Əsas Səhifə > Ölkə, Manşet > Elşad Abdullayev kartı yenidən işə düşür

Elşad Abdullayev kartı yenidən işə düşür


5-01-2014, 15:13
Elşad Abdullayev kartı yenidən işə düşür
DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev yeni bir müraciət yayıb. Bildirək ki, bir nüsxəsi də DİA.AZ-a göndərilən həmin müraciətin mətnində sabiq rektor bir sıra dövlət məmurlarının ünvanına olduqca ağır ittihamlar səsləndirir ki, bizlər həmin ittihamları paylaşa bilmirik.

Xatırladaq ki, buna qədər də sabiq rektor hazırda vəzifə başında olan xeyli sayda səlahiyyətli şəxsə qarşı sərt suçlamalarda bulunsa da, onun bu iddiaları cavabsız buraxılıb ki, bu da «Elşad Abdullayev bəzi hakimiyyətiçi oyunların iştirakçısıdır» fikrini daha da möhkəmləndirir. Ona görə ki, barəsində beynəlxalq axtarış elan edildiyi söylənilən Elşad Abdullayevin əslində İnterpol araçılığı ilə axtarılmadığı faktı mövcuddur. Bunu, onun rahatlıqla istədiyi ünvana, istədiyi ölkəyə sərbəst şəkildə hərəkət etməsi reallığı da sübutlamaqdadır.

DİA.AZ-ın əldə etdiyi informasiyalardan isə aydın olur ki, əslində Elşad Abdullayev kartından hələ bundan sonra da istifadə olunması planlaşdırılır. Bu barədə danışan qaynağın söylədikləri:

«Elşad Abdullayevin missiyası hələ bitməyib. Xatırlayırsınızsa, bu barədə keçmiş rektor da üstüörtülü şəkildə olsa da, eyham vurmuşdu. Yəni o, bəlli bir missiyanı icra etdiyini etiraf etmişdi. Bundan sonra da həmin missiya davam etdiriləcək».

Mənbə iddia edir ki, Bu ilin mart ayına qədər hakimiyyət daxilində təlatümlü dəyişikliklər baş verə bilər: «Buna tədarük gedir. Elşad Abdullayevə gəlincə isə, onun arxasında dayanan qüvvələr yenə də eyni tərzdə «şok olaylar» yaradaraq, prosesi nəzarətlərində saxlamağa və maraqlarına uyğun yöndə inkişafına nail olmağa çalışacaqlar».

Geri qayıt