Əsas Səhifə > Ölkə, Manşet > Hansı dövlət qurumları Prezidentin tapşırığını sabotaj edir?
Hansı dövlət qurumları Prezidentin tapşırığını sabotaj edir?10-06-2021, 10:03 |
Şirvan şəhərində fəaliyyət göstərən “XƏYYAM-2012” MMC qanunsuz şəhərlərarası sərnişindaşıma ilə məşğul olsa da, aidiyyatı qurumlar buna göz yumurlar. Yenicag.az xəbər verir ki, prezident İlham Əliyevin təşəbbüsü ilə ölkənin nəqliyyat sisteminin təkmilləşdirilməsi, sərnişindaşıma xidmətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilməkdədir. Lakin Şirvan şəhərində bu sahə ilə bağlı çoxdan həllini gözləyən ciddi problemlər mövcuddur. Qeyd etmək yerinə düşər ki, “Şirvan Avtovağzalı” ASC Şirvan Avtovağzalını özəlləşdirdikdən sonra şəhərin nəqliyyat infrastrukturunun inkişafına yönəlik müsbət işlər görülüb və bu çərçivədə xeyli vəsait sərf edilib. “Şirvan Avtovağzalı” ASC tərəfindən şəhər Avtovağzal əsaslı stəmir olunub, ətraf sahə abadlaşdırılıb və əraziyə yeni asfalt çəkilib. Avtovağzal ərazisində sərnişinlər üçün gözləmə zalı, kassa zalı (bilet kassası), ana və uşaq otaqları, sürücülərin istirahət otaqları, inzibatı otaqlar, əl yükünün saxlanması üçün kameralar, tibbi yardım və polis məntəqələri, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müasir müşahidə sistemi, iaşə, mədəni-məişət, həmçinin universal rabitə xidmətlərinin göstərilməsi üçün xüsusi yerlər, habelə sanitar-gigiyenik təyinatlı otaqlar istifadəyə verilib. “Şirvan Avtovağzalı” ASC öz fəaliyyətini Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarına uyğun qaydada həyata keçirir. Avtovağzala müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilən pasport verilib. Müəssisə vergiləri və digər icbari ödənişləri vaxtında ödəyir. Bununla belə, Şirvanda fəaliyyətə başlayan “XƏYYAM-2012” MMC (faktiki sahibkar Şirəliyev Misirxan) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin tələblərini pozaraq, avtovağzalın fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab olunan pasport əldə etmədən qanunsuz fəaliyyət göstərməsinə baxmayaraq, Şirvanda şəhərlərarası sərnişin daşıma xidmətinin 70 faizini həyata keçirir. Qeyd olunur ki, adıçıkilən MMC-nin sahibi dəmiryol xəttinin mühafizə zolağını qanunsuz olaraq, dəmir torla hasarlayaraq yüksək gərginlikli elektrik xəttinin altında “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də tələb olunan struktur yaratmadan fəaliyyət göstərir. Bu zaman nə dövlət büdcəsinə vergi, nə də qanunla müəyyən edilmiş digər icbari ödənişləri ödəyir. Qanunsuz fəaliyyət göstərən avtovağzalın işçi heyəti, oradakı texnoloji proses və iş rejimi haqqında heç nə məlum deyil. Sərnişinlərə hər hansı mədəni-məişət xidmətləri göstərilmir. Eyni zamanda, avtonəqliyyat vasitələrinin hərəkət sxemi tənzimlənmir, sorğu-məlumat xidməti təşkil edilmir. Bir sözlə, yuxarıda adı göstərilən şəxs ölkənin 6-cı ən böyük şəhərinin nəqliyyat və sərnişindaşıma sistemini bərbad vəziyyətə salıb. Şikayətçilərin sözlərinə görə, müvafiq icra hakimiyyəti orqanlarına dəfələrlə müraciət etmələrinə baxmayaraq, sadalanan qanunsuzluqlarla əlaqdəar heç bir tədbir görülməyib. Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasovun 06 may 2021-ci il tarixli 6 saylı sərəncamı ilə Şirvan şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üçün görüləcək işlərlə bağlı 2021-ci il üzrə şəhər İcra Hakimiyyətinin Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planının 17-ci bəndində Şəhər ərazisində pasport olmadan avtovağzal fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə və şəhərin müxtəlif küçələrindən qanunsuz olaraq dayanacaq kimi istifadə edərək bilet satışı həyata keçirmədən şəhərlərarası sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə (fiziki şəxslərə) qarşı qanunla müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub və bu işlərin icrası Şirvan Şəhər Polis Şöbəsi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Regional şöbəsinə həvalə edilib. Lakin Tədbirlər Planında yer alan tələblərə rəğmən, Şirvan Şəhər Polis Şöbəsi və DANX-ın Regional şöbəsi nə qanunsuz avtovağzal fəaliyyəti ilə məşğul şəxsə, nə də həmin avtovağzalda və şəhərin digər ərazilərində şəhərlərarası sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə qarşı qanuna uyğun tədbirlər görmür. Bu səbəbdən, Şirvanda günün istənilən vaxtında qanunsuz avtovağzal fəaliyyəti və ayrı-ayrı sürücülər tərəfindən qanunsuz şəhərlərarası sərnişindaşıma fəaliyyətinin həyata keçirildiyini görmək mümkündür. İstər ölkə rəhbərliyinin, istərsə də şəhər icra başçısının verdiyi qərarlar kağız üzərində qalmaqdadır. Nəticədə Şirvan şəhərində qanunsuz sərnişindaşıma fəaliyyətinin miqyası leqal fəaliyyətin miqyasını xeyli üstələyir. Baş verən bu qanunsuzlar barədə aidiyyatı dövlət qurumlarının məlumatlı olduqlarını, lakin heç bir ölçü götürmədiklərini nəzərə aldıqda, “XƏYYAM-2012” MMC və onun sahibi Misirxan Şirəliyevin hansısa “güclü əllər” tərəfindən himayə edildiyini söyləmək mümkündür. Əks halda, Şirvanda sərnişindaşıma sahəsində qanunsuzluq bu qədər ayaq açıb “yeriyə” bilməzdi… Geri qayıt |