Əsas Səhifə > Ölkə, Manşet > Metro keçidlərindəki obyektlərini itirən Qarabağ əlilləri özlərini yandıracaq

Metro keçidlərindəki obyektlərini itirən Qarabağ əlilləri özlərini yandıracaq


30-04-2014, 12:11
Metro keçidlərindəki obyektlərini itirən Qarabağ əlilləri özlərini yandıracaq
Metro keçidlərində ticarətin ləğv olunması uzun illər burada işləyən Qarabağ əlillərinin yaşayışını çətinləşdirib. Üzləşdikləri problem barədə “Axar.az”a danışan Faiq Məhəmməd oğlu Mustafayev ermənilərlə savaşda bir ayağını itirib. 20 ildir ki, “Əhmədli” metrosunun keçidində ticarətlə məşğul olduğunu deyən Qarabağ əlili hazırda 20-dən çox ailənin yeganə qazanc mənbəyindən məhrum olduğunu bildirib: “Həmin keçiddə 4 yerimiz var idi. Birləşib işləyirdik, qazandığımızı tək özümüzə sərf etmirdik. Ağır vəziyyətdə yaşayan, işləyə bilməyən əlil yoldaşlarımızın ailələrinə də hər ay yardım edirdik. Eyni zamanda, 3 saylı uşaq evində yaşayan kimsəsiz uşaqlara da kömək edirdik. Ancaq yeni qərar veriləndən sonra bütün ailələr çətin vəziyyətə düşdü”.

Metro keçidlərindəki obyektlərini itirən Qarabağ əlilləri özlərini yandıracaq

Məmurlar bir-birinin üstünə atdı Metrodakı obyektlərindən məhrum olan Qarabağ əlilləri ticarətlərini başqa yerdə davam etdirmək qərarına gəliblər. Buna yer ayrılması üçün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qəbulunda olublar. Oradan isə onları Xətai Rayon İcra Hakimiyyətinə göndəriblər. İcra başçısı Razim Məmmədov əvvəl əlillərə ticarət üçün yer ayırmağa söz versə də, sonradan bundan boyun qaçırıb. F.Mustafayev bildirib ki, onlara ticarət üçün yararsız olan yerlər təklif edilib, lakin əlillər ora getməyə razılaşmayıblar: “Bizə uzaq yerlərdən torpaq ayırmaq təklif etdilər. Çoxumuz ayaqlarımızdan məhrum olan, sağlamlığını itirmiş adamlarıq. Oraya gedib-gəlmək bizim üçün çox çətindir. İstəyirik ki, “Əhmədli” metrosunun yaxınlığında olan ticarət obyektlərinin yanında bizə torpaq ayrılsın. Özümüz obyekti bir təhər qurub işləyərik. Lakin məmurlar bizi aldatdılar. Yəqin biz artıq adamlarıq. Sözümüz heç kəsə çatmır”. Yer ayrılması imkan xaricindədir Qeyd edək ki, 25 nəfər Qarabağ əlilinin imzası ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova məktub yollanıb. Amma məktuba mənfi cavab verilib. İcra Hakimiyyətinin memarı V.Surxayev əlillərə cavabında bildirib ki, Bakı şəhərinin Baş Planında nəzərdə tutulmamış kiçik həcmli ticarət, xidmət və məişət obyektlərinin yerləşdirilməsi qadağan edilib: ”Ona görə də xahişinizin yerinə yetirilməsi imkanımız xaricindədir”. Ümidimiz ölkə başçısına qalıb F.Mustafayev isə deyib ki, “Əhmədli” metrosunun yanında iki ticarət obyektinin ortasında 21 kvadratmetrlik boş sahə var və bunu bizə versələr, qane edər. Əlləri hər yerdən üzülən Qarabağ əlilləri və veteranlar özlərini Şəhidlər Xiyabanında yandırmaq qərarına gəliblər: “Son ümid yerimiz ölkə başçısı İlham Əliyevdir. Buradan onlara müraciət edərək Qarabağ əlillərinə kiçik ticarət üçün uyğun bir yerdə torpaq ayrılmasına qərar vermələrini xahiş edirik. Yoxsa, gərək yığışıb gedək Şəhidlər Xiyabanına, qardaşlarımızın yanında özümüzə od vurub yandıraq. Onsuz da artıq adamlarıq, dolana da bilmirik...”

Geri qayıt