Əsas Səhifə > Ölkə, Manşet > Alman əsirlərini hardan alaq ki Mingəçeviri yenidən tiksinlər...

Alman əsirlərini hardan alaq ki Mingəçeviri yenidən tiksinlər...


22-02-2021, 10:06
Alman əsirlərini hardan alaq ki Mingəçeviri yenidən tiksinlər...
Mingəçevirdə 73 il əvvəl taxta konstruksiya ilə inşa edilmiş iki mərtəbəli yaşayış binaları hər an çökə bilər. Sakinlər yağıntılı havalarda qorxularından yata bilmir. Müvafiq dövlət qurumlarının isə dünya vecinə deyil…

İllər keçdikcə çürüyən, yararsız hala düşən taxta, şalban sakinlər üçün təhlükəli vəziyyət yaradıb. Sözügedən binalar şəhərin Təbriz küçəsi 2/17, Mikayıl Müşviq 3 və 4 ünvanlarında yerləşir. Burada yaşayan sakinlər bildirirlər ki, binalar o dövrdə necə inşa edilibsə elə də qalıb. Mənzillərdə hamam yoxdur, ayaqyolu isə həyətdə ümumi istifadədədir. Binanın kanalizasiya xətti olmadığından sakinlər çirkli suları əlləri ilə daşıyıb həyətə tökməli olurlar.

Nabat Həmidova (bina sakini): “Hansı əsrdir, hansı dövrdür, şəhərdə su qızıdırıb, üzr istiyrəm, vannada yuyunuruq. Mən əlimi yumaq üçün gözləməliyəm ki, uşağım dursun, mənim əlimə su töksün, mən də əl-üzümü yuyum. Sonra da o çirkli suyu aparıb atmalıyıq harasa. Gecə də olanda ümumiyyətlə problemdir. Mənim evimlə ayaqyolu arasında 500 metr məsfə var, işıq da yox, lap olsa da gecə hara getsin camaat?”

Uzun illərdir adı çəkilən ünvanda yaşayanlar binanın külək, yağışdan sonra hər an çökəcəyindən narahatdırlar. Həmçinin burada zərəverici həşəratların çoxluğu da sakinləri lap təngə gətirib.

Şəhla Əliyeva (bina sakini): “5 icra başçısı dəyişib Mingəçevirdə, hamısı da bizim problemi bilib. Gəlib vəd verirlər, deyirlər ki, bu evlər təmirə yararsızdır. Biz də oturub gözləyirik ki, bizi nə zaman köçürəcəklər. Gətirdilər su sistemi qoşdular,onu da qoşandan sonra kanalizasiya da olmalıdır, amma yoxdur. Biz suyu aşağıdan gətirib evdə istifadə edirik, sonra də o çirkli suyu aparıb bayıra tökürük. Hamam məsələsi isə heç deyiləsi deyil. Allaha şükür, indi kənd evlərində hamam var, biz isə hamam həsrəti çəkirik”.

Yavər İbrahimova (bina sakini): “Evdə hər cür həşarat olur, siçovul, ilan, qurbağa, kələz. Allaha and olsun ki, biz gecəni səhərə kimi qorxa-qorxa yatırıq. Səhər açılanda sevinirik ki, nə yaxşı hava işıqlandı. Mən divardan əl-üz yuyan asıb əl-üzümü yuyuram. Evimdə xəstə var, onun bu şəraitdə yaşaması çox acınacaqlıdır”. Günbəgün təhlükəli vəziyyətə düşən binanın sakinləri dəfələrlə aidiyyatı qurumlara müraciət etdiklərini bildirirlər. 7 il öncə Fövqaladə Hallar Naziri də həmin ünvana baxış keçirib.

Nabat Həmidova (bina sakini): “2014-cü ildə FHN naziri Kamaləddin Heydərov özü şəxsən bura gəlib, bu binaya baxış keçirib. Bu binanın qəzalı olması haqda dəfələrlə aktlar tərtib olunub. O cümlədən də həmin vaxt akt tərtib olunub. Bir il müddətinə bizim, yəni bu binaların sakinlərinin köçürülməsi və yeni mənzillərlə təmin edilməsi haqqında bizə söz verilib. O vaxtdan da gözləyirik.”

Uçuq binanın 96 yaşlı sakini Şömə Əliyeva isə deyir ki, bu yaşında ikinci mərtəbədən düşüb həyətə ayaqyoluna gedə bilmir: “Artıq qocalmışam, ömrüm bu şəraitsiz binada keçdi. Nəvələrim də şəraitsiz vəziyyətdə olduğumuza görə evlənə bilmirlər. Xahiş edirəm aidiyyəti qurumlar bizimlə maraqlansınlar. Xəstələnəndə bu binaya həkim də gəlmir,çünki pilləkanları çıxa bilmirlər.Gecə olanda yatmağa qorxuruq. Pars, siçovul, kələz, hətta ilan da olur. Yorğana bürünməsək, yata bilmirik”.

Təbriz küçəsi 2/17 və Mikayıl Müşviq 3 ünvanında yerləşən qəzalı binaların mövcud vəziyyətin və sakinlərin haqlı narazılıqları ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyətinin münasibəti isə belə olub:”Qəzalı binada yaşayan sakinlər üçün 2015-ci ildən şəhər ərazisində 40 mənzilli binanın tikilməsi üçün yer ayrılıb və müvafiq sənədlər aidiyyatı qurumlara göndərilib”.

P.S. Bəs görəsən son beş ildə Mingəçevir Şəhər İcra Hakimiyyəti mənzil tikintisi ilə bağlı “yuxarı”ya göndərdiyi sənədlərin aqibəti ilə heç maraqlanıbmı? Yoxsa,…???
//kanal32.az//

DİA.AZ-dan: Qeyd edək ki, həm sakinləri narazılıq edən binanın və həm də ümumiyyətlə Mingəçevirdə əksər köhnə binaların inşasında 1941-45-ci illər savaşının ardından SSRİ-yə əsir düşmüş alman əsirlərindəın istifadə olunub. Hələ də onların tikdiyi binalar ayaqdadırsa, bu o demək deyil ki, təmirinə və yaxud da ehtiyac varsa, plana salınmasına görə də almanlar qərar verməlidir...


Geri qayıt