Əsas Səhifə > Ölkə, Manşet > Hakimiyyət yeni islahatlar astanasında: Kadr islahatları ilə yanaşı, idarəetmə də dəyişir

Hakimiyyət yeni islahatlar astanasında: Kadr islahatları ilə yanaşı, idarəetmə də dəyişir


30-01-2014, 11:14
Hakimiyyət yeni islahatlar astanasında: Kadr islahatları ilə yanaşı, idarəetmə də dəyişir
DİA.AZ: - Hakimiyyət daxilində böyük dəyişikliklərin anonsu hələ xeyli əvvəlindən verilsə də, bu istiqamətdə hər hansı silkələnmə müşahidə olunmaqdadır. Bunun isə ilginc səbəbləri var imiş. Xatırladaq ki, bir müddət əvvəl Nazirlər Kabineti və Prezident Administrasiyası strukturlarında yeniliklərin olacağı bildirilirdi. Prezidentin 22 oktyabr sərəncamının ardından rəhbərliyi təsdiqlənməmiş NK strukturları ilə yanaşı, bir sıra rayon icra hakimiyyətlərinin PA-dakı kuratorlarının da dəyişəcəyi qeyd olunurdu və əlavə edilirdi ki, əslində bütün bu islahatlar rayonlar üzərindəki məmur inhisarçılığının ləğv edilməsi siyasətinə qulluq edir.

DİA.AZ-ın hökumət içindəki mötəbər mənbələrdən əldə etdiyi informasiyalara görə, yaxın günlərdə proses başlayacaq: «Həm NK-nın rəhbərliyi təsdiqlənməmiş 6 qurumunun taleyinə aydınlıq gətirələcək, həm də rayon icra hakimiyyətlərinin məsələsi həll olunacaq».

Xatırladaq ki, iki gün əvvəl rəhbərliyi təsdiqlənməmiş qurumlardan olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ilə bağlı bir məlumat yayıldı və qeyd olunurdu ki, artıq Məleykə xanımın növbəti 5 il üçün fəaliyyətinə yaşıl işıq yandırılıb. Son informasiyalardan isə aydın olur ki, digər rəhbərliy təsdiqlənməmiş qurumlarda isə dəyişiklik gözləniləndir.

PA-nın icra hakimiyyətləri üzrə kuratorluq sisteminə gəlincə isə bu istiqamətdə yundamental dəyişikliyin olacağı bildirilir. Məlumatlı mənbə iddia edir ki, Azərbaycanda ilk dəfə yeni idarəetmə quruluşu tətbiq oluna bilər: «Hələlik qəti qərar verilməyib. Amma regionların siyasi dairələrə çevrilməsi gözlənlir. Belə bir sistem hazırda Rusiyada mövcuddur və Kreml Rusiyanı 7 siyasi dairənin əli ilə idarə edir. Əslində Rusiya belə bir sistemin marağında idi. Hər halda, 89 muxtar quruluşdan ibarət olan Rusiyanın monolitliyi qoruması üçün ideal variant seçildi. Və bu addım Putinin gəlişindən sonra baş tutdu».

Azərbaycanda anoloji problem olmasa da, məlumatlı mənbə bildirir ki, regional siyasi idarəetmə dairələrinin yaradılması əslində rayonlar üzərindəki nəzarəti möhkəmləndirməklə yanaşı, regionların inkişafına da müsbət təsir göstərə bilər: «Yəni yeni sistemə uyğun olaraq regional büdcələr formalaşdırılacaq və hər bir region spesifikasına uyğun olaraq inkişaf xəttini tutacaq. Bu dairələrin rəhbəri valimi adlanacaq, yoxsa qubernator hələlik bəlli deyil. Amma ideya «yuxarılar» tərəfindən bəyənilib».

Mənbə onu da əlavə etdi ki, qonşu Gürcüstanda da anoloji sistem tətbiq olunub və nəticədə mahallara bölünən Gürcüstan bir sıra siyasi problemlərini də həll edib. Məsələn, hazırda Azərbaycan türklərinin sıx yaşadığı ərazilər bir neçə mahala bölünüb və bu da sırf olaraq Gürcüstanın milli dövlətçilik maraqlarına xidmət edən faktordur.

Yəni bu baxımdan mənbəmiz iddia edir ki, sözügedən idarəetmənin tətbiqindən sonra Azərbaycanın Qarabağ münaqişəsinin həllinə də fərqli bir yanaşması ortaya qoyula bilər: «Təbii ki, belə bir sistem formalaşarsa, Azərbaycan prezidenti və Azərbaycanın Milli Məclisi Dağlıq Qarabağ ərazisi ilə bağlı qərar verib, bu torpaqları bir neçə mahal formasında, yeni formatda da təqdim edə bilərlər».

Hələlik bu barədə yekun qərarın verilmədiyi söylənilsə də, Milli Məclisin yaz sessiyasında müzakirələrin aparılacağı qeyd olunur.

Geri qayıt