Əsas Səhifə > Ölkə, Manşet > "Hamımızı ora “Xan” MMC-nin rəhbəri Abbas Xıdırov dəvət edib..."

"Hamımızı ora “Xan” MMC-nin rəhbəri Abbas Xıdırov dəvət edib..."


20-11-2023, 08:55
"Hamımızı ora “Xan” MMC-nin rəhbəri Abbas Xıdırov dəvət edib..."
“9 nəfər birlikdə 560 kub torpaq yaydıq, onun da pulu verilmədi. Pulumuzu istədik, təhqir etdilər” - işğaldan azad olunan Laçının Zabux kəndindəki tikinti işlərində işləyən ustalar əməkhaqlarını ala bilmədiklərini deyirlər.

Abzas Media-ya danışan Qalib Məhəmmədov deyir ki, onlar sentyabrın 10-dan etibarən Laçında işlərə qoşulublar:

“Biz iki aydan çox idi ki, Laçının Zabux kəndində işləyirdik. Hamımızı ora “Xan” MMC-nin rəhbəri Abbas Xıdırov dəvət edib. 9 nəfər idik. Şərait çox pis idi, tualet və hamam yox idi. Hətta bir həkim, bir dərman da yox idi. Kimsə xəstələnsə, qalacaqdı pis vəziyyətdə. Hazırda mənim ayaqlarımda yara da əmələ gəlib. Amma buna baxmayaraq biz ardıcıl şəkildə işimizi işləyirdik. Səkiləri hazırlayırdıq, yolun hərəkət hissəsini kənarlardan ayıran meneələri quraşdırırdıq.

Avansla işləyirdik. Başqa yerlərdə düzülən daşların metrəsinə görə 5 manat veriləndə, bizə 3 manatdan hesablanıb verilirdi. Hardasa 9-10 min manata qədər pulumuzu vermirlər. Hamımız şikayətçiyik” – o bildirir.

Q.Məhəmmədov deyir ki, evlərində işləyən təkcə odur. Əməkhaqlarının verilməməsi, onlara əlavə çətinliklər yaradıb:

“Evdə anamdır, bacımdır, mənəm. İki aydır kirayəni verə bilmirik. Kirayəyə 480 manat borcum var. Əlavə də başqa adamlardan borca pul götürmüşəm, çünki evdə dolanışığımız ağırdır, qida problemləri də olur” – deyə o bildirib.

Tikinti işlərində işləyən Fəzail Kərimov da deyir ki, onlar işlədikdən sonra əməkhaqları verilməyib. Onun sözlərinə görə əməkhaqlarının verilməməsinə görə o da borca girməli olub:

“Mənə 3 min manata qədər pul verilməlidir, verilmir. Evdə tək işləyən mənəm. Uşağım universitetdə oxuyur. Mən onun illiyini vermək üçün 1500 manata qədər borca girdim. Evdə də dolanışığımız çox ağırdır” – deyə o bildirib.

"Hamımızı ora “Xan” MMC-nin rəhbəri Abbas Xıdırov dəvət edib..."

Açıq mənbələrdə “Xan” MMC kimi təqdim edilən şirkətlə bağlı məlumat tapmadıq. Məsələ ilə bağlı MMC-nin rəhbəri olduğu bildirilən Abbas Xıdırovla əlaqə saxlamağa çalışsaq da, onun telefonu sönülü idi.

Mətbuatda zaman-zaman işğaldan azad olunmuş ərazilərdə tikinti işlərində işləyib əməkhaqlarını ala bilməyən şəxslərin şikayətləri dərc olunur.

Dövlət Əmək Müfəttişliyi Xidməti Abzas Media-nın Qarabağda tikinti işlərində işləyən şəxslərin əmək hüquqları ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, bununla bağlı rəsmi müraciət daxil olmayıb:

"Ötən dövrdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə işğaldan azad olunmuş ərazilərimizdə işləyən işçilərin əmək hüquqlarının pozulması ilə bağlı rəsmi məlumat daxil olmayıb. Məlumat üçün bildirək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə bu ilin aprel ayından başlayaraq 74 işəgötürən üzrə1500-ə yaxın işçiyə əməyin mühafizəsinə dair maarifləndirici tədbirlər keçirilib" - deyə cavabda bildirilib.

Mənbə: Abzas Media
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt