Əsas Səhifə > Ölkə, Manşet > İcra başçılarına qarşı cəza mexanizmi işə salınır

İcra başçılarına qarşı cəza mexanizmi işə salınır


6-08-2018, 09:49
İcra başçılarına qarşı cəza mexanizmi işə salınır
Prezident İlham Əliyevin qanunsuz tikintilərə qarşı son aylar başladığı yeni mübarizə bir çox rayonların icra başçılarını qorxuya salıb. “Reytinq”ə verilən məlumata görə, ölkənin bir çox rayonlarında belə hallara daha çox rast gəlinir. Paytaxtla yanaşı, bir çox əyalət rayonlarında da belə özbaşınalıqlar var. Bu, bir neçə gün əvvəl Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumatdan da aydın görünür.

Əldə etdiyimiz məlumatda qeyd olunur ki, yaxın müddətdə qanunsuz tikintilərə yol verən icra başçılarına qarşı ən sərt tədbirlər görüləcək: “Ölkə başçısı şəhərdəki qanunsuz və plansız tikintilərlə bağlı avqustun 1-də fərman verib. Bununla da Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə daxil edilib.

Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək. Əlbəttə, bu, rayon icra başçılarını ən gəlirli sahədən məhrum etməklə yanaşı, onların indiyədək yol verdikləri qanunsuzluqların da üstünün asanlıqla açılmasına səbəb olacaqdır. Son 3 ay ərzində adıçəkilən komitə Bakıda hətta çoxsaylı yüksəkmərtəbəli binaların tikintisini dayandırıb. Bu isə sahibkarlardan həmin tikintilərə görə rüşvət almış icra başçılarını gərgin vəziyyətlə üzləşdirib. Bundan başqa, yaşıllıq əraziləri, hətta parkları satan icra başçılarını da çox ağır günlər gözləyir”.

Bütün bunlarla yanaşı, müxtəlif maliyyə fırıldaqlarına əl ataraq büdcə vəsaitlərini mənimsəyən icra başçıları da cəzasız qalmayacaq.

Yəqin ki, bu günlərdə Hesablama Palatasının Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri haqqında hesabatı ilə tanış oldunuz. Oradan da görünür ki, icra başçılarının əksəriyyəti bəzi hallarda layihə-smeta sənədləri hazırlanmadan, satın alınacaq malların ehtimal olunan qiyməti müəyyən edilmədən satınalma müqavilələri bağlayır, həmin pulları satınalma keçirilmədən mənimsəyirlər.

İcra başçıları, məhəllədaxili yolların və çoxmənzilli binaların təmiri, abadlıq-quruculuq işləri, həmçinin İcra Hakimiyyəti Başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən mənzil fondunun əsaslı təmiri və abadlıq işlərinin, şəhərin işıqlandırılması, yolların əsaslı təmiri, küçə, park və səkilərin süpürülməsi, təmizlənilməsi və digər abadlıq işlərinin aparılması üçün istifadə olunan vəsaitlərin də böyük hissəsini təyinatından yayındırırlar. Əlbəttə, bütün bunlar rayon rəhbərlərinin başları üzərini almış təhlükədən xəbər verir və istənilən an bu sahələri yoxlamaqla onların əksəriyyətini məşhər ayağına çəkmək olar.

Onu da qeyd edək ki, hazırda bir çox rayonların “kiçik padşah”ları məzuniyyətə çıxıblar. Onlar məzuniyyətdən döndükdən sonra tamam fərqli mənzərə ilə qarşılaşacaqlar: Ya könüllü olaraq məmur postundan çəkilib biznesləri ilə məşğul olacaqlar, ya da yol verdikləri qanunsuzluqların hesabını ödəyəcəklər.

Geri qayıt