Əsas Səhifə > Ölkə, Manşet > Ağsuda Səlim Müslümovun kəndindən olmayanlara birtəhər baxırlar...

Ağsuda Səlim Müslümovun kəndindən olmayanlara birtəhər baxırlar...


11-04-2014, 11:30
Ağsuda Səlim Müslümovun kəndindən olmayanlara birtəhər baxırlar...
DİA.AZ: - Ağsu rayonunda məmur özbaşınalığı pik həddə çatıb. İcra başçısı Ənvər Seyidəliyevin əməlləri rayonda ciddi narazılıq doğurub. DİA.AZ-a rayondan verilən məlumata görə, bütün idarə, müəssisə və təşkilat rəhbərləri icra başçısının yaxın qohumları olduğu üçün onlar istədikləri kimi hərəkət edə bilir, əhalini istismar etməklə məşğul olurlar. Ancaq onların bu özbaşınalığına göz yumulur.

Ağsuda baş verənlərlə bağlı redaksiyamıza daxil olan məktubda deyilir: “Bütün qanunsuzluqların, dövlət əmlakının talan edilməsinin başında Ənvər Seyidəliyev dayanır. Ənvər Seyidəliyevin arxalandığı şəxs isə bacısı oğlu, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovdur. İcra başçısının və Səlim Müslümovun doğulduğu Pirhəsənli kəndindən deyilsənsə insan yerinə qoyulmursan.

Pirhəsənli də Ağsunun kəndidir, ora da vətənimizdir. Ancaq biz ayrı-seçkiliyin, yerdə qalan bütün kəndlərin əhalisinin yad hesab olunmasının əleyhinəyik, buna qarşıyıq. Məgər Ağsuda başqa kəndlərin əhalisinin hansısa işdə işləmək, vəzifə tutmaq üçün savadı, qabiliyyəti yoxdur? Səlim Müslümovla icra başçısının qohumları rayonda ağalıq edirlər, özlərinə yaxın adamlardan başqa heç kimi insan hesab eləmirlər. Səlim Müslümovun atası 90 min dollar dəyərində olan avtomobildə gəzir. Bir avtomobili 3 aydan artıq istifadə etmir, üç ay tamam olan kimi yenisini alır. Ağsunun 70 kəndinin əhalisinin əksəriyyəti isə balasını çörəklə təmin edə bilməmək həddində səfalət içində yaşayır\".

Məktubda icra başçısının və Səlim Müslümovun vəzifələr tutan qohumlarının bəzilərinin adları da qeyd edilib: \"“Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Ənvər Seyidəliyevin qardaşıdır. Səlim Müslümovun bibisinin əri Ağsu rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzinin rəisidir. Qohumuna arxalanıb hər cür qanunsuzluqlarla məşğuldur. Ağsu bazarı icra başçısının başqa bir qohumu Varis Nəzərova verilib. Ənvər Seyidəliyevin qardaşı Fazil Seyidəliyev Ağsu polis şöbəsinin rəis müavinidir. Ağsu kommunal təsərrüfat birliyinin rəisi icra başçısının yaxın qohumudur\".

Şikayətçilər bildirir ki, qanunsuzluq o həddə çatıb ki, təhsili olmayan və ya ticarət-iaşə təhsili olan qəssabları rüşvət alaraq orta məktəblərə müəllim işləməyə götürürlər. İcra başçısının “Topal Teymur” adlanan qardaşı bütün mağazalardan haqq yığır. Haqq verməyən şəxslərin obyektlərinin fəaliyyət göstərməsi mümkün deyil.

Bir sözlə, Ağsuda özbaşınalıqlar sərhəd tanımır. Rayonda baş verən müxtəlif qanunsuzluqlarla bağlı ölkə mətbuata dəfələrlə yazılıb. Ancaq bunlara baxmayaraq hakimiyyət Ənvər Seyidəliyevi başqa icra başçıları kimi digər rayonlara “ekstradisiya” edə bilmir. Bu günü Ağsulular səbirsizliklə gözləyir. Hətta qurban kəsəcəklərini də gizlətmirlər. Lakin bununla yanaşı Ənvər Seyidəliyevin hər hansı rayona icra başçısı təyin ediləcəyini də arzulamırlar. Çünki rayon sakinləri yaxşı bilirlər ki, Ənvər Seyidəliyev özbaşınalıqlarını digər rayonlarda da həyata keçirə bilər.

Ənvər Seyidəliyevin Ağsunun icra başçısı vəsifəsindən gedəcəyi barədə məlumatlar hələ ki, öz təsdiqini tapmır. Ancaq rayonda əhalinin vəziyyəti acınacaqlı durma düşüb. Xüsusilə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə verilən subsidiyaları icra başçısının tayfası tərəfindən mənimsənilir. Ağsuda və onun kəndlərində iş yerləri demək olar ki yoxdur. Tikinti-quruculuq adı ilə rayonda bir neçə şəxsi obyektlər tikilib ki, bunun da camaata heç bir faydası dəymir. Buna baxmayaraq yenə də hakimiyyət rayonda baş verən bu özbaşnalıqlara görə kimsəyə gözün-üstə qaşın var söyləmir. Yerli hakimiyyət orqanları tərəfindən törədilən özbaşınalıqlar rayon ictimaiyyətinin narazılığını getdikcə artırır. Ağsuda bütün məsul rəhbər vəzifələri də məhz Ənvər Seyidəliyevin qohumları və həmkəndliləri arasında bölüşdürülüb. Bir sözlə Ağsu bü gün barıt çəlləyinə çevrilib. Quba hadisələrinin bu rayonda baş qaldıracağı günü bizlərə gözləmək qalır.

Geri qayıt