mübarizə aparmaması fikrinə icra başçısı sərt reaksiya vermişdi.
Mənbə iddia edir ki, deputatın rayon rəhbərliyinə qarşı belə açıq savaş açmasına səbəb yeni icra başçısı ilə polis rəisinin əlbir olaraq Fərhad Qəribovun rayondakı biznes şəbəkəsini və ona yaxın məmurları sıxışdırmağa başlaması olub.

Siyəzən rayonunun icra başçısı Arif Qasımovla rayonun veteran deputatı Tahir Süleymanovun da münasibətləri bir o qədər yaxşı deyil. Arif Qasımov 2011-ci ildə rayona başçı təyin edildikdən sonra Tahir Süleymanov demək olar ki, rayonda təşkil olunan əksər tədbirlərdə gözə dəymir. Buna misal olaraq, bütün rayonlarda dövlət səviyyəsində və əksər hallarda millət vəkillərinin iştirakı baş tutan 2014-cü ilin 9 ayının yekunlarına həsr olunmuş tədbirdə də T.Süleymanovun iştirak etməməsini göstərmək olar. Mənbə iddia edir ki, icra başçısı ilə deputat arasında soyuqluğun səbəbi başçının Tahir Süleymanovun rayondakı biznesinə maneçilik törətməsi və ona yaxın yerli məmurları vəzifədən çıxarmasıdır.

Yazıda adı keçən şəxslərin də mövqeyini dinləyə bilərik.

Geri qayıt