Əsas Səhifə > Ölkə, Manşet > MN-də TƏMİZLƏMƏ DURDUMU?

MN-də TƏMİZLƏMƏ DURDUMU?


18-03-2022, 11:26
MN-də TƏMİZLƏMƏ DURDUMU?
gün öncə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev DTX-də davam edən cinayət işi üzrə saxlanılıb.
O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir. Fikrət Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Məlumat üçün qeyd edək ki, polkovnik Fikrət Mirzəyev 2020-ci il iyun ayında MN-dəki vəzifəsindən çıxarılıb.
Bu faktı nə üçün xatırlatdıq..?
Gündəlik-Bakı olaraq illər öncə Müdafiə Nazirliyində baş verən rüşvət və korrupsiya əməlləri ilə bağlı konkret olaraq faktlara söykənən araşdırma yazıları dərc etmişik.
Əlbəttə, biz 44 günlük Vətən müharibəsində torpaqlarımızı erməni faşistlərdən azad edən ordumuzla fəxr edirik, amma...
Əmması odur ki, Gündəlik-Bakı 10 ilə yaxındır ki, Müdafiə Nazirliyi sistemində olan korrupsiya əməllərindən yazır.
Biz bir media olaraq neçə illərdir yazırıq ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi dövlətin hərbçilərimiz üçün ayırdığı milyonları mənimsəyir, hərbçilər illərlə mənzil növbəsi gözləyir, amma orduya heç bir dəxli olmayan şəxslər mənzil alır...
Gündəlik-Bakı olaraq uzun illər barəsində yazdığımız və ciddi təhdidlərlə üzləşdiyimiz bəzi generallar son vaxtlar dalbadal həbs olunur.
Biz Gündəlik-Bakı olaraq MN-nin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun, onun müavini olmuş, Maddi Texniki Təminat Baş İdarəsinin rəisi, general Nizam Osmanovun və general Xaqani Cəbrayılovun əməllərindən kifayət qədər yazmışıq.
Son vaxtlar haqqında yazdığımız yüksək rütbəli hərbiçilər ya ordudan uzaqlaşdırılır, ya da həbs olunurlar.
Gündəlik-Bakı bu şəxslər barəsində yazanda bu şəxslərin barəsində yazmağa ciddi SENZURA qoyulmuşdu. Amma biz bir media olaraq yazırdıq...
Bəli, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev həbs olundu.
Bəs, Fikrət Mirzəyevin “şefi”, MN-nin Maddi Texniki Təminat Baş İdarəsinin rəisi, general Nizam Osmanov niyə həbs olunmur ?
Axı, Fikrət Mirzəyev Nizam Osmanovun icazəsi olmadan heç bir addım ata bilməzdi.
Bəli, hərbçilərin mənzil problemi üçün dövlətin ayırdığı milyonları mənimsəyən Nizam Osmanov olub. Fikrət Mirzəyev isə sadəcə, JEK rəisi olub.
İndi necə olur ki, Fikrət Mirzəyev həbs olunur, Nizam Osmanov isə nazir müavini, Baş idarənin rəisi vəzifəsində qalır..?
Daha bir fakta nəzər salaq.
Bir müddət əvvəl Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olundu.
Və general-mayor hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla saxlanıldı.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Nizami Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildi.
İlkin məlumata görə, Nizami Məmmədov 80 milyon miqdarda mənimsəmədə təqsirləndirilir.
Biz Gündəlik-Bakı olaraq bu generallar barəsində illər öncə yazmışıq və onların neqativ əməllərini ictimailəşdirmişik. Və buna görə bizə ciddi təzyiqlər olub.
Bu gün də həmin araşdırma yazılarımızı davam etdiririk.
Və soruşuruq ki, dövlətin müdafiə sisteminə ayırdığı milyonları mənimsəyən general Xəqani Cəbrayılov necə azadlıqda ola bilər ?
Aşağı rütbəli hərbçi məmurlar həbs olunur, amma onun rəhbəri toxunulmaz qalır...
Yaxud Gündəlik-Bakının neçə illərdir ki, yazdığı Rəşad Quliyev niyə cəzasız qalmalıdır ?
Söhbət Bakıda yerləşən Mərkəzi Ordu İdman Klubunun ( MOİK ) sabiq rəisi polkovnik-leytenant Rəşad Quliyevdən gedir.
Bu adam MOİK-i uzun illər rüşvət və korrupsiya yuvasına çevirdi.
Təsəvvür edirsiniz, bu hərbi hissədə qulluq etməyin qiyməti nə az, nə çox, 40-50 min arasında olub. İndi bu rəqəmi vurun əsgərlərin sayına, sonra alınan nəticəni illərə vurun...və görün Rəşad Quliyev neçə milyonları qazanıb.
Sözün qısası, Rəşad Quliyev bu illər ərzində milyonlara sahib oldu. Sonradan onun vəzifəsi bir az da böyüdü və Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində polkovnik rütbəsində, İdman kafedrasında idman rəisi kimi çalışır.
Bu illər ərzində Rəşad Quliyev qazandığı milyonlar hesabına milyonluq obyektlərə, mülklərə, bahalı mənzillərə, avtomobillərə sahib oldu.
Rəşad Quliyevin Badamdar qəsəbəsində 10 milyon dəyəri olan “Olive Garden” restoranı, villası var.
Bəs, Rəşad Quliyev niyə həbs olunmur ?
Bir sözlə, Gündəlik-Bakının 10 ilə yaxındır ki, apardığı mübarizə öz nəticəsini verməkdədir.
Düşünürük ki, yaxın zamanda haqq-ədalət öz yerini tapacaq və orudmuza ziyan vuran bəzi “generallar” layiq olduğu cəzanı alacaqlar.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
//gundelik-baku.com//
Geri qayıt