Əsas Səhifə > Ölkə, Manşet > Xaçmazda gömrükçülər vətəndaşı qarət ediblər - 21 min dollarlıq gümüş əşyanı it-bata salıblar
Xaçmazda gömrükçülər vətəndaşı qarət ediblər - 21 min dollarlıq gümüş əşyanı it-bata salıblar28-01-2014, 10:22 |
DİA.AZ: - Son zamanlar Xaçmaz Gömrük İdarəsində bir sıra xoşagəlməz hallar, ciddi problemlər yaşanır. Bu isə öz növbəsində, həm Azərbaycan, həm də xarici ölkə vətəndaşlarını əməlli-başlı narahat edir. DİA.AZ bildirir ki, bu braədə “Gündəlik Bakı qəzetində məlumat yayılıb. Xəbərdə qeyd olunur ki, hazırda Xaçmaz Gömrük İdarəsində özbaşınalıqlar ən yüksək zirvəyə çatıb. Xırda ticarətlə məşğul olan Xaçmaz və ətraf rayon, həmçinin paytaxt Bakı sakinlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının sözün həqiqi mənasında Elçin Quliyevin rəisi olduğu Xaçmaz Gömrük İdarəsinin məmurlarının rüşvət ehtiraslarının qurbanına çevrildiyini bildirən məlumatlı şəxsin sözlərinə görə, idarənin tabeçiliyində olan Yalama (SDK), Xanoba, Şirvanovka, Samur və Zuxul gömrük postlarının əməkdaşlarının əməlləri heç bir qanuna və məntiqə sığmır: «Bu gün Xaçmaz Gömrük İdarəsinin «SDK» gömrük postunda elə ab-hava hökm sürür ki, sanki bura bir neçə şəxsin «özəl obyekti»dir. Xaçmaz Gömrük İdarəsinin rəisi Elçin Quliyev, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin rəisi Elnur müəllim, həmçinin «SDK» gömrük postunun rəhbərliyi birlikdə buranı müvafiq qanunlarla yox, məhz özlərinin müəyyənləşdirdikləri «qayda»larla idarə edirlər. Elə buna görə də onlar bir sıra yollarla öz maraqlarını təmin etməyi bacarırlar». Xaçmaz Gömrük İdarəsində gömrük işinin normal təşkil olunmaması səbəbindən insanların saatlarla, hətta bəzən günlərlə vaxtlarını boş yerə itirdiklərini deyən mənbə qeyd edir ki, idarə rəisi Elçin Quliyev və onun tabeçiliyində çalışan şəxslərin əməllərindən narazı olan insanlar kimə, hara şikayət edəcəklərini bilmirlər: «Çünki heç kim Xaçmaz Gömrük İdarəsinin rəisi Elçin Quliyevə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin rəisi Elnur müəllimə, həmçinin «SDK» gömrük postunun rəhbərliyinə irad tutmur, onların əməllərinə hüquqi qiymətin verilməsini təmin etmir. Elə buna görə də onlar öz bildiklərini edir, nə yolla olursa-olsun maraqlarını həyata keçirməyə çalışırlar». Ötən il dekabr ayının 29-da Rusiyanın paytaxtı Moskva şəhərindən Ramil Əliyev tərəfindən Gəncə-Moskva avtobus reysilə 4 qutu, 144 ədəd gümüş qaşıq, çəngəl və bıçağın göndərildiyini deyən məlumatlı şəxsin iddiasına görə, Xaçmaz Gömrük İdarəsi, eləcə «SDK» gömrük postu qeyd olunan malları it-bata salıb: «Dekabrın 29-da Ramil Əliyev Moskvadan Gəncə-Moskva avtobusu ilə dəyəri 21 min dollar olan gümüş qaşıq, çəngəl və bıçaq göndərib. O, avtobus sürücüsünə deyib ki, cehizlik üçün nəzərdə tutulan həmin malları «SDK» gömrük postunda Vüqar Ələkbərov ondan təhvil alacaq. Malın dəyərinin 21 min dollar olduğunu təsdiq edən müvafiq qəbz də var. Mal gəlib gömrük postunda çatanda sürücüyə deyirlər ki, mallar «rastamoşka» olunmalıdır. Sürücü mal sahib olmadığını, sadəcə malı gətirdiyini bildirdik də, gömrük əməkdaşları gümüş əşyaları depoya qoyurlar və bildirirlər ki, sahibləri gəlib «rastamoşka» eləməlidir. Daha sonra Moskvadan «SDK» gömrük postu ilə əlaqə saxlanılıb və bildirilib ki, malın keçirilməsinə icazə verilmir, bu sahədə monopoliya var. Gömrük işçiləri deyiblər ki, bizim sizə yaxşılığımız o olar ki, gəlib malınızı geri götürəsiniz. Bundan sonra Ramil Əliyev Vüqar Ələkbərov və avtobus sürücüsü ilə birlikdə «SDK» gömrük postuna malı geri götürmək üçün gəlirlər. Lakin onlar həmin vaxt gümüş əşyaların depoda olmadığını görürlər. Onlara bildirirlər ki, gümüş əşyaları Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin rəisi Elnur müəllim aparıb. Ramil Əliyev və digərləri məcbur olub Xaçmaza getməli olurlar. Lakin Xaçmaz Gömrük İdarəsindən deyirlər ki, mallar məhkəmə yolu ilə müsadirə olunub. Maraqlı məqam ondadır ki, Xaçmaz Rayon Məhkəməsi yükün sahibi olmadığı halda necə və hansı əsasla onu müsadirə etmək barədə qərar verib? Bunu aydınlaşdırmaqdan ötrü məhkəmə ilə əlaqə saxladıqda məlum olub ki, Xaçmaz Gömrük İdarəsinin əməkdaşları ağ yalan deyirlərmiş. Məhkəmə həmin gümüş əşyalarla bağlı heç bir qərar qəbul etməyib və ümumiyyətlə, bu barədə məlumatı belə, yoxdur. Bundan sonra Xaçmaz Gömrük İdarəsinin rəhbərliyi malın dəyərinin hesablanıb geri qaytarılması barədə təkliflə çıxış etdi. Qarşı tərəf, yəni mal sahibləri gümüş əşyalarının dəyərinin 21 min dollar olduğunu deyib. Gömrük əməkdaşları isə malın qiymətinin 21 min rubl olduğunu düşünüblər. Bununla bağlı gömrük əməkdaşlarına müvafiq qəbz təqdim olunduqda mallın qiymətinin həqiqətən də 21 min dollar olduğu aydınlaşıb». Məlumatlı şəxsin sözlərinə görə, gömrük işçiləri vəziyyətdən çıxmaq üçün gümüş əşyaların 4 qutu yox, yalnız bir qutu olduğunu iddia ediblər: «Bir sözlə, Xaçmaz Gömrük İdarəsi mənimsədikləri malı müxtəlif yollarla ört-basdır etməyə çalışır. İndi cehizlik alınan həmin gümüş malların sahibləri yanvarın 7-dən Xaçmaz Gömrük İdarəsində qalıblar. İdarənin rəisi Elçin Quliyev isə özünü sanki heç nə olmamış kimi aparır». Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |