Əsas Səhifə > Ölkə, Manşet > Bəylər Əyyubovun yaxın adamı qardaşı tərəfindən niyə güllələndi?
Bəylər Əyyubovun yaxın adamı qardaşı tərəfindən niyə güllələndi?6-06-2014, 12:39 |
DİA.AZ: - Bir neçə gün əvvəl Şamaxıda bir qardaşın digər qardaşı güllələyərək qətlə yetirməsi sözügedən rayonda böyük şoka səbəb oldu. Qeyd edək ki, rəsmi və qeyri-rəsmi məlumatlarda hadisənin təfərrüatı fərqli şəkildə izah olunub. Bu gün isə DİA.AZ-a daxil olan informasiyalar olayın heç də bu günə kimi təqdim olunan şəkildə baş vermədiyini ortaya çıxarır. Buna qədərsə hadisə ilə bağlı yayılan məlumatları diqqətinizə təqdim edək. Beləliklə xəbərlərdə deyilirdi ki, Şamaxıda silahlı insident nəticəsində qardaş qardaşını öldürüb, bir nəfər isə ağır yaralanıb. Hadisə 29 may saat 21 radələrində rayonun Sabir qəsəbəsində qeydə alınıb. İlkin məlumatlara görə, toy mərasimi üçün Moskvadan gələn Mayıs Şahməmmədovla qardaşı Feruz Şahməmmədov arasında mübahisə yaranıb. Hər iki qardaşın evi bir həyətdə olduğundan Mayıs vaxtilə evinin açarlarını qardaşı Feruza təhfil verib. Evinə gəldiyini deyən Mayıs qardaşından öz evinin açarını istəyib. Qardaşı isə açarları verməyəcəyini və qardaşının bu evdən çıxıb getməsini tələb edib. Mayısın Şamaxıya gəlməkdə məqsədi isə qardaşı Feruzun qızının toyunda iştirak etmək olub. Feruz isə onları toyda görmək istəmədiyini bildirib. Bu zaman iki qardaş arasında mübahisə düşüb və dava böyüyüb. Feruz üzərində gəzdirdiyi tapança ilə qardaşına bir neçə dəfə atəş açıb. Səs küyə gələn Mayısın 21 yaşlı oğlu Heybət Şahməmmədov da güllə yarası alıb. Yerə yıxılan oğlunu görən Mayıs Şahməmmədov oğlunun öldüyünü zənn edərək qardaşından silahı alıb və Feruz Şahməmmədova bir neçə dəfə atəş açıb. Nəticədə Feruz hadisə yerində dünyasını dəyişib. Heybət Şahməmmədov Şamaxı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Qardaşını öldürən Mayıs Şahməmmədov polis tərəfindən saxlanılıb. Faktla bağlı Şamaxı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma davam etdirilir. DİA.AZ-a daxil olan məlumatlar isə tamam fərqlidir. Rayondakı məlumatlı mənbənin söylədiklərindən belə anlaşılır ki, əslində Feruz Şahməmmədov rayonda sayılıb-seçilən şəxslərdən olub və yerli əhali onu xeyirxahlığı, əltutanlığı ilə də tanıyırmış. Mənbənin söylədikləri: «Hadisə tamam fərqli istiqamətdə olub. Mayıs Şahməmmədov və onun oğlu Heybət Şahməmmədov vəhabi təriqətinin üzvləridir. Və insident də ilk əvəl Heybət Şahməmmədovla Feruz Şahməmmədov arasında başlayıb. Belə ki, qardaşı oğluna «nədən mənə salam vermirsən, mən sənin əminəm» deyən Feruz Şahməmmədova Heybət Şahməmmədov özünün vəhabi təfəkkürünə söykənərək «Siz şeytansınız» deyə reaksiya verib və ardından da əmisinin ünvanına ağır ifadələr işlədib. Bundan sonra Feruz Şahməmmədov qardaşı oğlunu qorxutmaq üçün onun ayaqları altına atəş açmaq fikrinə düşüb və üzərində gəzdirdiyi tapança ilə atdığı atəşlərdən biri təsadüfən Heybət Şahməmmədovun ayağına dəyib. Bundan sonra səsə gələn Mayıs Şahməmmədov oğlunun qan içində olduğunu görüb, Feruzun əlindən tapançanı alaraq qardaşını güllələyərək qətlə yetirib». Mənbəmiz Feruz Şahməmmədovla bağlı maraqlı bir məlumatı da dia-az.life-a çatdırıb: «Mərhum böyük iş adamı kimi tanınırdı və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini, Prezidentin şəxsi mühafizəsinin rəisi Bəylər Əyyubovla da yaxşı münasibətləri olub, həm də onun çətiri altında olub. Elə buna görə də Bəylər Əyyubov da hadisə günü Sabir qəsəbəsinə gələrək durumla maraqlanıb». Bütün maraqlı tərəfləri dia-az.life olaraq dinləməyə hazırıq… Geri qayıt |