Əsas Səhifə > Ölkə, Manşet > "Azəriqaz" vətəndaşa belə problem yaradır...

"Azəriqaz" vətəndaşa belə problem yaradır...


26-01-2021, 10:36
"Azəriqaz" vətəndaşa belə problem yaradır...
Xaçmaz rayon Susayqışlaq kənd sakini Nail Baratov iddia edir ki, qaz idarəsinin əməkdaşları ona 122 manat qazpulunun səhvliklə yazıldığını qəbul etsələr də, ondan bu məbləği ödəməsini tələb edirlər.
Bu barədə Yeniavaz.com-a danışan N. Baratov bildirib ki, hadisə ona məxsus qaz sayğacının “Azəriqaz” İstehsalat Birliyi tərəfindən dəyişdirilməsindən sonra baş verib:
"Ötən il dekabrın 21-dən sonra gəlib bizim qaz sayğacını dəyişdilər. Dəyişməzdən qabaq mənə bildiriş verdilər ki, sənin 35 manat borcun var, mən də onu ödədim. Və bildirişdə göstərilirdi ki, mənim limiti keçməyimə hələ 142 kubmetr var. 1-2 gün sonra gəlib sayğacı dəyişdilər. Yeni sayğac 0-dan başladı yazmağa. Bu yaxınlarda terminalda pul ödəmək istəyirdim, gördüm ki, mənə 122 manat borc yazıblar. Sonra gedib aidiyyatı idarədən öyrənmişəm ki, hələ bu, sadəcə dekabr ayının 31-ə kimi olan borcumdur. Yəni 10 gündən də az müddətə mənə 122 manat borc yazıblar. Getdim qaz idarəsinə, soruşdum ki, bu necə olub? Əvvəlcə dedilər ki, sən istifadə etmisən, borc yazılıb. Sonra isə dedilər ki, səhvlik olub. Və mənə bildirdilər ki, bu pulu sən ödəyəcəksən. Mən də dedim ki, axı bunun səhvlik olduğunu bilirsinizsə, pozun bu borcu. Mənə dedilər ki, artıq bu yazılıb, pozmaq olmur”.
N. Baratov bildirir ki, qaz idarəsində ona bu vəziyyətin 2-3 ay davam edəcəyini, yəni əlavə məbləğlərin yazılacağını bildiriblər.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etdik, məsələnin araşdırıldığını və məlumat veriləcəyini bildirdilər.



Geri qayıt