Əsas Səhifə > Ölkə, Manşet > Məhkəmələr BŞİH-in sabiq işçisinin əlində aciz qalıb

Məhkəmələr BŞİH-in sabiq işçisinin əlində aciz qalıb


15-02-2022, 10:37
Məhkəmələr BŞİH-in sabiq işçisinin əlində aciz qalıb
Uzun illərdir ki, mətbuatda Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 45 saylı binanın qarşısında, “Azərsu” ASC-nin balansında olan və Bakı şəhərinin şərq hissəsini içməli su ilə təchiz edən diametri 800, 1000, 1200 və 1400 mm-lik dörd ədəd yüksək təzyiqli magistral su kəmərinin üzərində və sanitar-mühafizə zonasında yerləşən torpaq sahəsinin zəbti ilə bağlı Azərbaycan məhkəmələrində araşdırmalar davam edir. Az qala 20 ildir ki, Azərbaycan məhkəmələri çox sadə bir məsələni həll etməkdə acizlik nümayiş etdirirlər. Proses saqqız kimi uzandıqca-uzanır.

Həmin torpaq sahəsini ələ keçirməyə çalışan Bakı Şəhər İcra Hakimiyyətinin sabiq işçisi Tamara Həmidova bunun üçün müxtəlif vaxtlarda Bakı şəhəri Nizami Bələdiyyəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə bağladığı müqavilələr əsasında torpaq sahəsinin I qrup əlil qardaşı Həmidov Cəlal Əli oğlunun adına rəsmiləşdirilməsinə nail olub.

2014-cü ildə “Azərsu” ASC Nizami Bələdiyyəsinə, Həmidov Cəlal Əli oğluna, Bakı şəhəri Nizami Bələdiyyəsinə və başqalarına qarşı Nizami Bələdiyyəsinin torpağın mülkiyyətə verilməsinə dair 26 sentyabr 2003-cü il tarixli qərarın etibarsız hesab edilməsi, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə dair 7-129/7q nömrəli 07.03.2003-cü il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli, 2-1(82)-635/2015 saylı qərarı ilə iddia “Azərsu” ASC-nin iddiası qismən təmin edilib, Nizami Bələdiyyəsinin torpağın mülkiyyətə verilməsinə dair 26 sentyabr 2003-cü il tarixli qərarı etibarsız hesab edilib. Yuxarı instansiya məhkəmələri qərarı qüvvəsində saxlayıb.

Sonradan məlum olub ki, magistral su kəmərlərinin üzərində və sanitar-mühafizə zonasında yerləşən həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi təyinatı ilə Həmidov Cəlal Əli oğlunun icarəsinə verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə Cəlal Həmidovun qəyyumu Tamara Həmidova arasında 20 avqust 2010-cu il tarixli 0912 saylı icarə müqaviləsi bağlanıb.

Məhkəmə qaydasında mübahisələndirilən 20 avqust 2010-cu il tarixli 0912 saylı icarə müqaviləsi məhkəmə araşdırması zamanı icarə müqaviləsinin ləğv edilməsindən yayınmaq məqsədilə Tamara Həmidova 20 aprel 2018-ci il tarixində 20 avqust 2010-cu il tarixli 0912 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu müraciət əsasında Bakı Şəhər İcra Hakimiyyəti 20 aprel 2018-ci il tarixində 7-183/10q saylı ləğv etməyə dair bildirişlə qarşılıqlı razılıq əsasında 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsini ləğv edilib. İşə baxan məhkəmə mübahisə predmeti olan müqavilənin artıq ləğv edilməsi səbəbindən işin icraatına xitam verib.

Torpaq sahəsinin əlindən çıxmaması üçün hər cür varianta əl atan Tamara Həmidova Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla yenidən əlbir olaraq eyni torpaq sahəsinə dair 20 aprel 2018-ci il tarixli 1460 nömrəli yeni icarə müqaviləsi bağlayıb. Tamara Həmidovanın dələduzluğunun kulminasiyası odur ki, icarə müqaviləsinin ləğv edilməsi barədə müraciət, icarə müqaviləsinin ləğv edilməsi, yeni icarə müqaviləsinin bağlanması ilə bağlı bütün bu 3 iş eyni gündə baş verib. 20 aprel 2018-ci il tarixi isə Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi son iş günü olub.

20 aprel 2018-ci il tarixli 1460 nömrəli yeni icarə müqaviləsinin qanunsuzluğunun başqa bir səbəbi isə icarə müqaviləsinə görə torpaq sahəsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və abadlıq işlərinin görülməsi əsası ilə bağlıdır. Cəlal Həmidovun əqli qüsurlarına görə ona I qrup əlillik dərəcəsi verildiyini nəzərə alsaq, əqli qüsurlu, anlaqsız, öz hərəkətlərinin mənasını başa düşməyən, vergi orqanında qeydiyyatda olmayan bir şəxsə Bakı şəhərinin mərkəzi hissəsində və strateji mövqedə olan, dəyəri milyonlarla ölçülən ərazinin 49 il müddətinə icarəyə verilməsi bu sənədləşmələrdə açıq-aşkar korrupsiya faktının mövcudluğuna işarədir.

Üstəlik, Bakı şəhərinin şərq hissəsini içməli su ilə təchiz edən 4 yüksək təzyiqli magistral su kəmərinin üzərində yerləşən torpaq sahəsinin əqli qüsurları olan I qrup əlilin icarəsinə verilməsi korrupsiya əməli ilə yanaşı, həm də minlərlə şəxsin həyat və sağlamlığı üçün dəhşətli təhlükədir.

Hazırda Cəlal Həmidovun qəyyumu Tamara Həmidova ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov arasında bağlanmış 20 aprel 2018-ci il tarixli 1460 nömrəli yeni icarə müqaviləsi də məhkəmə qaydasında mübahisələndirilir və Bakı şəhəri Nizami Rayon Məhkəməsində iş üzrə məhkəmə araşdırması aparılır.

Eyni zamanda Tamara Həmidova ilə bağlı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində başlanılmış cinayət işi üzrə araşdırma davam edir.

Həm Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Həqiqət Əhmədovanın, həm də Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Nicat Naibovun icraatında olan işlər üzrə araşdırmalarla bağlı hər iki dövlət orqanı 20 aprel 2018-ci il tarixli 1460 nömrəli yeni icarə müqaviləsini, torpaq sahəsinin ilkin cizgi-sxemini və başqa sənədləri rəsmi sorğularla Bakı şəhər İcra Hakimiyyətindən tələb ediblər. Hətta müstəntiq Nicat Naibov şəxsən dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinə gedərək icraatında olan cinayət işi ilə bağlı sənədləri tələb edib. Lakin Bakı şəhər İcra Hakimiyyəti Aparatının Hüquq və kadr məsələləri şöbəsinin müdiri Ramil Qədimquliyev Tamara Həmidova ilə əlaqəyə girərək aylardır ki, qeyd edilən dövlət orqanlarının tələblərini təmin etmir, həm icarə müqaviləsinin ləğvi, həm də yeni icarə müqaviləsinin bağlanması ilə bağlı cinayət əməllərini ört-basdır etmək üçün sənədlərin təqdim edilməsini əngəlləyir.

Həmçinin 20 aprel 2018-ci il tarixli 1460 nömrəli yeni icarə müqaviləsinin mübahisələndirilməsi ilə bağlı Tamara Həmidova ilə cinayət əlaqəsində olan Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Hüquq və kadr məsələləri şöbəsinin müdiri Ramil Eyyub oğlu Qədimquliyevin göstərişi ilə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Maşallah Ələkbərov məhkəmə araşdırmasının aparılmasına mane olmaq üçün işin guya kommersiya məhkəməsinə göndərilməli olması ilə bağlı vəsatət və şikayətlər edib. Hətta bununla kifayətlənməyən Ramil Qədimquliyev Tamara Həmidovaya dəstək vermək, Muxtar Mustafayevin məhkəmə araşdırması dövründə Bakı Şəhər İcra Hakimiyyətinin hərəkətlərini tam nəzarətdə saxlaması üçün özü ilə birlikdə “Ədalət” vəkil bürosunda 1 ildir fəaliyyət göstərən vəkil Yavər Yavərzadənin BŞİH vəkili kimi rəsmiləşdirilməsinə nail olub.
“Yeni Müsavat”

Geri qayıt