Əsas Səhifə > Ölkə, Manşet > Əli Əsədova güvənən Bayraq Meydanının rəisi vətəndaşlarda narazılıq yaradıb

Əli Əsədova güvənən Bayraq Meydanının rəisi vətəndaşlarda narazılıq yaradıb


4-02-2014, 12:13
Əli Əsədova güvənən Bayraq Meydanının rəisi vətəndaşlarda narazılıq yaradıb
DİA.AZ: - Havaların soyuq keçməsi bir çox ünvanlarda narazılıq yaradıb. Xatırladaq ki, dünən «Azərsu»nun Bayıl qəsəbəsi sakinlərinə qarşı yaratdığı dözülməz şərait vətəndaşlarda böyük narazılıq yaratsa da, hələ də bu barədə «Azərsu»dan hər hansı açıqlama verilməyib və ümumiyyətlə qurumun telefonları məşğul olduğundan, reaksiyalarını müəyyən etmək də müşkülə dönüb.

İndi isə Bayıl qəsəbəsinin sakinləri Dövlət Bayraq Meydanının rəhbərliyindən şikayətçidirlər. Belə ki, Bayraq Meydanı ilə üzbəüz «xruşovka»da yaşayan sakinlər bildirir ki, Dövlət Bayrağı Meydanı İdarəsinin rəisi Rəşad Məmmədovun işçiləri onlara gün verir, güzəran vermir.

Sakinlər DİA.AZ-a açıqlamalarında iddia edir ki, qonşuluqdakı binanı satın alan Rəşad Məmmədov qarın-çovğunun olmasına baxmayaraq, binada tikinti-söküntü işlərini davam etdirir: «Bundan əvvəl bir binanı aldı və indi həyətimizdə restoran açıb. Nə gecəmiz var, nə də gündüzümüz. Restoranın həyətində yaşamağı özünüz təsəvvür edin… Səhərə qədər hay-qışqırıq səsindən tüstüdən yata bilmirik».

Sakinlər bildirir ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Əsədovun adından istifadə edən Rəşad Məmmədovun ərazidəki işçiləri sakinlərin haqlı etirazlarını qulaqardına vururlar: «Binamız plana düşsə də, üstünü «Avroviziya» yarışması ərəfəsində təmir etdilər. Təmir zamanı Rəşad Məmmədovun işçiləri binanın üstündə olan və vətəndaşlara məxsus 50-yə yaxın çanaq anteni oğurladılar. Günü bu gün də qaytarmırlar. Etiraz edəndə də deyirlər ki, bizi Prezident Administrasiyası himayə edir».

Sakinlərin sözlərinə görə, indi də qar-qış olmasına baxmayaraq aparılan inşaat işləri həyətlərini rəsmən palçıq gölünə çevirib: «Təsəvvür edin, onsuz da hər yer sürüşkəndir. Bundan da əlavə palçıq gölməçələrinin yaratdığı problem bizi lap cana doyurub. İnşaat işlərini aparan Əli və Şükür adlı prorablar da himayədarlarına güvəndiklərindən səsimizi eşidən yoxdur».

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt