Əsas Səhifə > Ölkə, Manşet > “Məni və övladlarımı öldürməklə təhdid etdilər”
“Məni və övladlarımı öldürməklə təhdid etdilər”16-04-2018, 11:03 |
Milli Məclisin 99 saylı Şəmkir kənd seçki dairəsinin deputatı Sona Əliyevanın anası onun haqqında mətbuata bəzi açıqlamalar verib. Bildirib ki, qızı onlarla əmlak davası aparır və iş məhkəməyə qədər gedib çıxıb. Deputat Sona Əliyeva nəhayət sükutu pozaraq, Modern.az-a açıqlamasında deyilənlərə münasibət bildirib. “Haqqımda ailəmlə bağlı problemlərin olduğu haqda elektron mediada ikinci dəfə çıxan xəbərləri çox üzüntü və təssüf hissi ilə qarşıladım. Keçən dəfə ailə üzvlərimin mediaya verdiyi açiqlamalarda şər və böhtana məruz qalmağıma baxmayaraq, susmağı, pis və ya yaxşı o ailənin bir parçası olduğumu qəbul edərək, ailəmi mediada müzakirə mövzusuna çevirməməyi qərara aldım. Ailə dəyərlərinə və atamın ruhuna hörmətlə yanaşaraq, susmağın artıq məni uçuruma apardığını, sağlamlığımı, karyeramı və ailə münasibətlərimi riskə atdığını görərək, sükutumu pozmaq məcburiyyətində qaldım. Bu gün mən sadəcə son günlərinə qədər atamın qulluğunda durmağımın, böyük qardaşımın da təsisçi olmağına baxmayaraq, təsisçilərdən biri kimi, müəssisənin bütün hüququi məsələlərini həll etməyimin “günahını” yaşayıram. Atamın verdiyi qərarın ailə üzvlərimin xoşuna gəlməyəcəyini bilsəm də, onun son arzusuna yox deyə bilmədim… Bildirmək istəyirəm ki, atamın vəfatından sonra ailə üzvlərimiz arasında mirasla bağlı gərginlik yaşanıb, atamın vəsiyyəti və göstərişi ilə özünün müəssisəyə təyin etdiyi hüquqşünas tərəfindən mülkiyyətin üç övlad arasında ədalətli şəkildə bölünməsi ilə bağlı aparılan işlər dayandırılıb. Atamın arzusunun yerinə gətirilməsini istədiyimi dəfələrlə dilə gətirməyimə baxmayaraq, daha sonra ailə üzvlərim mərhum atamdan miras qalan əmlakdan və mülkiyyətdən imtina etməyəcəyim təqdirdə məni və övladlarımı öldürməklə hədələdi, həyat yoldaşım və digər ailə üzvlərimi təhqir edərək, ölkə mediasında biabır olunacağım haqqında təhdid və şantajlar səsləndirdi. Son olaraq fevral ayının 7-də qardaşlarımın işbirliyi ilə ölkə mediasında haqqımda yalan və böhtan yazılar dərc olundu, məni şantaj edərək psixoloji təyziq altında ata mirasından notarial qaydada imtina etməyə məcbur etdilər. Məsələnin böyüməməsi və ailə məsələlərimizin medianın müzakirə mövzusuna çevrilməməsi üçün mərhum atamdan qalan əmlakdan və müəssisədə olan 50% təsisçi payından imtina etdim, atam tərəfindən mənə bağışlanan “Mercedes” markalı maşını onların təkidi ilə əmim oğlunun adına rəsmiləşdirdim. Buna baxmayaraq, qardaşlarım mənə dərs verdiklərini qeyd edərək, xəbəri media orqanlarından götürməyəcəklərini bildirib və beləcə üzücü hadisələr xəbər olaraq saytların manşetinə çevrilib”. Xanım deputat çətin də olsa, həqiqətləri gizlətməyəcəyini bildirib. “Bu gün də eyni qaydada iqtidar partiyasının və Milli Məclisin üzvü olaraq haqqımda yayılan xəbərlərin təmsil etdiyim qurumların adına və şəxsiyyətimə xələl gətirməməsi baxımından mənim üçün nə qədər çətin olsa da, həqiqətləri söyləmək məcburiyyətində qaldım. Burdan bəzi media orqanlarına isə xaiş etmək istəyirəm: bir məsələni araşdırmamış, həqiqətləri anlamamış insanların ləyaqət və şərəfinə toxunmayın! Mən ictimai xadim olmaqdan əlavə bir insanam, bir qadınam, bir anayam! Mənim 17 və 16 yaşlarında qızlarım və yeniyetmə oğlum var. Siz, bir də bu talehsiz hadisələrə bizim tərəfimizdən, mənim, ailəmin, övladlarımın keçirdiyi ağır psixoloji travma baxımından baxın! Anlamağa çalışın, ədalətli olmağa çalışın, xəbər xatirinə insanların həyatını, karyerasını heçə saymayın, kimlərinsə əlində alətə çevrilməyin. Vicdanınıza və həqiqətə arxa olun! Bu gün artıq bütün olan üzücü hadisələrin media orqanlarında yerli-yersiz müzakirə obyektinə çevrilməyindənsə, hüquq-mühafizə orqanları tərəfindən araşdırlmasını, məsələyə hüquqi qiymət verilməsini arzu edərdim, çünki kifayət qədər səbr və susqunluq göstərməyimə baxmayaraq başqa çarəm qalmır… İyirmi birinci əsrdə yaşadığımız halda qadın olduğum üçün qardaşlarım da olsa, kişilər tərəfindən təyziq və təhdidlərə məruz qaldığıım bu cəmiyyətdə medianın başıma gələnləri üzvü olduğum partiyanın və qurumun imicini korlamaq üçün alətə çevirməyinə də ayrıca təssüflənirəm. Sonda demək istəyirəm ki, əgər mən Milli Məclisin üzvü olaraq cəmiyyətdə qardaşlarım kişi olduğundan onlar tərəfindən bu qədər təzyiq, hədə və böhtanlara məruz qalıramsa, təhsilsiz, sadə qadınlar nələr yaşayır, təsəvvür belə etmək istəmirəm. Belə bir talehsizlik yaşamağımdan dolayı, başda özüm olmaqla Azərbaycan qadınlarının miras və bu kimi digər hüquqlarını qoruyacağımı və daim yanlarında olacağımı bildirməklə, bu kimi problemlər yaşayan qadınlarımızın mənə müraciət etmələrini istəyirəm”. Geri qayıt |