Əsas Səhifə > Ölkə, Manşet > "Mənzillər real dəyərindən xeyli baha qiymətə sənədləşdirilir"
"Mənzillər real dəyərindən xeyli baha qiymətə sənədləşdirilir"9-07-2020, 11:57 |
DİA.AZ: - Bakıda yaşayan evsiz Qarabağ əlilləri və şəhid ailələri Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə və 1-ci vitse-prezident, Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Cənab Prezident! Hörmətli 1-ci vitse-prezident! Dövlətimizin başçıları kimi Sizin Qarabağ əlilləri və şəhid ailələrinə daimi diqqət və qayğınız nəticəsində sözügedən təbəqənin sosial-məişət problemlərinin həlli yönündə mühüm işlər görülür. Sizin diqqətinizi Bakıda yaşayan əlil və şəhid ailələrinə qanunvericiliyin tələblərinə zidd olaraq Bakıdan kənarda mənzillər ayrılmasına yönəltmək istəyirik. Sosial, reabilitasiya proqramlarına uyğun olaraq əlillər bərpa- reabilitasiya mərkəzlərinin , tibb, təhsil müəssisələrinin , qohumlarının yaşayış yerlərinin yaxınlığında mənzillərlə təmin edilməlidir və əlillər yaşayış yerini, mərtəbəsini seçməkdə azaddırlar.Lakin mənzil təminatını həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ( ƏƏSMN ) müvafiq qurumları qanunvericiliyin tələblərinə əməl etmir, Bakıda yaşayan , işləyən əlillərə Bakıdan xeyli kənarda mənzillər almaqla dövlətin sosial-iqtisadi siyasətinə kölgə salırlar". Daha sonra dia-az.life-a daxil olan müraciətin mətnində bildirilir: "Bakının özündə yetərincə evlər olduğu halda, Abşeron rayonunun kəndlərində əlillərə mənzil alınması yalnız və yalnız alqı-satqı maxinasiyasından qaynaqlanır. Yəni mənzillər real dəyərindən xeyli baha qiymətə sənədləşdirilir. Mal-materialların qiyməti eyni olduğu halda, Bakıdakı evin qiyməti Abşerondakı evdən necə 2-3 dəfə baha başa gələ bilər? Əlillərin bərpa -reabilitasiya mərkəzi Bakının Binəqədi, Xətai rayonunda olduğu halda, bu mərkəzin yaxınlığında , “Ağşəhər” massivində yetərincə alıcısını gözləyən evlər olduğu halda, ƏƏSMN “dəllalları”nın Abşeron kəndlərində “mənzil bazarlığı” etmələri şəxsi ciblərini güdmələrindən qaynaqlanır. Əlillərin dövlət tərəfindən sosial-mənzil təminatına xidmət etmək vəzifəsi daşıyan məmurlar bu sahəni əsl alver, korrupsiya bazarına çeviriblər. Özbaşınalıq , nəzarətsizlik o həddədir ki, Bakıda 5-10 ilə əlil və şəhid ailələrinə tikilən evlər məmurlar tərəfindən zəbt olunur, şəhərsalma qaydalarına, tikinti normalarına zidd olaraq nə pandüs , nə kanalizasiya, nə həyətin özü olur , nə də digər infrastruktur təminatı həyata keçirilir! (?) 6 ay qabaq Nizami rayonu, Çobanzadə küçəsində tikilən evin qanunsuz, gizlin bölgüsü bir yana, binaya qaz xətti də çəkilməyib. Elə bu faktın özü də mənzillərin əsl sahiblərinin imkanlı “əlil və şəhid ailələri” olmasını sübut edir. Axı, əlilin o qədər gəliri yoxdur ki, elektriklə yemək bişirsin. Mənzil bölgüsündə kənd-şəhər ayrı-seçkiliyi də rüşvətə görədir. Bu isə yolverilməzdir və dövlətin və onu idarə edənlərin sosial-iqtisadi siyasətini gözdən salmaqdır. Rüşvətxorluq, korrupsiya o həddə çatıb ki, ƏƏSMN yanında DSMF-in adi bir şöbə müdiri (Vüqar Behbudov) dövlətin 1-ci vitse-prezidentinin tapşırığını belə saya salmır. Sizdən ƏƏSMN -in Bakıda yaşayan əlil və şəhid ailələrinə Bakıdan kənarda ucuz evlər alıb baha qiymətə sənədləşdirilməsinə son qoymağınızı və sosial, tibbi reabilitasiya proqramlarına uyğun olaraq Bakıdan mənzillər alınmasını təmin etməyinizi xahiş edirik". dia-az.life olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |