Əsas Səhifə > Ölkə, Manşet > İqtidariçi Naxçıvan qruplaşması indidən parlament seçkilərinə hazırlaşır

İqtidariçi Naxçıvan qruplaşması indidən parlament seçkilərinə hazırlaşır


8-04-2014, 12:01
İqtidariçi Naxçıvan qruplaşması indidən parlament seçkilərinə hazırlaşır
DİA.AZ: - «Qarşıdan gələn parlament seçkilərində favorit qüvvə Naxçıvan klanıdır». Bu ifadəni DİA.AZ-a açıqlamasında işlədən hakimiyyət içindəki məlumatlı mənbə iddia edir ki, artıq bu klanın nümayəndələri seçki tədarükü ilə bağlı ciddi tədbirlərə qərar veriblər.

Mənbə iddia edir ki, əslində Naxçıvan klanı son döyüşünə çıxır: “Ya bu cinahdan olan iqtidariçi qüvvə qələbə qazanıb, mövqelərini qoruyacaq, ya da birdəfəlik olaraq qüvvə mahiyyətini itirəcək, nəticədə klan dağılacaq və pərakəndəlik yaranacaq”.

DİA.AZ-a danışan mötəbər mənbə bildirir ki, artıq Naxçıvan qruplaşması seçki ilində görüləcək işlərin maliyyə qaynaqlarını formalaşdırmaqla məşğuldur: «Naxçıvandan olan yüzlərlə nüfuzlu iş adamına seçki büdcəsinin formalaşdırılması barədə təlimatlar verilib. Bu seçki ilində çoxlu pullar xərclənəcəyindən həmin maliyyənin qaynaqları da indidən müəyyən olunur. Eyni zamanda yeni deputatlığa namizəd heyəti də hazırlanır. Klan yeni simaları ortaya çıxaracaq və parlamentdə əhəmiyyətli mövqe əldə etməyə çalışacaq».

Xatırladaq ki, İlham Əliyev iqtidara gələndən sonra regionçuluq faktoru ciddi şəkildə sarsıldı və bu zəminli qruplaşmalar bir-birinin ardından sıradan çıxarıldı. Ən böyük zərbəni isə Qərbi Azərbaycan qruplaşması aldı.

Amma Qərbi Azərbaycan qruplaşmasından fərqli olaraq Naxçıvan qruplaşması ayaqda durmağa müvəffəq oldu və son günlər daha da inamlı addımlar atmağa davam edir.

Məlumatlı mənbənin dia.az-a bildirdiyinə görə, indidən sözügedən iqtidariçi güc mərkəzinin parlament seçkilərini hədəfləməsi də təsadüfi deyil: «Təbii ki, bu dəfə parlament seçkilərinin kimin nəzarəti altında keçməsi daha çox önəm daşıyır. Elə buna görə də Naxçıvan qruplaşması bu qədər maraqlıdır. Həm də gələcəkdə də mövqelərini qoruya bilmələri üçün».

Geri qayıt