Əsas Səhifə > Ölkə, Güney Press, Manşet > Gədəbəyin icra başçısı ağbirçək qadını döydürməkdə ittiham olundu
Gədəbəyin icra başçısı ağbirçək qadını döydürməkdə ittiham olundu16-09-2014, 12:48 |
Bu gün məmur özbaşınalıqlarının tüğyan etdiyi bölgələrdən birinin də Gədəbəy rayonu olduğu hamıya bəllidir. Lakin obyektivlik naminə etiraf etməliyik ki, əslində bu rayonda baş verənləri başqa heç bir rayonla müzakirə etmək də doğru deyil. Çünki Gədəbəydə gedən proseslər, xüsusən də rayon rəhbərliyinin yerli əhaliyə qarşı nümayiş etdirdiyi yolverilməz münasibət artıq elə bir həddə çatmışdır ki, rayonda yaranmış böhran vəziyyətinin normallaşdırılması ölkə rəhbərliyinin müdaxiləsi olmadan mümkünsüz görünür. Məhz buna görə də Gədəbəydən sadə vətəndaşlar tərəfindən ölkə prezidentinə ünvanlanmış şikayət ərizələrinin sayı getdikcə artır. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun sakinlərə qarşı sərgilədiyi kobud rəftarı, onların problemlərinə etinasızlığı və digər yolverilməz əməlləri isə artıq hətta rayonun qocaman vətəndaşlarına, ağbirçək və ağsaqqallarına da ciddi problemlər yaradır. Redaksiyamıza daxil olmuş növbəti şikayət ərizəsi də bir ağbirçək ana, xəstə övladlarının problemləri qarşısında tək-tənha qalmış Rüstəmova Dursun Qasım qızı tərəfindən imzalanmışdır. Öz ərizəsində Dursun ana bildirir ki, onun həyat yoldaşı Yunis Rüstəmov hələ Böyük Vətən Müharibəsi dövründə, 1941-1945-ci illərdə arxa cəbhənin ağırlıqlarını öz çiyinlərində daşıyan həmvətənlərimizdən olmuşdur. O çətin dövrlərdə Azərbaycan övladlarının gələcəyi barədə düşünən Yunis müəllim orta məktəbdə bir neçə fəndən dərs deyib. Öz ailələrində isə Rüstəmovların altı övladları olub. D.Rüstəmova yazır ki, kasıbçılıqla özlərini dolandırmağa öyrənmiş bu ailə heç zaman heç kimə ağız açmamış, minnət götürməmək üçün heç kimdən heç nə istəməmişdir. Lakin 2003-cü ildə ailənin başçısı Yunis Rüstəmovun vəfatından sonra ailənin vəziyyəti kəskin şəkildə pisləşmişdir. Belə ki, övladlarından üçünün, iki oğul və bir qızının əsəb sarsıntıları nəticəsində ruhi xəstəliyə tutulmaları da Dursun ananın vəziyyətini bir qədər də ağırlaşdırır. Maddi imkanlarının olduqca məhdud olması səbəbindən ana öz övladlarını lazımi səviyyədə müalicə də edə bilmir. Son vaxtlar yaşadıqları evin də qəzalı vəziyyətə gəlməsi isə bun ailənin durumunu kritik bir hala çatdırır. Artıq bütün bu problemlərə qarşı əlacsız olduğunu görən Dursun Rüstəmova, məcburiyyət qarşısında qalaraq RİH başçısının qəbuluna yollanır. Ağbirçək ana ərizədə bildirir ki, o, təəccüblü də olsa, Ramiz Yediyarovun qəbuluna düşə bilir. Hətta başçı onun problemlərini dinləyir də. Lakin başçının bundan sonrakı hərəkətləri insanı həqiqətən dəhşətə gətirir. D.Rüstəmova bildirir ki, Ramiz Yediyarov onu dinlədikdən sonra memarlıq və tikinti şöbəsinin müdiri Elxan Vəliyevə göstəriş verir ki, ondan mərhəmət və kömək diləyən bu ağbirçək qadını binadan qovsun. Belə münasibətdən çaşqınlıq içərisinə düşən Dursun Rüstəmova yalvar-yaxar etməyə başlayanda isə, E.Vəliyev onu təhdid edir və hətta yaşlı qadına əl də qaldırır! Dursun ana öz ərizəsində bunu da qeyd edir ki, icra hakimiyyətindən başçının göstərişi ilə Elxan Vəliyev tərəfindən döyülüb-qovulandan sonra o, rayon prokurorluğuna və polis şöbəsinə də müraciət etmişdir. Lakin bu instansiyaların heç birində təbii ki, onun şikayətlərinə məhəl qoyan olmayıb. Buna görə də Dursun Rüstəmova indi baş verənlərin Respublika Prokurorluğu tərəfindən araşdırılması xahişi ilə ölkə rəhbərliyinə müraciət etmək məcburiyyətində qalıb. \\ bizimdovr.az \\ Geri qayıt |