Əsas Səhifə > Ölkə, Manşet > Dövlət Miqrasiya Xidmətində əcnəbilərdən necə pul çıxarılır?
Dövlət Miqrasiya Xidmətində əcnəbilərdən necə pul çıxarılır?27-08-2014, 13:09 |
DİA.AZ: - Azərbaycana xaricdən gələn miqrantların sayı artdıqca bu sahədə boşluqlar da özünü göstərməyə başlayıb. Hal-hazırda ölkədə nə qədər miqrantın olduğunu dəqiq deyən yoxdur. Bu sahənin mütəxəssisləri bildirirlər ki, Dövlət Miqrasiya Xidmətinin rəsmi açıqlamaları reallığı əks etdirmir. Bu barədə hətta Milli Məclisdə müzakirə olunmuşdu. Millət vəkilləri Dövlət Miqrasiya Xidmətinin Azərbaycana gələn miqrantlarla bağlı verdiyi statistik məlumatlar yetərincə dəqiq olmadığını bildirmişdilər. Və bu sahəyə diqqətin artırılması qeyd edilmişdi. Çünki əməkçi miqrant adı ilə Azərbaycana gələn əcnəbilərin çox qismi rəsmi qeydiyyata düşmürlər. Daha çox Gürcüstandan və İrandan olan bu şəxslər qeydiyyatsız fəailiyyət göstəririlər. Çünki onlar əməkçi miqrant kimi ölkəmizdə işləmək üçün lazım olan sənədləri yığsalarda, qeydiyyat üçün Miqrasiya Xidmətindən dövlət rusumu adı altında külli miqdarda rüşvət tələb olunduğunu iddia edirlər. Özü də nə az, nə çox - hərəsinə 2-3 min manat. Bəs əslində əməkçi miqrant kimi Azərbaycana gələn əcnəbilər hansı sənədləri toplamalı və nə qədər rüsum ödəməlidirlər. DİA.AZ olaraq araşdırmamıza görə, xarici vətəndaşlar fərdi qaydada əməkçi miqrant kimi Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidir. Bunun üçün miqrant əvvəlcə nazirliyin miqrasiya şöbəsindən vahid ərizə formasını almalı və orada niyə Azərbaycanda işləmək istədiyini əsaslandırmalıdır. Bundan başqa, xarici əmək miqrantlarından pasport (viza müddətinin başa çatmasına ən azı 3 ay qalmaqla), ali təhsil haqqında diplomu (və ya sertifikat), işləyəcəyi müəssisənin təsis sənədlərini, Azərbaycanda qeydiyyatda olduğunu təsdiq edən vəsiqənin (bu sənəd Daxili İşlər Nazirliyi tərəfindən verilir) surətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki müvafiq komissiyaya təqdim etməlidir. Komissiya isə bu sənədləri Dövlət Miqrasiya Xidməti ilə müzakirə etdikdən sonra xarici vətəndaşın miqrant kimi Azərbaycanda işləməsinə icazə verilir. Bundan sonra miqrant 45 manat məbləğində dövlət rüsumu ödəməklə əmək fəaliyyətinə başlaya bilər. Bundan əlavə Beynəlxalq təcrübəyə əsasən, ölkəyə əmək fəaliyyəti üçün gələn əcnəbi avtomatik olaraq immiqrant statusu almalıdır. Qanunda isə əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin daimi yaşayış hüququnu Azərbaycanda ən azı iki il yaşadıqdan sonra tanımağı nəzərdə tutur. Digər tərəfdən onlar müvəqqəti qalma və müvəqqəti yaşama mərhələlərini keçməlidir. Müvəqqəti qalma müddəti giriş vizasının müddəti ilə məhdudlaşır. Vizasız giriş hüququ olan şəxslər - məsələn, MDB ölkələrinin sakinləri - Azərbaycanda 90 günə qədər qala bilərlər. Bundan sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 1 il müddətinə qədər müvəqqəti yaşama icazəsi almalıdırlar, bu icazə dörd dəfə eyni müddətə uzadıla bilər. Və hər dəfə də yeni icazə almaq üçün Miqrasiya Xidmətinə müraciət etməlidir. Təbii ki, rüşvət vermə proseduru yenidən təkrarlanmalıdır. Yalnız Azərbaycanda iki il yaşadıqdan sonra xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs 5 il müddətinə immiqrant statusu ala bilər. Digər tərəfdən normal ölkələrdə xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər immiqrant statusu almaq üçün gedəcəyi ölkənin diplomatik missiyasına müraciət edir. Onlar ölkəyə gəlmədən immiqrant statusu və ya imtina cavabı ala bilərlər. Bizdə bütün məsələlər burda həll olunur. Onlar əvvəlcə iş icazəsi, sonra müvəqqəti yaşama icazəsi, bundan sonra immiqrant statusu almaq üçün Azərbaycana gəlməli və yerində məmurlarla görüşməlidirlər. Yəni bura gəlmək istəyən əcnəbi bilavasitə məmurların bığının altından keçməlidir. Və bu cür pullu iş bilavasitə Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi miqrasiya idarəsinin məmurları ilə görülür. Ancaq söhbət elədiyimiz əcnəbilər sənədləri toplayıb, dövlət rüsumu ödədikdən sonra da qeydiyyata düşməyin mümkün olmadığını bildirirlər. Onların dediyinə görə hal-hazırda qeydiyyata düşməyin ən asan yolu miqrant dəllallarına müraciət etməkdir. Həmin dəllallar müxtəlif adda şirkətlər yaradaraq, guya əcnəbilərin Azərbaycana gəlib işləməsini təmin edirlər. Və bu şirkətlərin vasitəsilə 2-3 min manat pulun miqdarında kimi istəsən Dövlət Miqrasiya Xidmətindən qeydiyyatdan keçirə bilərsən. Özü də bunun üçün yuxarıda sadalanan sənədlərin hamısı tələb olunmur. Yalnız əcnəbi vətəndaşın pasportu və pulu kifayətdir. DİA.AZ bildirir ki, miqrant dəllallarının yaratdıqları şirkətlər əcnəbi vətəndaşları idmançı, turist adı ilə ölkəyə gəlməsinə köməklik edir. Və onları pulun hesabina əməkçi miqranta çevirirlər. Bəzi hallarda isə bu əcnəbilər insan alverinin qurbanı olurlar. Onlar dediyim kimi, idman, futbol, turist, hansısa sahənin mütəxəssisi kimi bura gətirilir, sonra isə pasportunu əlindən alıb restoranlarda, şadlıq evlərində ayrı-ayrı məqsədlərlə çalışdırırlar. Misal üçün, şadlıq evlərində qara qul kimi, xonça tutan kimi işləyən və yaxud müştəri cəlb etmək üçün qapıda duran qara dərili əcnəbiləri əksəriyyət görüb. Hətta onları televiziya ekranlarına belə çıxardıblar. Bu insanlar kimdir, hansı adla orda çalışırlar, onları kimlər himayə edir? Bütün bunlar növbəti araşdırmalarımızda... Geri qayıt |