Əsas Səhifə > Ölkə, Manşet > Sabirabad sakinləri Oqtay Şirəliyevdən nəyi tələb etdilər – Narazı camaat qışın sərt olmaması üçün dua edir
Sabirabad sakinləri Oqtay Şirəliyevdən nəyi tələb etdilər – Narazı camaat qışın sərt olmaması üçün dua edir3-10-2014, 14:58 |
DİA.AZ: - “Biz öyrənmək istəyirik ki, Sabirabad Azərbaycanın ərazisidir, yoxsa oradan çıxarılıb? Çıxarılmağına şübhə edirik. Amma belə olan halda da sual yaranır: dövlətin qanunları burada niyə işləmir?”. Keçən günlərdə belə ritorik sualla şikayətçi düşən Sabirabaddan olan bir qrup ziyalının DİA.AZ-a ünvanladığı məktubu mətbuatda böyük rezonans yaratdı. Müraciətin mətnindən aydın olur ki, onları narahat edən bu suallar rayondakı mərkəzi xəstəxanada yaranmış vəziyyətdən doğub. dia-az.life-a daxil olan yeni müraciətlərində Sabirabad sakinləri qarşıdan gələn qış aylarına qədər səhiyyə sisteminə ciddi əl gəzdirilməsinin vacibliyini vurğulamaqla yanaşı, öz həyəcanlarını da biruzə verirlər. Şikayətçilər bildirir ki, hər qış ayında dövlət hesabına rayon səhiyyəsinə 40 min ton yanacaq ayrılır. Nəzərdə tutulur ki, bu yanacaqla palatalar qızdırılsın. Ancaq bütün bunlar kağız üzərində qalır: “Guya, həmin yanacaqlar kerosin sobalarında yandırılmalıdır. Biz həyəcan təbili çalaraq, respublikanın bu işə aidiyyəti olan rəhbərliyini rayon xəstəxanasına dəvət edirik. Gəlin görün ki, mərkəzi xəstəxanada bir dənə də olsun, kerosin sobası varmı? Yoxdur! Qışa qədər də olmayacaq. Çünki xəstəxana rəhbərliyi bunda maraqlı deyil. Həmin pullar isə mənimsənilir. Elə buna görədir ki, xəstəxanadan hamı qaçaq düşüb. Baş həkim Əziz Mikayılovun bu barədə şikayətlərə ”bekarsınız, başqa işiniz gücünüz yoxdur, sizi öyrədən var" şəklində reaksiya verir. Başa düşülmür, xəstəxanada istiliyin olmamasından şikayətlənmək üçün mütləq kimsə tərəfindən öyrədilmək lazımdır? Biz sadə bir şey tələb edirik: xəstələrimiz isti yerdə müayinə və müalicə olunsun! Sual yaranır, bir halda ki, dövlətin ayırdığı 40 min ton yanacaq istiliyə sərf olunmur, bəs onu neynirlər? Bəlkə Sabirabad xəstəxanalarında bu qədər yanacaq sadəcə, göyə buxarlanır?" Sabirabadlılar deyir ki, onlar indi dövlət orqanlarından problemə diqqət, Allahdan isə rəhm istəyirlər ki, havalar çox soyuyub onların xəstələrini daha da ağır vəziyyətə salmasın: “Dua edirik ki, bu qış o qədər də sərt olmasın”... Sabirabad sakini baş həkimin başqa işləkləri ilə bağlı da məlumatları redaksiyamıza çatdırdı: «Əziz Mikayılov bu vaxta qədər xəstəxanaya müraciət edənlərdən bir faktı da gizlədib. Sən demə, dövlət hesabına xəstələrə pulsuz dərmanlar verilməli imiş və həmin dərmanların siyahısı da müvafiq olaraq xəstəxananın divarında elan şəklində asılmalı imiş ki, xəstəxanaya müraciət edənlər bundan xəbərdar olsunlar. Amma Sabirabadda bu haqda hər kəs məlumatsız olduğundan Əziz Mikayılov təxminən 30 adda dərmanı xəstələrə pulla satdırıb. Daha doğrusu, xəstələr baş həkimin vasitəsilə apteklərə ötürülən həmin dərmanları pulla almaq zorunda qalıblar. Bu yolla da Əziz Mikayılov yerli əhalini dövlət qayğısından məhrum edərək külli miqdarda gəlir əldə edib, proses indi də davam etməkdədir». Narazı vətəndaş bildirir ki, artıq bütün bu faktlarla bağlı rayon ziyalıları adından Oqtay Şirəliyevə müraciət də hazırlanır: «Oqtay müəllim nazir postuna gələndən sonra Azərbaycan səhiyyəsmində çox ciddi irəliləmələr oldu. Bu, danılmaz faktdır. Dünənə qədər sınıq-salxaq çarpayılar, qədimdən qalma tibbi avadanlıqlarla müayinə olunan xəstələr bu gün ən modern apparaturanın xidmətlərindən ucqar rayonlarda da istifadə edə bilirlər. Biz sabirabadlılar naşükür camaat deyilik, dövlətimizin, nazir Oqtay Şirəliyevin bu xidmətlərini dəyərləndiririk. Amma kadr məsələsində nə vaxta qədər ki, Əli İnsanovdan qalma, Əli İnsanov xarakterində olan şəxslərə üstünlük veriləcək, əhali yenə də narazı qalacaq». Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq… Geri qayıt |