Əsas Səhifə > Ölkə, Manşet > Dükanı yanan sahibkarın evi də əldən gedir

Dükanı yanan sahibkarın evi də əldən gedir


4-11-2019, 10:01
Dükanı yanan sahibkarın evi də əldən gedir
Banklarla vətəndaşlar arasındakı problemlər bitib-tükənmək bilmir. Bank kreditlər təklif edir, vətəndaş pulunu götürür, amma ödəmə prosesində hər iki tərəfin narazılıqları çox halda məhkəmə ilə nöqtələnir.

AYNA-nın redaksiyasına üz tutan Sumqayıt sakini Rövşən Dadaşovun sözlərinə görə, Sumqayıtda yerləşən “Karvan” Ticarət Mərkəzi (2013-cü ilin oktyabrında) yanandan sonra, xeyli borca düşüb. Dəymiş zərərlə bağlı hər hansı kompensasiya olmadığından, bankdan pul götürmək məcburiyyətində qalıb.

“2014-cü ildə - yanğın hadisəsindən 7 ay sonra, evimi girov qoyub, “Nikoil Bank”dan 20 min pul götürdüm. Ödəniş şərtlərinə görə, 7 il ərzində ayda 533 manat olmaqla ödəmə etməliydim. İlk 9 ayda, təxminən 5000 manat ödədim, daha sonra gücüm çatmadı. Bank məni məhkəməyə verdi, şəxsi tanışım olan vəkilim işi öz üzərinə götürsə də, məni aldatdı. Heç mənim məsələmlə maraqlanmayıbmış. Banka olan 18441.20 manat borcun üzərinə faiz yığılıb və hazırda ümumi borcum 30 min manata çatıb”, - R.Dadaşov deyib.

İş o yerə çatıb ki, 3 ay bundan əvvəl sahibkarın ünvanına məhkəmə qərarı ilə bağlı məktub gəlib: “Qeyd olunurdu ki, bank borcumun qarşılığında evimi hərraca çıxarıb. Halbuki, vəkilim deyirdi ki, “arxayın ol, evin gedə bilməz”. Bir də ayıldım ki, ev hərraca gəlib. 3 ay əvvəl məktub gəldi ki, hərraca çıxarılıb”.

“Məhkəmə yolu ilə yenidən işimə baxılması mümkün deyil. Bankla da danışmışam, onlar mən dediyim şərtlə razı deyillər, məndən bir dəfəyə ilkin olaraq nəğd 10 min manat istəyirlər. İndi mənim bu məbləğə gücüm çatmır, bank imkan versə, hər ay 300 manat olmaqla borcumu ödəməyə hazıram. Coratda yerləşən həyət evimdə övladlarımın ailəsi ilə birlikdə, 3 ailə olaraq yaşayırıq. Bu ev hərracda satılsa, küçədə qalacağıq”, - Dadaşov bildirib.

“Nikoil Bank”ın PR və KSM şöbəsinin müdiri Nurlana Musayeva AYNA sorğusunu cavab olaraq bildirib ki, sözügedən müştəri ilə dəfələrlə telefon danışığı aparılıb: “Hətta 12.09.2019-da müraciət müəllifi ilə görüşülüb, qərarın icrası ilə bağlı bütün mümkün variantlar müzakirə olunub. Aylar üzrə bölgü aparılıb, hissə-hissə ödəniş etməsi isə, təminatlı kredit olduğundan bank üçün əlverişli deyil. Bankın razılığı ilə evi satıb borcu bağlamağı tövsiyyə olunub və razılaşdırılıb”.

“Bundan əlavə, məhkəmə qətnaməsinin icra üsulunun dəyişdirilməsi məhkəmənin səlahiyyətindədir. Əlavə olaraq bildirirəm ki, 28.10.2019-cu il tarixində sonuncu dəfə müştəri ilə danışılıb və o bildirib ki, evi sata bilmir. Alıcısı yoxdur”, - deyə bank rəsmisi vurğulayıb.

N.Musayeva əlavə edib ki, artıq məsələ ilə bağlı, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Əli Hacıyev tərəfindən icraata başlanmasına dair qərar qəbul edilib.

Geri qayıt