Əsas Səhifə > Ölkə, Manşet > Səfər Mehdiyevin gömrükxanasında KÖHNƏ XANA...

Səfər Mehdiyevin gömrükxanasında KÖHNƏ XANA...


14-08-2018, 11:11
Səfər Mehdiyevin gömrükxanasında KÖHNƏ XANA...
Qaçaqmalıçılıq yolu ilə ölkəyə gətirilən və gömrük məntəqələrində müsadirə olunan çoxsaylı və müxtəlif təyinatlı mallar gömrükçülərin “mülkiyyətinə” çevrilir

Ötən yazılarımızda Dövlət Gömrük Komitəsində sədr dəyişikliyinin hələ ki, müsbətə doğru irəliləyişlərlə nəticələnmədiyini yazmış, hərraclar və dövlət satınalmaları sahəsində ciddi qüsurların olması barədə araşdırmalarımızın sonuclarını təqdim etmişdik. Lakin bütün bunlara baxmayaraq, medianı saya salmayan Komitə rəhbərliyi vəziyyəti düzəltmək fikrində deyil. Yenə də qurumun veb saytında və KİV-də gömrük keçid məntəqələrində müsadirə edilmiş qaçaq mallar barədə ümumi xarakterli məlumatlara və səssiz videomateriallara rast gəlinir. Və ən əsası bu materiallarda malların kimdən, hansı vətəndaşdan nə qədər müsadirə olunması barədə informasiyaya rast gəlmək mümkün deyil.

Maraqlldır, ölkəyə qanunsuz yolla mal gətirmək istəyən qaçaqmalçının adı niyə gizli saxlanılsın ki? Axı qaçaqmalçılıq cinayət məsuliyyəti yaradır və belə situasiyalarda təqsirləndirilən şəxsin adının gizlin saxlanılması istintaq sirri sayılmır. O zaman belə qənaətə gəlmək olar ki, malı müsadirə olunmuş qaçaqmalçıların adlarının gizlin saxlanılması və ictimaiyyətə açıqlanmaması Gömrük Komitəsi rəhbərliyinin özünün işinə yarayır.

Çünkiqaçaqmalçının ad və soy adı çəkilsə, o zaman müsadirə olunmuş malların, xüsusən də “qara bazarda” satılan xarici markalı siqaretlərin, alkoqollu içkilərin, telefonların, xüsusən də qızıl- zinyət əşyalarının sayı gərək dəqiq göstərilməlidir. Məsələn, bir vətəndaşdan 500 qutu siqaret, yaxur 10 karat brilliyant tutulubsa, həmin adamın adı çəkildiyi zaman müsadirə olunan malın də miqdarı dəqiq təqdim olunmalıdır. Əks təqdirdə, adam çıxıb deyər ki, məndən mətbuata verdiyiniz kimi 200 yox, 500 qutu siqaret alınıb. Ya da əksinə. Bu halda təbii ki, gömrük komitəsinin məmurları tərəfindən müsadirə edilmiş malların müəyyən hissəsini mənimsəməsi mümkün olmaz və gömrükçülər qaçaqmallardan müsadirə olunan malların tam həcmini hərraca çıxarmaq məcburiyyətində qalmış olarlar.

Yeri gəlmişkən, əldə etdiyimiz məlumatlara görə DGK-nın yüksək çinli məmurlarının əksəriyyəti xarici markalı, aksizsiz bahalı siqaretlər çəkir, alkoqollu içkilərdən istifadə edirlər. Bu da təbii olaraq qaçaqmalçılardan müsadirə olunan malların gömrük məmurları tərəfindən mənimsənilməsi şübhələrini artırır. Aldığımız məlumatlara görə gömrük məntəqələrində müsadirə olunan çox saylı başqa təyinatlı mallar da gömrükçülərin “mülkiyyətinə” çevrilir. Onu da qeyd edək ki, “qara bazar”larda çox açıq şəkildə satılan yerli aksizsiz siqaretlərin, alkoqollu içkilərin mənbəyi barədə suallara Dövlət Gömrük Komitəsi hələ bu günə kimi aydınlıq gətirməyib. Necə olur ki, bu qədər siqaret və içki gömrük nəzarətindən yayınaraq ölkəyə daxil olur və ticarət obyektlərində, xüsusən də köşklərdə açıq satılır?

Gömrük keçid məntəqələrindən söz düşmüşkən, hazırda Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə yeni təyin olunmuş Kənan Məmmədovun da hazırda Tovuzda və Xaçmazdakı əməllərini Bakıda da davam etdirməsi barədə ciddi şikayətlər gəlməkdədir. Xaricdən ölkəmizə mal gətirən sahibkarlar mallarının uzun müddət terminallarda əsassız yerə saxlanıldığını və buna görə də cərimələndiklərini bildirirlər. (Bakı Şəhər Baş Gömrük İdarəsinin yeni rəisinin fəaliyyəti ilə bağlı ayrıca yazıda məlumat verəcəyik).

Əldə etdiyimiz məlumata görə bu yaxınlarda Türkiyədən mal gətirmiş şəxslərin malları yoxlama üçün laboratoriyalara göndərilib. Mallar terminalda 20 gündən artıq saxlanılıb. Mal sahiblərinə də gömrük məmurları bildiriblər ki, laboratoriyadan hələ cavab gəlməyib və gözləməlisiniz. Mallar götürüldükdən sonra sahibkarlara bəlli olub ki, sən demə, laboratoriyadan analizlərin cavabları çoxdan gəlibmiş. Gömrük məmurları isə ya səhlənkarlıqdan, ya da bilərəkdən bu barədə sahibkara məlumat verməyiblər. Nəticədə sahibkarlar terminallarda malların saxlanmasının hər gününə görə külli miqdarda vəsait ödəməli olublar.

Son günlər isə KİV-lərdə və sosial şəbəkələrdə gömrük məntəqələrində baş verən qanunsuzluqları və biabırçı vəziyyəti əks etdirən çox saylı video sujetlər yayımlanmaqdaır. Aşağıda təqdim etdiyimiz həmin videsujetlərdə də Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinə sədr təyin olunduqdan sonra gömrük məntəqələrində vəziyyətin daha da ağırlaşmasının bariz nümunəsidir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
\\pia.az\\
Geri qayıt