Əsas Səhifə > Ölkə, Manşet > "Məhkəmə həbsində olan evi satıb, əşyalarımı da talan ediblər"
"Məhkəmə həbsində olan evi satıb, əşyalarımı da talan ediblər"16-09-2020, 10:32 |
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə Regional Ədliyyə idarəsinin icra şöbəsinin əməkdaşlarının uzun illərə dayanan fəaliyyətsizliyi ucbatından Gəncə şəhər sakini Ələkbərova Kifayət İsbar qızının dalana dirənmiş hüquqları barədə dəfələrlə məlumat vermişik. Qüvvəsini almış qətnamə və qərardadların qeyri-işlək mexanizminə diqqət ayırmışdıq. Nəticədə adıçəkilən şikayətçiyə və qızı Vüsalə Ələkbərovaya verilməli olan 30 min manatlıq ev əşyalarının müəmmalı şəkildə “yoxa çıxdığı" iddiasını da oxucu diqqətinə çatdırmışdıq. "Demokratik.Az"-ın məlumatına görə, nəhayət ki, qalmaqallı iş üzrə yeni hallar üzə çıxıb. Daha doğrusu, zərərçəkmiş şikayətçi Kifayət Ələkbərovanın saytımıza növbəti açıqlamasına görə, Gəncə şəhəri, Bakı küçəsi 70 nömrəli evin uçurulmasına başlanılıb. Evin uçurulmasının səbəbi və proses isə maraqlıdır. Şikayətçinin dediyinə görə, 10 ildən artıqdır ki, qətnamə əsasında həmin evdə saxlanc olan və dəyəri 30 min manat kimi qiymətləndirilən 156 adda ev əşyalarını hələ də qaytarmayan mülkiyyətçi Saida Quliyeva sözügedən evi dolayı yollarla satıb. Məqsədi isə illər əvvəldən adından çıxardığı həmin evə icra tərəfindən həbs qərarının yayındırılması olub. Sənədlərdən də aydındır ki, adıçəkilən istəyinə nail də olub, o, məhkəmə icraçılarının və DƏDRX-nin 3 saylı Gəncə ərazi idarəsinin "başbilənləri"nin köməkliyilə məsuliyyətlərdən yayındırılıb. Şikayətçi Kifayət Ələkbərova növbəti şikayət məktubunda Ədliyyə naziri cənab Fikrət Məmmədovdan kömək istəyir, özbaşınalıqların olduğunu faktlarla diqqətə çatdırır: "2009-cu ildən başlanan özbaşınalıq, qanunsuzluq Gəncə 3 saylı Ərazi İdarəsində səngimək bilmir, rəhbərliyə müraciət etdikdə isə heç bir araşdırma aparılmır, yalnız göstərişlər verilir. 2009-cu ildən bu günə kimi DƏDRX-nin Gəncə 3 saylı Ərazi İdarəsində 6 dəfə dəyişdirilən rəhbərliklərin qəbulunda olmuşam. Məni qəbul edirlər, dərhal İdarənin hüquqşünasını çağırırlar: ”Bu işləri özün cizmisən, özün də poz” bildirirlər. Bakı şəhərindən gələn yoxlamanın qəbulunda olduqda, DƏDRX-nin Gəncə 3 saylı Ərazi İdarəsinin sabiq rəisi Nazim Məmmədova verdiyi sual bu olmuşdu: “Bu nədir? Bu qanunsuzluqları aradan qaldırın”. Lakin heç bir tədbir görülmədi, idarənin rəisi yenisi ilə əvəz olundu. Və törədilən cinayətin üstü nəinki açıldı, hətta davam belə etdi. Məhkəmə tərəfindən ləğv edilmiş çıxarışları qüvvədə saxlayır, mübahisəli mülkə dair qəti həbs qərarının olmasına məhəl qoymayaraq alqı-satqı proseslərini davam etdirirlər. "Ağsaqqal qadınsan nə istəyirsən bizdən, uduzmusan da" söyləyirlər. Vətəndaşla oyun oynayırmış kimi davranırlar. 2020-ci ildə DƏDRX-nin Gəncə 3 saylı Ərazi İdarəsinin rəis müavinin Abdulla Abdullayevin qəbulunda olduqda isə araşdırma aparılmasına göstəriş vermək əvəzinə “Pul verib mülkə dair həbs qərarı almısan”deməsi məni lap aşalamışdır. Mübahisə predmetinə çevrilən Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülk 1938-ci ildə qaynatam Ələkbərov Tahir Abdulla oğluna məxsus olub.1956-cı ildə qaynatam rəhmətə getmiş və mülk qaynanam Ələkbərova Şərəbanı Məmmədtağı qızının adına keçmişdir. 1970-ci ildə Ələkbərov Sabir Tahir oğlu ilə ailə qurmuşuq, övladlarımız, nəvələrimiz bu evdə anadan olmuşdur. Kiçik oğlum Ələkbərov Qabil Sabir oğlu bu evdən əsgəri xidmətə getmiş, Qarabağ müharibəsi veteranıdır. Övladlarımın üçü də Ali təhsil almışlar, ailə həyatı qurmuşlar. Haqsızlıqlara dözməyən həyat yoldaşım həyatını itirdi. 1965-ci ildən Bakı şəhərində yaşayan baldızım Quliyeva Sayidə Tahir qızı ata mülkündən pay almaq məqsədilə Gəncə Nizami rayon Məhkəməsinə müraciət etmiş Gəncə şəhəri Bakı küçəsi 70 saylı evə bütünlüklə sahib olmuşdu.Quliyeva Saidə Tahir qızı öz cinayətkar yoldaşları ilə nəinki ata-baba yurdumuz olan Gəncə şəhəri Bakı küçəsi ev 70-i məhv etmiş, hətta ailəmizə məxsus ümumi dəyəri 30 min manata kimi qiymətləndirilən 156 adda ev əşyalarımızı belə talan etmişdir.Gəncə şəhər İcra idarəsinin səhlənkarlığı ucbatından 156 adda ev əşyalarımızı cinayətkar Quliyeva Saidə Tahir qızından geri ala bilmirik. Məhkəmənin müvafiq qərarı ilə mənə və ailəmə məxsus 156 adda ev əşyaları (ümumi dəyəri 30 min manata kimi qiymətləndirilmişdir) hal-hazırda mübahisəli evdə saxlanıldığı göstərilir. Quliyeva Sayidə mənə məxsus 156 adda ev əşyalarının talan edildiyini söylədikdə, Gəncə şəhər İcra idarəsinin məmuru İlkin Qədimov Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkün Quliyeva Sayidənin adına olan hissəsinə həbs qoyulmasını Məhkəmədən istəmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən 12.02.2020-ci il tarixli 8(044)-24/2020 qərar verilmişdir. DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin tərəfindən törədilən cinayət bununla bitmir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkə dair 12.02.2020-ci il tarixli qəti həbs qərarının (№8(044)-24/2020) olmasına baxmayaraq, DƏDRX-nin Gəncə 3 saylı Ərazi İdarəsindən 09.07.2011-ci ildə Həsənova Qəribənin adına verilmiş, Məhkəmənin qərarı ilə ləğv olunmuş çıxarışa Forma 1 verilmiş, Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülk 5 saylı DNK-da bağlanılmış alqı-satqı müqaviləsinə əsasən Həsənova Qəribə Hümbət qızının Nağıyev İsrəfil Əli oğluna verilən etibarnaməsi ilə 27 iyul 2020-ci il tarixdə Məmmədova Sevda Hidayət qızına satılmış, 05 avqust 2020-ci ildə isə DƏDRX-nin Gəncə 3 saylı Ərazi İdarəsindən Məmmədova Sevda Hidayət qızına çıxarış verilmişdir. Məmmədova Sevda Hidayət qızı isə öz növbəsində dəfələrlə müraciət olunmuş 102 xidmətindən edilən zənglərə, polis tədqiqatçılarının, küçə üçlüyünün iradlarına məhəl qoymayaraq “yuxarılardan ona göstərilən tapşırıqlara” əsasən tələm-tələsik, dayanmadan tikinti işlərini davam etdirir. Küçə üçlüyünün hər iki tərəfin sənədlərini araşdırarkən mənə “Sən düz deyirsən, əlində həbs qərarı var, tikinti mütləq dayanmalıdır“, qarşı tərəfə “Sən də düz deyirsən, əlində sənədin, çıxarışın var” deməsi həm gülüncdür, həm də acınacaqlı. Gəncə Nizami rayon Məhkəməsinin qanunu qüvvəyə minmiş 18.08.2008-ci il tarixli (2-14/08-saylı) Qətnaməsində Gəncə şəhəri Bakı küçəsindəki 70 saylı evin Ələkbərova Şərəbanı Məmmədtağı qızının adına olan ¼ hissəsinə vəsiyyətnamə üzrə vərəsə kimi Quliyeva Sayidə Tahir qızının mülkiyyət hüququ tanınmış, Gəncə şəhəri Bakı küçəsindəki 70 saylı evə bütövlükdə Quliyeva Sayidə Tahir qızının adına DƏDRX-dən çıxarışın verilməsi DƏDRX-in Gəncə şəhər Ərazi İdarəsinə havalə edilmişdir Gəncə Nizami rayon Məhkəməsinin qanunu qüvvəyə minmiş 18.08.2008-ci il tarixli (2-14/08-saylı) Qətnamə tamamilə ləğv edilərək 03 iyul 2009-cu il tarixli (044)-970/09 saylı Qətnamə çıxarılmışdır: Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkün “B” literli hissəsinə Ələkbərova Şərəbanı Məmmədtağı qızının mülkiyyət hüququ tanınsın.Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkün “B” literli hissəsindəki tikililərə Ələkbərova Şərəbanı Məmmədtağı qızı (1996-cı ildə rəhmətə gedib) ilə Rəhimov Ələsgər Ələkbər oğlu (2000-ci ildə rəhmətə gedib) arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Rəhimov Sergey Ələsgər oğlu Rəhimov Ələsgər Ələkbər oğlunun vərəsəsi hesab edilsin və Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkün “B” literli hissəsinə Rəhimov Sergey Ələsgər oğlunun mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin verilməsi AR ƏM üzrə DK yanında DƏDRX-in Gəncə şəhər Ərazi İdarəsinə havalə edilsin. Xahiş edirəm diqqət yetirəsiniz, DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi Məhkəməyə “Gəncə Nizami rayon Məhkəməsinin 03 iyul 2009-cu il tarixli 8(044)-970/09 saylı qətnaməsindəki (ölülərlə alqı-satqı müqaviləsi) yanlışlıqların düzəldilməsinə dair ərizə” ilə müraciət edərək Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkün “A” və “B” hissələrə ayrılması üçün əlavə izah tələb etmişdir. Bu günkü gündə DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsində verilən çıxarışlar hər biri Gəncə Nizami rayon Məhkəməsinin 03 iyul 2009-cu il tarixli 8(044)-970/09 saylı qətnaməsinə istinad edilərək verilir. 2009-cu ildən başlayaraq Gəncə şəhəri Bakı küç ev 70-lə bağlı müxtəlif illərdə verilən 7 (yeddi) sayda çıxarışların: “2009-cu ildə Quliyeva Sayidəyə, 2009-cu ildə Rəhimov Sergeyə, 2010-cu ildə Quliyeva Sayidəyə, 2011-ci ildə Həsənova Qəribəyə, 2013-cü ildə Quliyeva Sayidəyə, 2014-cü ildə Rəhimova Nazpəriyə(Rəhimov Sergeyin həyat yoldaşı), 2020-ci ildə Məmmədova Sevdaya” verilən çıxarışların araşdırılmasını tələb etmişəm. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2013-cü il tarixli 2(104)-183/2013 saylı qətnaməsinə əsasən Gəncə Nizami rayon Məhkəməsinin 03 iyul 2009-cu il tarixli 8(044)-970/09 saylı qətnaməsi tamamilə ləğv edilmiş, Gəncə Nizami rayon Məhkəməsinin 18 avqust 2008-ci il tarixli (2-14/08-saylı) Qətnaməsinə əsasən Gəncə şəhəri Bakı küçəsi 70 saylı ev bütövlüklə Sayidə Quliyevanın adına qaytarılmışdır. DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsindən Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkün “B” literli hissəsinə Gəncə Nizami rayon Məhkəməsinin 03 iyul 2009-cu il tarixli 8(044)-970/09 saylı qətnaməsinə əsasən Rəhimov Sergey Ələsgər oğluna verilmiş çıxarış ləğv olunur. Gəncə şəhəri Bakı küçəsi ev 70 “A” literli hissəsinə Gəncə Nizami rayon Məhkəməsinin 03 iyul 2009-cu il tarixli 8(044)-970/09 saylı qətnaməsinə əsasən Həsənova Qəribə Hümbət qızına verilmiş çıxarış (Ali Məhkəmənin, Gəncə Apellyasiya Məhkəməsinin müvafiq ləğv qərarlarının olmasına baxmayaraq) bu günə kimi qüvvədə saxlanılır. Sizdən xahiş edirəm, ailəmə və mənə məxsus ümumi dəyəri 30 min manata kimi qiymətləndirilən 156 adda ev əşyalarımızın baldızım Quliyeva Sayidə Tahir qızından alınaraq mənə verilməsinə və DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsində Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkə dair sənədlərin qanunu şəkildə yoxlanılmasına göstəriş verəsiniz". //Demokratik.Az// Geri qayıt |