Əsas Səhifə > Ölkə, Manşet > Bakı Dövlət Universitetində baş verənlərin şok pərdəarxası - Abel Məhərrəmovu niyə «vururlar»?

Bakı Dövlət Universitetində baş verənlərin şok pərdəarxası - Abel Məhərrəmovu niyə «vururlar»?


28-02-2014, 12:44
Bakı Dövlət Universitetində baş verənlərin şok pərdəarxası - Abel Məhərrəmovu niyə «vururlar»?
DİA.AZ: - Son günlər Bakı Dövlət Universiteti ətrafınjda mücərrəd hadisələr yaşanmaqdadır. Hər halda, keçən günlərdə baş verən tələbə etirazlarını və bunun ardından da BDU-da həyata keçirlən yoxlamaları nəzərdən qaçırmaq olmaz. Nəsə baş verir? Və apardığımız araşdırmalar da ortaya ilginc məqamları çıxarıb. Aydın olur ki, bu «nəsə» heç də boşundan baş verməyib və hər şey nəzarət altındadır.

DİA.AZ-ın bilgili qaynaqlardan əldə etdiyi informasiyalardan da aydın olur ki, kənardan sıradan bir «tələbə etirazı» kimi görünən və bunun ardından da baş verənləri «nazirliyin prosesə müdaxiləsi» kimi təqdim edəcəyimiz məlum şərait əslində, çox ciddi sütunlar üzərində qurulan bir hərəkətlənmədir. Hədəfdə isə BDU-nun rəhbərliyidir.

Gələk əsas məqamlara. Tələbələr niyə və nəyə etiraz edirdilər. İlk başdan bu etirazların formatına toxunaq. Əslində hadisələr məhz BDU rəhbərliyinin baş verənlərə əlahiddə reaksiyası səbəbindən şişirdilmiş hala gətirildi. Halbuki BDU-dakı həmin tələbə aksiyası o qədər də kütləvi deyildi. Yəni Abel Məhərrəmovun kabinetinə yerləşəcək, kabinetində qəbul edəcək sayda tələbə etiraz aksiyası keçirmək qərarını vermişdi.

Seçilən ideal zaman və məqam isə aksiyanın kütləviliyi haqda qənaət yaratdı. Bundan uduzanı isə BDU rəhbərliyi oldu. Səbəbi çox sadə idi. Verilən əlahiddə reaksiya. Biz demirik ki, BDU rəhbərliyi Nazirlər Kabinetinin və Təhsil nazirliyinin dəyişiklərinə reaksiya verən, etiraz edən tələbələri dinləməli deyildi. Dinləməli idi. Amma akt zalında yox. Bir daha vurğulayırıq, rektorun kabinetindəcə problemlər müzakirə oluna, tələbələrə başa salına bilərdi.

Amma əksi baş verdi. Təbii ki, bu əksi hesab olunan şəraiti yetişdirən mətbuatın və bu mətbuata təhrikçi kimi müdaxilə edən MARAQLI qüvvələrin iştirakı da nəzərdən yayına bilməz. Yəni Abel Məhərrəmov belə bir həssaslığa məcbur idi. Yəni tələbələr daha böyük auditoriyada qəbul edilməli idi. Rektorun bundan başqa bir yolu qalmamışdı.

Aksiyanın və baş verənlərin təşkil olunduğunu, sonradan proses boyunca, indinin özündə də idarə olunduğunu isə danmaq qeyri-mümkündür. Təbii ki, istənilən bir aksiyanın təşkilatçısı olur. Amma BDU-dakı etirazlara qədər baş verənlər də kifayət qədər şübhəli idi.

Diqqət yetirin, BDU rektorunun adına saxta «Facebook» profili açılır və bu profildən naməlum qüvvələr tələbələri qıcıqlandıracaq statuslar paylaşır. Hər şey hazırdır. Az qala bir ay bu statuslar müzakirə olunur, yetərincə ictimai rəy tədarükü görülür, ardından da məlum AKSİYA BAŞLAYIR…

İndi isə Abel Məhərrəmov mətbuatda az qala «xalq düşməni» kimi təqdim olunmaqdadır. Sanki o, tələbələrin qənimidir. Təbii ki, kifayət qədər təcrübəli rektorun «gənclərin qurduğu oyuna» düşməsi də bağışlanası hal deyil. Amma burada bir məqam da cəlbeidicidir. Hadisələri yönəldənlər daha yetkili vəziyyətdə olduqlarından istənilən zəruri anda baş verənlərə məhz öz maraqlarına uyan tərzdə müdaxilələrdə buluna bilirlər. Və bu imkanlarından yaxşıca yararlanmaqdadırlar da.

Beləcə, BDU-dakı gərginlik davam edir… Hətta zamanında bu ali təhsil ocağının cikinə-bikinə bələd olan və bu gün jurnalistikada olan mətbuat işçiləri də BDU-nu cərəyan edən olayların eyforiyası altında hədəfə alıblar. Sanki bu gün BDU digər universitetlərlə müqayisədə ən çox rüşvtxorluğa uğrayanıdır. Təbii ki, biz BDU-nun müəllimlərinin sudan çıxmış ağ qaşıq olduqlarını iddia etmirik. Amma insaf da dinin yarısıdır…

Geri qayıt