Əsas Səhifə > Ölkə, Manşet > Ekstrasens İlham Mirzəyevin həbsdən buraxılma planı - Ssenari artıq hazırdır

Ekstrasens İlham Mirzəyevin həbsdən buraxılma planı - Ssenari artıq hazırdır


16-10-2014, 11:25
Ekstrasens İlham Mirzəyevin həbsdən buraxılma planı - Ssenari artıq hazırdır
Analitik.az-a teleaparıcı, psixoloq, ekstrasens kimi özünü tanıdan, sonda cadugərlikdə ittiham edilərək həbs olunan İlham Mirzəyevin barəsində maraqlı bir xəbər daxil olub. Bu, İ.Mirzəyevin həbsdən azad olunma «ssenarisi» ilə bağlıdır.

2014-cü ilin aprel ayında Cinayət Məcəlləsinin 178.2-ci maddəsi ilə təqsirləndirilərək həbs olunan İ.Mirzəyevin əslində falçılıqla məşğul olduğunu hamı bilirdi. Teleefirdən camaata, guya, psixoloq məsləhətləri verməklə, əslində özünə müştəri yığması da göz qabağındaydı. Bu, aidiyyəti qurumların da diqqətindən yayınmış deyildi. Əvvəlcə utancaq-abırlı aparıcı kimi fəaliyyətə başlayan İ.Mirzəyevin «Etiraf»ı böyüdükcə, özünün də, ətrafının və iddialarının da böyüməsi onun həbsinə aparan yol olub.
İ.Mirzəyevin həbsinin əsl səbəbi və ya səbəbkarları ilə bağlı müxtəlif versiyalar, ehtimallar irəli sürülüb. Dəqiq bilinən budur ki, o, dələduzluqda ittiham edilərək, CM-in 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum olundu.

Vəkili Xanlar Bayramzadə İ.Mirzəyevin barəsində verilən məhkəmə hökmünü ədalətsiz saydığını, bu səbəbdən də «mütləq surətdə apellyasiya şikayətinin veriləcəyini» bəyan etdi. Tanış ritorikadır, bütün vəkillər hökmdən dərhal sonra apellyasiya şikayətinin veriləcəyini deyirlər. Bu, məhkumun qanunla təmin olunan hüququdur. Ancaq hər apellyasiya şikayəti təmin olunurmu? Əlbəttə ki, yox. Əslində isə İ.Mirzəyevin apellyasiya mərhələsindən azad olunması «ssenarisi» var. Vəkilin açıqlamasında «hökmü ədalətsiz saydığından» ifadəsi də təsadüfi deyil. Fikir verin, qanunsuz, qərəzli yox, ədalətsiz (?). Yəni, İ.Mirzəyev təqsirini boynuna alır, ancaq cəzanı daha yüngül istəyir.
Analitik.az-a daxil olan məlumata görə, əslində vəkilin də İ.Mirzəyevin adından yumşaq açıqlama verməsi təsadüfi deyil. Bu, İ.Mirzəyevin həbsindən bəri davam edən «anlaşma»nın məntiqi sonluğa çatdırılması üçün lazımi addımdır. Kifayət qədər tanınmış bir şəxsin, əməlləri, hərəkətləri hər kəsə bəlli olduğu halda, birdən-birə həbsə alınması özü təsadüf deyildi. İ.Mirzəyev özü həbsinin səbəblərini nəinki ictimaiyyətdən, hətta, işi aparan istintaqçılardan da yaxşı bilir. Daxil olan məlumatlara inansaq, İ.Mirzəyevin cəzalandırılmasının özəl səbəbləri var. Teleaparıcı özü də cəzanın qaçılmaz olması ilə razılaşır. Lakin o, cəzanın bu cür ağır olacağı ilə razılaşmaq fikrində deyil, buna onun «əsasları» da var. Söhbət bu «əsaslarla» cəza zərurətinin balanslaşdırılmasından gedə bilər. Məlumatı verilən «ssenarinin» həll olunmamış sualları yalnız bununla bağlıdır: Güzəşt limiti nə qədərdir, «etiraf»ın nəticələri nə olmalıdır?

Əslində ona kifayət qədər güzəştə gedilib. Cadugərə müraciət edərək aldananların sayı heç də rəsmi ittihamda göstərilənlərlə məhdudlaşmır. Digər bir məsələ, İ.Mirzəyev cadugərliklə məşğul olduğu «İlhaMED» klinikasında tək işləmirdi və müştərilərin cəlb edilməsində onun komandası fəaliyyət göstərirdi. Lakin məsuliyyətə təkcə İ.Mirzəyev cəlb edildi. İlk vaxtlardan İ.Mirzəyevin səhvini başa düşüb hər şeyi boynuna alması, onun tam məhvinə zərurəti aradan qaldırdı. Əks təqdirdə, mütəşəkkil qrup şəklində ittiham olunacağı halda, onun cəzası 7-12 il arası ola bilərdi… Üstəlik, azadlığa çıxma ehtimalı da çox azalardı. Həmçinin, onun «səmimi etirafları» qısa müddətdə həbsdən çıxmasına şərait yarada bilər.

…Ona görə də cadugər aparıcının tamamilə sıradan çıxarılmaması üçün limitlərdən istifadə olunacaq. Lakin bu, həm də İ.Mirzəyevin öhdəliklərinə və vədlərinə tam sadiqlik nümayiş etdirməsindən asılıdır. İlk növbədə həbsinin özəl səbəbi, bu işdə maraqlı olan şəxs(lər)in adını unutmalıdır. 6 aya yaxın vaxtda İ.Mirzəyevin susqunluğu onun bu tələbə əməl edə biləcəyinə inam yaradır. Ən azı, oxşar həbslədə olduğu kimi, nə İ.Mirzəyev özü, nə də vəkili həbsin sifarişli, qərəzli olması iddiaları ilə çıxış etmir. Bütün bunlar İ.Mirzəyevin apellyasiya mərhələsindən azadlığa buraxılması imkanlarını yaradır. İstiqamət belədir ki, hökmdən şikayət verilir, onun qanuniliyi deyil, ədalətsizliyi mübahisələndirilir. Məhkumun şəxsiyyəti, zərərçəkənlərə dəymiş ziyanın ödənilməsi və onların şikayətçi olmaması, ilk məhkumluq və s. cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla İ.Mirzəyevin cəzası həbsdən dəyişdirilərək şərti cəza ilə əvəz olunur. Bu halda onun məhkəmə zalından dərhal buraxılması mümkündür. Belə bir təcrübə məhkəmələrdə var və burada heç də qanunsuzluğa yol verilmir. Bir neçə ay əvvəl Gülər Əhmədovanın Bakı Apellyasiya Məhkəməsindən azad olunması hər kəsin yadındadır. Eyni üsulla İ.Mirzəyevin də apellyasiya məhkəməsindən buraxılması mümkündür. Əsas odur ki, İ.Mirzəyev təqsirini boynuna alır və səmimi peşimançılıq hissi keçirir, onun bu hissləri qiymətləndirlir, qərar verən səlahiyyətli şəxslər qanunun verdiyi hüququn teleaparıcıya münasibətdə tətbiq edilməsini məqsədəuyğun bilirlər. Belə planın reallığına dair daxil olan məlumatlara görə, İ.Mirzəyevin azadlığa çıxması zaman məsələsidir.
Allah qapısını açsın!

Geri qayıt