Əsas Səhifə > Ölkə, Manşet > Çarəsiz qalan Ağsu sakinləri nazir qohumunun 7 illik zülmünə artıq öyrəşiblər

Çarəsiz qalan Ağsu sakinləri nazir qohumunun 7 illik zülmünə artıq öyrəşiblər


10-09-2014, 12:36
Çarəsiz qalan Ağsu sakinləri nazir qohumunun 7 illik zülmünə artıq öyrəşiblər
DİA.AZ: - Acsu rayonunda özünə əməlli-başlı şəbəkə quran icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev 7 ildən artıq müddətdir ki, sözügedən rayonu idarə etməkdədir. Əslində, bunun adına idarəçiliyin deyilməsi də yanlışdır. Bu barədə DİA.AZ-a müraciət edən bir qrup Ağsu sakini bildirir.

Narazı vətəndaşların sözlərinə görə, əlinə düşən hər fürsətdən yalnız şəxsi maraqları naminə istifadə edən Ənvər Seyidəliyevin ən böyük dayağı yaxın qohumu olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdur.

Vətəndaşlar dia.az-a yazır: «Səlim Müslümov Dövlət Sosial Müdafiə Fondunun prezidenti olanda da Ənvər Seyidəliyev meydan sulayırdı. Amma həm də ehtiyat edirdi. Çünki o zamanlar Səlim Müslümovun özünün DSMF-dəki mövqeləri laxlayırdı. Amma qohumu nazir olandan sonra Ənvər Seyidəliyevin kəsdiyi başa sorğu-sual yoxdur.

Bu gün onun vəzifəsi olmayan qohumu yoxdur. Ənvər Seyidəliyev az qala qapısının pişiyini də harasa rəhbər təyin edib. Sanki Ağsu sakinləri bacarıqsız, istedadsız, qabiliyyətsizdir, amma Ənvər Seyidəliyevlə qohum olanlar da anadangəlmə rəhbərlərdir».

Rayon sakinləri bildirir ki, 7 ildir onlara «zülüm ayaqlatdıran» Ənvər Seydiəliyev indi də yerli sahibkarlara əlavə haqq tətbiq etməyə başlayıb: «Belə ehtimal olunur ki, onu Ağsudan uzaqlaşdırırlar, hansısa başqa rayona başçı göndərilməsi söhbəti var. Elə buna görə də Ağsu sakinlərini sanki sonuncu dəfə soymaq fikrinə düşüb. Rayon ərazisindən keçən əsas magistral yolun kənarındakı obyekt sahiblərinə bu ayın əvvəlindən obyektinin və alverinin miqyasına uyğun olaraq əlavə töycü kəsib. Əgər dünənə qədər başçıya 500-2000 manat arası aylıq verilirdisə, indi bu məbləğ 1000-5000 manat arasında dəyişir».

Sakinlər dia.az-a müraciətlərində bildirirlər ki, çox güman Ənvər Seyidəliyev başqa rayona rəhbər göndəriləcəyini bildiyindən Ağsunu sonuncu dəfə talama qərarını verib: «Biz bilirik ki, şikayətimizi eşidən olmayacaq. Kim sıravi vətəndaşı dinləyər ki? Xüsusən də narazılıq yaradan şəxsin qohumu bu gün hökumətin əsas adamı kimi nazir postunda oturursa… Biz sadəcə olaraq başımıza açılan oyunların mətbuat vasitəsilə işıqlandırılmasını istəyirik. Kömək edən olarsa, Allah razı olsun»…

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt