Əsas Səhifə > Ölkə, Manşet > Hacıbala Abutalıbovun adamı yaşıllıqları qorumaq əvəzinə pul qazanmaqla məşğuldur

Hacıbala Abutalıbovun adamı yaşıllıqları qorumaq əvəzinə pul qazanmaqla məşğuldur


26-08-2014, 11:21
Hacıbala Abutalıbovun adamı yaşıllıqları qorumaq əvəzinə pul qazanmaqla məşğuldur
DİA.AZ: - Əhalinin yay aylarında istirahət üçün müraciət etdiyi yerlər arasında parklar sözsüz ki, əsas yerlərdən birini tutur. İnsanlar işin yorğunluğunu, stressi bədənlərindən çıxarmaq üçün asudə vaxtlarında parklara üz tutub dincəlirlər. Parklar istirahət üçün o baxımdan önəmlidir ki, burda yaşıllıqlar daha çox üstünlük təşkil edir. Və dincəlməyə gələnlər həmin yaşıllıqlara, müxtəlif ağaclara baxıb daxilən rahatlaşırlar. Ancaq təəssüf hissilə bildirmək istəyirik ki, son bir neçə il ərzində müxtəlif məmurlar tərəfindən yaşıllıqlara qarşı göstərilən ögey münasibət bəzi fəsadlara yol açıb.

Məsələn, bu gün istirahət parklarının bir çoxunda yaşıllıqdan əsər-əlamət belə qalmayıb. Olan-qalan ağacları da qırıb əvəzində restoran, kafe, əyləncə mərkəzləri ucaldıblar. Bir çoxlarınızda sual yarana bilər ki, bu yaşıllıqların məhv edilməsinə kim icazə verir? Nəzərinizə çatdıraq ki, bu işlərə birbaşa cavabdeh olan qurum Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyidir. Qeyd edək ki, birlik 2005-ci ildə ləğv edilən Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin bazası əsasında yaradılıb. Birlik təsərrüfat hesablı, dəyəri qismən dövlət tərəfindən maliyyələşən hüquqi şəxsdir, müstəqil balansa malikdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ona verilmiş səlahiyyətlər çərçivəsində öz adından müqavilələr bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə etmək, məsuliyyət daşımaq, məhkəmələrdə iddiaçı və yaxud cavabdeh qismində iştirak etmək, öz üzərinə öhdəliklər götürmək və vəzifə icra etmək hüququna malikdir. Qurum öhdəsinə düşən vəzifələri yerinə yetirmək üçün "Yaşıllıqtikinti" Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi, Ağac Bəzək Bitkiləri Sovxozu, Avtonəqliyyat idarəsi, Bitkilərin Mühafizəsi Stansiyası, Su quyularının İstismarı və Təmiri Xidməti İdarəsi kimi təşkilat və müəssisələri öz tərkibində birləşdirir.

DİA.AZ-a daxilolan məlumatda deyilir ki, birliyin baş direktoru Vaqif Novruzovun qanunsuz əməlləri nəticəsində paytaxtda yerləşən parkların bir çoxunda, eləcə də yol kənarlarındakı yaşıllıqlar kütləvi şəkildə məhv edilib. Məlumatlı şəxsin dediyinə görə, birlik rəhbərinin bütün işi parklarda yerləşən kafelərdən alınan aylıq icarə haqları ilə məşğul olmaqdır: «Birliyin balansında olan parkların sayı-hesabı yoxdur. Onların hər birində müxtəlif ticarət obyektləri fəaliyyət göstərir ki, burdan alınan aylıq icarə pulu sədrin cibinə gedir. Birliyin əsas vəzifəsi Bakı şəhərində və Abşeron yarımadasında yaşıllığın inkişaf etdirilməsi, yeni parkların, bağların, bağçaların, istirahət sahələrinin, salınması, onların qorunması, onlara ziyan vuran fiziki və hüquqi şəxslər haqqında öz səlahiyyətləri çərçivəsində tədbirlər görülməsi olsa da, bunların heç birinə riayət olunmur. Hər gün müxtəlif yerlərdə ağac kəsirlər. Birliyin əməkdaşları niyə onların qarşısını almır, cəzalandırmır? Baş direktor parklardakı yaşıllıqları viran qoymaqla öz biznesini bir xeyli genişləndirib. Bakı parklarındakı çayxanaların çoxu ona məxsusdur. İdarə tərəfindən paytaxtın müxtəlif ərazilərində yaşıllıq sahələri salınmaqdadır. Lakin baxımsızlıqdan, vaxtında suvarılmadığından ağaclar məhv olub gedir. Halbuki, birlik Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər cür texnika ilə təmin edilib. Deyilənə görə, idarəyə məxsus olan su maşınları təyinatdan kənar işlərə cəlb edilir.

DİA.AZ bildirir ki, bu səbəbdən də ağaclar susuzluqdan quruyur. Sədr hər vasitə ilə öz maddi durumunu yaxşılaşdırmağa çalışır». Mənbə həmçinin söyləyir ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən xaricdən alınan tinglərin qiyməti sənəddə olduğu kimi göstərilmir: «Belə ki, birlik əgər xaricdən 10 manata bir ting alırsa, sənədə 20 manat yazılır. Belə olan təqdirdə də, dövlət büdcəsi talanır. Digər tərəfdən məndə olan məlumata görə, qurumda adı olub özü olmayan işçilər də var ki, onlara hər ay dövlət tərəfindən maaş verilir. Yəni sədr «ölü can»lar saxlayır, onların aylıq məvacibini də özünə götürür. Amma bu vaxta qədər heç bir dövlət qurumu tərəfindən onun fəaliyyəti araşdırılmayıb».

Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.

Geri qayıt